Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:23

Kreml Nadejdini seçkiyə buraxacaqmı


Boris Nadejdin
Boris Nadejdin

Rusiyada keçmiş deputat Boris Nadejdinin mart seçkisində prezident Vladimir Putinə meydan oxumaq cəhdi qeyri-adi populyarlıq qazanıb. Adamlar onun namizədliyini dəstəkləmək üçün uzun-uzadı növbələrə dayanıblar. Ancaq o, seçkiyə buraxılacaqmı? AzadlıqRadiosunun müxbiri Robert Koulson Kremlin belə bir dilemma ilə üzləşdiyini yazır.

Müxbir Rusiyanın belə növbələri keçmiş Sovet İttifaqı vaxtı vacib ərzaq məhsulları üçün yarandığını yada salır.

"Dəyişiklik gözləntisi, dəyişiklik tələbi var. Adamlar buraya ona görə gəliblər", - Sankt-Peterburqda Nadejdinə imzasını vermək üçün növbədə dayanmış ortayaşlı bir kişi deyib.

Rusiyada prezident seçkisi martın 15-17-də keçiriləcək.

Nadejdin Ukraynadakı müharibəni tənqid edir

60 yaşlı Nadejdinin namizədliyi kiçik Vətəndaş Təşəbbüsü Partiyasından verilib. Təhlilçilərin fikrincə, Kreml seçkini çox ehtiyatla kurasiya edir. Təkcə Putinin daha beş il müddətinə hakimiyyətdə qalmasını təmin etmək üçün deyil, həm də onun və siyasətinin arxasında milli birliyin durduğunu inandırıcı bir şou kimi təqdim etməkdən ötrü.

Kreml mediaya, hüquq-mühafizə sisteminə sərt nəzarət edir deyə, Putinin qalib gələcəyi mütləqdir. Di gəl, Nadejdinə qəfil dəstək Kremlin Putinin legitimliyini gücləndirməyi hədəfləyən aqressiv ambisiyasına çətinlik yaradır.

Nadejdinin platformasında deyilir ki, Ukraynanın işğalı "fəlakətli səhv" idi. O, Putini davamlı gələcək qurmaq əvəzinə Rusiyanı keçmişə sürükləməkdə ittiham edir.

Nadejdin yanvarın 31-dək Mərkəzi Seçki Komissiyasına təqdim olunması istənilən 100 min imzanı (110 min) yığıb. Putin administrasiyası tərəfindən idarə olunduğu deyilən komissiya 10 gün ərzində imzaları yoxlamalı, onun namizədliyini qeydə almaqla bağlı qərar verməlidir.

"Bu, Putinin kampaniyası üçün problemdir. Antimüharibə namizədi qeydə alınarsa, Putinə qarşı çıxacaq, qalan namizədlər... yersiz görünəcəklər", - siyasi təhlilçi, Kremlin keçmiş spiçrayteri Abbas Qalyamov deyir.

"Putin Nadejdinə deyil, ... Putinə qarşı səs verəcəklər, çünki Putin müharibəni təmsil edir. Buna görə düşünürəm ki, Kreml Nadejdinin namizədliyini təsdiqləməyəcək. Risk çox böyükdür", - Qalyamov AzadlıqRadiosuna deyib.

Sankt-Peterburq şəhərində insanlar Nadejdinin namizədliyi üçün imza atmaq üçün növbəyə düzülür.
Sankt-Peterburq şəhərində insanlar Nadejdinin namizədliyi üçün imza atmaq üçün növbəyə düzülür.

Putin "müstəqil" namizəddir

MSK isə adətən müxalifətdən namizəd ola biləcək şəxslərin yetərincə etibarlı imza toplamadığını deyərək onları seçkiyə buraxmır.

Putin artıq seçkiyə "müstəqil namizəd" kimi təsdiqlənib. Tənqidçilər bu təsnifatı gülünc sayırlar, axı, prezident siyasi sistemə və hakim Vahid Rusiya Partiyasına nəzarət edir.

71 yaşlı Putin 1999-cu ildən prezident, yaxud baş nazir kimi hakimiyyətdə olub. Bu dönəmdə Rusiyada seçkilər sərt nəzarət altında keçirilib, narazılara kütləvi təzyiqlər olub, siyasi müxalifət xüsusilə 2018-ci il seçkisi və 2022-ci ilin fevralında Ukraynanın tammiqyaslı işğalı başlayandan məhv edilib.

