Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:39

Rusiyada AzadlıqRadiosu müxbirinin həbsi aprelin 5-dək uzadılıb


Alsu Kurmaşeva Kazan məhkəməsində (Arxiv fotosu)
Alsu Kurmaşeva Kazan məhkəməsində (Arxiv fotosu)

Rusiyanın Kazan şəhərində məhkəmə AzadlıqRadiosu Tatar-Başqırd xidmətinin jurnalisti Alsu Kurmaşevanın həbsini daha iki ay müddətinə, aprelin 5-dək uzadıb.

O ötən il oktyabrın 18-dən bəri həbsdədir.

Fevralın 1-də Kazanın Sovetski rayon məhkəməsinin dinləməsi qapalı keçirilib. Media təmsilçiləri məhkəmə zalına yalnız hökm oxunanda buraxılıblar.

Məhkəmə dinləməsində habelə Avstriya, Çex Respublikası və Niderland səfirliklərinin nümayəndələri iştirak ediblər.

Kurmaşevanın vəkili onun barəsində həbs qətimkan tədbirinin ev məhbusluğu ilə əvəzlənməsinə dair vəsatət qaldırsa da, məhkəmə vəsatəti rədd edib.

Daimi olaraq Çexiyanın Praqa şəhərində yaşayan Alsu Kurmaşeva ikili ABŞ-Rusiya vətəndaşlığına malikdir.

O “xarici agent” adlı qanunu pozduğuna görə oktyabrın 18-dən Rusiyada həbsdədir.

AzadlıqRadiosu rəhbərindən sərt bəyanat

AzadlıqRadiosunun prezident əvəzi Stiven Kapusun (Stephen Capus) bu barədə bəyanatında deyilir:

"Rusiya hakimiyyəti qanunsuz saxlanmış Alsu Kurmaşevaya qarşı hiddət doğuran cinayətkar kampaniya aparır. Yalnız Amerika jurnalisti olduğuna görə qanunsuz məhbus edilmiş və ədalətsiz rəftara məruz qalmış Alsunun həbs müddəti yenidən uzadılıb”.

AzadlıqRadiosu yazır ki, bütün çağırış və təzyiqlərə baxmayaraq ABŞ Dövlət Departamenti hələ ki Alsu Kurmaşevanı Rusiyada həbsdə olan başqa amerikalılar kimi “qanunsuz saxlanmış şəxs” qismində tanımayıb.

Kurmaşevaya belə bir statusun verilməsi ABŞ hökuməti üzərinə onun azadlığa buraxılması üçün əlavə öhdəlik qoyardı. Rusiyada saxlanmış başqa amerikalılar - Wall Street Journal qəzetinin müxbiri Evan Gerşkoviç və keçmiş ABŞ dəniz piyadası Pol Uilanın belə bir statusu var.

Kapusun bəyanatında bu barədə deyilir:

"Birləşmiş Ştatların Dövlət Departamenti Wall Street Journal qəzetinin müxbiri, ədalətsiz həbsindən dərhal sonra belə bir status almış Evan Gerşkoviç kimi Alsunu da qanunsuz saxlanmış şəxs kimi tanımalıdır. Alsunun taleyi üçün bütün məsuliyyəti Rusiya daşıyır. Alsu dərhal azad edilməli və sevimli ailəsinə qovuşmalıdır”.

AzadlıqRadiosunun prezidenti bəyanatında jurnalisti dəstəkləyənlərə təşəkkürünü bildirib:

"Dünyanın jurnalist, insan haqları təşkilatları və diplomatik icmaları bugün Alsunu dəstəkləyirlər. AzadlıqRadiosu bugünkü dinləməyə nümayəndələrini göndərmiş Aİ hökumətlərinə təşəkkürünü bildirir”.

“Xarici agent” ittihamı

AzadlıqRadiosunda 25 ildir ki, çalışan Kurmaşeva ötən il mayın ortalarında doğmalarından birinə görə təcili olaraq Çexiya paytaxtından Tatarıstana gəlmişdi.

Onu iyunun 2-də Kazan aeroportunda uçuşu gözləyərkən müvəqqəti saxlayaraq ABŞ və Rusiya pasportlarını müsadirə ediblər, o vaxtdan Rusiyadan çıxa bilməyib.

Bir neçə gündən sonra jurnalistə qarşı “ikinci vətəndaşlığını bəyan etməmək” ittihamı ilə cinayət işi açılmışdı.

O vaxt Alsudan Rusiyanı tərk etməməsinə dair yazılı iltizam almışdılar.

Bu işin istintaqı aylarla uzanmış və nəhayət Kazan məhkəməsi onu təqsirli bilmiş və 10 min rubl (100 dollar) cərimə etmişdi.

Bu hökmün çıxarılmasından bir həftə sonra, oktyabrın 18-də jurnalisti yenidən saxlamışdılar.

Rusiyanın İstintaq Komitəsi oktyabrın 26-da Alsu Kurmaşevaya qarşı rəsmi ittiham irəli sürmüşdü.

Jurnalist xarici agent kimi qeydiyyatdan keçmək vəzifəsini yerinə yetirməməkdə ittiham edilirdi.

İttiham üstünə ittiham

Kurmaşeva Rusiya Cinayət Məcəlləsinin 330.1 maddəsinin üçüncü bəndini pozmaqda ittiham edilirdi.

Bu maddədə Rusiyada hərbi, hərbi-texniki sahələrdə məqsədyönlü şəkildə informasiya toplayan şəxslərin xarici agent kimi qeydiyyatdan keçməli olduğu qeyd edilir.

Maddəyə görə belə informasiya xarici mənbələr tərəfindən istifadə olunduqda Rusiyanın təhlükəsizliyi üçün hədə yarada bilər.

İstintaq hesab edir ki, jurnalist adının xarici agent reyestrinə daxil edilməsi üçün özü müvafiq sənədləri orqanlara təqdim etməyə borclu idi.

Rusiya Ədliyyə Nazirliyi Kurmaşevanın adını reyestrə daxil etməmişdi. Bu, Rusiyada bu maddə ilə qaldırılmış ilk cinayət işidir.

Bundan ayyarım sonra Kurmaşevaya qarşı daha bir cinayət işi qaldırılıb.

O “siyasi nifrət motivi ilə Rusiya ordusu barədə saxta məlumatlar yaymaqda” ittiham olunur.

Buna səbəb AzadlıqRadiosunun Idel.Реалии redaksiyasının buraxdığı “Müharibəyə yox. Ukraynaya müdaxilə əleyhinə çıxış edən 40 rusiyalının hekayəti” kitabıdır.

Bu ittihamla Kurmaşeva 10 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Jurnalist özünü təqsirli bilmir.

XS
SM
MD
LG