Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:45

Ermənistanda ordu rəhbərliyində dəyişiklik


General Kamo Koçunts (solda) müdafiə naziri Suren Papikyanı salamlayır.
General Kamo Koçunts (solda) müdafiə naziri Suren Papikyanı salamlayır.

Ermənistanın baş naziri Nikol Paşinyan ordunun baş qərargahı rəisinin birinci müavini general-leytenant Kamo Koçuntsu vəzifədən kənarlaşdırıb, ordu rəhbərliyinə doqquz yüksək rütbəli zabiti təyin edib.

Koçuntsu vəzifədə polkovnik Artur Yeroyan əvəzləyib. 46 yaşlı Yeroyan indiyədək Ermənistan hərbi akademiyasına rəhbərlik edirdi.

Fevralın 14-də baş qərargah rəisinin daha iki müavini təyin olunub.

Təyinatlara rəsmi izahat verilməyib. Hökumətyönlü deputat, istefada olan ordu generalı Qaqik Melkonyan deyib ki, təyinatlar hökumətin elan etdiyi müdafiə islahatlarının tərkib hissəsidir.

"Baş qərargahda əlavə dəyişikliklər də olacaq. Aydındır ki, yeni hərbi texnika alırıq və əvvəlki idarəçilik üsulunu dəyişirik", - o, AzadlıqRadiosunun erməni xidmətinə deyib.

Melkonyan Koçuntsun vəzifədən kənarlaşdırılması ilə Azərbaycanla dörd erməni əsgərinin həlak olduğu sərhəd toqquşması arasında əlaqə olmadığını deyib. O, birinci Ermənistan-Azərbaycan müharibəsi veteranı 61 yaşlı Koçuntsun yaşına görə çıxarıldığını söyləyib. Koçunts vaxtilə Əfqanıstanda sovet ordusunun tərkibində vuruşub.

Edvard Asryan
Edvard Asryan

Baş qərargah rəisi də vəzifəsini itirə bilər

Yerevanda çıxan "Hraparak" qəzeti bu ayın əvvəlində Koçuntsun vəzifədən kənarlaşdırılacağını yazmışdı. Qəzet fevralın 14-də iddia edib ki, baş qərargah rəisi general-leytenant Edvard Asryan da tezliklə vəzifəsini itirə bilər.

Asryanın sələfi Artak Davtyan və daha altı general 2022-ci ilin fevralında işdən çıxarılıblar. Onlar Paşinyan hökumətini səriştəsizlikdə, yanlış idarəçilikdə günahlandıraraq istefasını tələb etmişdilər. Asryan da bəyanata imza atmışdı. Ermənistan müxalifəti bəyanatı alqışlamış, Paşinyan isə çevriliş cəhdi adlandırmışdı.

Ermənistan 2020-ci il müharibəsində Azərbaycana məğlub olandan sonra Paşinyan orduda böyük islahat vəd edib. O vaxtdan üç müdafiə nazirini vəzifədən çıxarıb. İndiki nazir Suren Papikyan Paşinyanın "Mülki müqavilə" partiyasının aparıcı üzvüdür.

Müxalifət qrupları Paşinyanı altı həftəlik müharibənin nəticəsinə görə ittiham edirlər. Müharibədə azı 3 min 800 erməni hərbçisi həlak olub. Tənqidçilər Paşinyan administrasiyasının silahlı qüvvələrin yenidən qurulmasından ötrü az iş gördüyünü deyirlər.

Azərbaycan 2020-ci il müharibəsi və 2023-cü ildə birgünlük hərbi əməliyyatla Qarabağa nəzarəti bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya edilməyib.

XS
SM
MD
LG