Rusiya mediasının yazdığına görə, Putin administrasiyası yerli rəsmilərə göstəriş verib ki, Putinə 80 faiz dəstəyi göstərəcək nəticələr hazırlasınlar, seçici iştiraklılığı təxminən 70 faiz olsun. Təhlilçilərin fikrincə, belə bir seçici iştirakçılığı göstəricisini əldə etmək çətin olacaq, çünki təsdiqlənmiş namizədlərin hamısı Putini və siyasətini dəstəkləyir. Millətçi Sergey Baburin imzaları MSK-ya təqdim edəndən sonra Putinin xeyrinə seçki yarışından çəkilib.

"Onların heç də hamısı ona səs verməyəcək"

"Levada" sorğu mərkəzindən Denis Volkov deyir ki, Nadejdinin narazı adamları birləşdirici fiqur olacağını demək çətindir: "Ona görə də Kremlin qorxduğunu deyənləri eşidəndə təəccüblənirəm. Bəli, adamlar ona imzalarını verirlər, ancaq onların heç də hamısı ona səs verməyəcək. Bəziləri səs verə bilər, bəziləri heç səs verməyə bilər".

Sovet Özbəkistanından doğulmuş Nadejdinin ailəsi o, üç yaşında olanda Moskvaya köçüb. Riyaziyyatçıdır, universitet təhsilindən sonra mühəndis kimi çalışıb.

O, 1999-cu ildə Dövlət Dumasının üzvü olub. 2011-ci ildə Putinin keçmiş maliyyə naziri Aleksey Kudrin ilə birlikdə yeni sağ-mərkəzçi partiya yaratmaq niyyətini açıqlayıb.

Koulson Nadejdinin sonrakı illər Kremlə yaxın bir sıra siyasi partiyalarla, o cümlədən hakim Vahid Rusiya Partiyası ilə oturub-durduğunu yazır. 2016-cı ilin Duma seçkilərində Vahid Rusiyanın "praymeriz" seçkilərinə də qatılıb.

2022-ci ilin sentyabrında NTV-də çıxışında Ukraynaya qarşı müharibənin gedişatını pisləyib, onu "kolonial müharibə metodları" ilə udmağın mümkün olmadığını deyib.

Belarus polisi Minskdə nümayişçilərə qarşı su şırnaqlarından istifadə edir. 2020
Belarus polisi Minskdə nümayişçilərə qarşı su şırnaqlarından istifadə edir. 2020

Kremlin layihəsi?

Nadejdinin uzun müddət sistem daxilində çalışması onun Putin administrasiyasının layihəsi olması barədə spekulyasiyaya yol açıb. Rusiya siyasəti üzrə təhlilçi Mark Qaleotti isə bunu real saymır: "Məncə, məsələ bir az başqa cürdür. Kreml onu irəli buraxıb. Ona görə ki, sistem daxilində, oyunda hörməti var. Yetərincə marginal olduğundan onu daha erkən mərhələdə çıxdaş etmək ehtiyacını duymayıblar".

"Amma hazırda belə bir qərarı nəzərdən keçirmələrindən şübhələnirəm", - təhlilçi vurğulayıb.

Müəllif 2020-ci ildə Belarusun avtoritar lideri Aleksandr Lukaşenkonun özünə təhdid saydığı bütün müxalifət namizədləri sıradan çıxarmasını yada salır. Ancaq həbsdə olan potensial namizədin həyat yoldaşı Svetlana Tixanovskayanı seçkiyə buraxdı. Siyasətdə yeni sayılan Tixanovskaya isə müxalifəti birləşdirə, narazı belarusluların dəstəyini qazana bildi.

Seçkidə Lukaşenkonun qələbə çaldığı rəsmən açıqlananda belaruslular Tixanovskaya dəstək üçün kütləvi küçələrə çıxdılar.

Koulson Kremlin bu ssenarini təkrarlamaq istəmədiyini yazır.

Qaleotti deyir ki, Nadejdin rejimə qarşı çıxanlar üçün "ildırım sipəri"nə çevrilib, adamlar əslində onun kim olması, nəyi dəstəkləməsi ilə maraqlanmırlar: "Bu da onu problemə çevirir".

Təhlilçi Kremlin Nadejdini seçkiyə buraxmayacağını proqnozlaşdırır.

XS
SM
MD
LG