Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:28

'Rusiya hərbçilərinin qalması səbəbindən sərhəddə daim toqquşmalar ola bilər'


Qarabağda Rusiya hərbi kontingenti
Qarabağda Rusiya hərbi kontingenti

Moskva və Bakı Rusiya sülhməramlı kontingentinin məsələsi ilə bağlı danışıqların növbəti raundunun tarixlərini razılaşdırırlar. Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov deyib. Onun sözlərinə görə, sülhməramlıların Qarabağda olması çox vacibdir.

"Prezidentlərin mövqeləri o məsələdə üst-üstə düşür"

Bu il yanvarın sonunda da Rusiyanın xarici işlər naziri Sergey Lavrov demişdi ki, "Moskva və Bakı hazırkı mərhələdə Rusiya sülhməramlılarının Dağlıq Qarabağda olmasının pozitiv rol oynadığı ilə razıdırlar".

Onun sözlərinə görə, iki ölkə prezidentləri bu mövzunu müzakirə ediblər: "Prezidentlərin mövqeləri o məsələdə üst-üstə düşür. İndiki mərhələdə Rusiya sülhməramlılarının orada olması regionda sabitliyin, etimadın qorunmasında və Qarabağa qayıtmaq istəyən sakinlərin dönüşünə kömək edilməsində pozitiv rol oynayır".

Rusiya sülhməramlılarının Qarabağda qalmaq müddəti 2025-ci ildə başa çatır. Onun müddəti yalnız tərəflərin razılığı ilə uzadıla bilər.

Səfirin açıqlamasına XİN-dən şərh

Səfirin fikirlərinə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) münasibət bildirilib. Nazirliyin açıqlamasına görə, Azərbaycan tərəfindən ötən il bölgədə həyata keçirilən "antiterror" tədbirlərindən sonra sülhməramlı kontingentin gündəlik fəaliyyəti ilə bağlı görüşlər keçirilməsi ehtiyacı yaranıb.

"Bununla yanaşı, ...ərazidə partlamamış hərbi sursat problemi nəzərə alınaraq, bu təhdidlərin aradan qaldırılması istiqamətində birgə səylərin həyata keçirilməsi üzrə məsləhətləşmələr aparılması zərurəti mövcuddur", - XİN sözçüsü Ayxan Hacızadə deyib.

A.Abbas
A.Abbas

"Hər şey danışıqlardan asılıdır"

Milli Məclisin üzvü Aqil Abbas "Turan"a deyib ki, artıq bölgədə erməni əhalisi yoxdur ki, onların təhlükəsizliyini təmin etsinlər: "Ona görə də, yəqin ki, müqavilənin (9 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanat) müddəti başa çatandan sonra çıxıb gedəcəklər".

Bununla belə, deputatın fikrincə, hər şey Azərbaycan və Rusiya hökumətləri arasında danışıqlardan asılıdır: "Sülhməramlılar çıxarılacaqsa, müəyyən təxribatlar törətmək istəyərlər. Amma digər tərəfdən, buna da inanmıram, çünki Azərbaycan öz mövqeyini hər yerdə bildirib. Rusiya ilə müttəfiqlik bəyannaməmiz də var. Belə olan halda niyə bizimlə düşmənçilik etsinlər?".

Ə.Oruclu
Ə.Oruclu

"Rusiya hərbçilərinin Qarabağda qalacağı istisna deyil"

Siyasi şərhçi Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, Moskva ilə Bakı arasında müzakirələrin təşəbbüskarı Rusiyadır: "Rusiya "sülhməramlılar" adı altında hərbi kontingentinin Qarabağda qalmasında maraqlıdır və işini çox məharətli qurub. Moskva Rusiyanın Azərbaycanla yaxınlaşması nəticəsində Azərbaycanın faktiki olaraq dünyada təklənməsindən istifadə edir. Belə olan halda Rusiya hərbçilərinin Qarabağda qalacağı istisna deyil".

Ekspert Azərbaycanın Rusiyadan ehtiyatlandığını vurğulayır: "Məhz o ehtiyatlığın nəticəsidir ki, Azərbaycan Rusiya ilə dərin əməkdaşlığa getdi və, demək olar ki, bütün alternativ xarici siyasət imkanlarını məhdudlaşdırdı. Yaranmış vəziyyətdə Rusiyanın təzyiqi getdikcə artacaq. Azərbaycan da çalışır ki, daxili siyasi sabitliyini qorumaq üçün qısa zamanda, sülhməramlıların çıxarılma müddəti çatana kimi seçkiləri keçirsin".

Onun fikrincə, Bakı Rusiya sülhməramlılarının getməsini tələb edərsə, Rusiya ölkənin daxili siyasi vəziyyətini gərginləşdirməkdən tutmuş, Azərbaycan-Ermənistan sərhədində münaqişə yaratmağa qədər addımlar ata bilər: "Bunun üçün Rusiyanın yetərincə resursları var. Rusiya hərbçilərinin Azərbaycanda qalması səbəbindən Azərbaycan-Ermənistan sərhədində daim toqquşmalar ola bilər. Bu vəziyyəti də faktiki olaraq Rusiya yaradıb".

Rusiya sülhməramlıları Qarabağdan nə vaxt çıxacaq?
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona və Qarabağın bir hissəsinə nəzarətini bərpa edib. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma (10 noyabr) ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Hələlik, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayıb. Danışıqlar həm Rusiyanın, həm də Avropa İttifaqının ayrılıqda vasitəçiliyi ilə aparılır.

XS
SM
MD
LG