Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:32

Ermənistan konstitusiyasının dəyişdirilməsini Bakı tələb edib?


Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsi
Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsi

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistanın yüksək vəzifəli rəsmiləri Azərbaycanın Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsinə etiraz etməsini etiraf ediblər.

Ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin tamamilə yeni konstitusiyaya ehtiyacı olduğunu demişdi.

O izah etmişdi ki, regionda yaranmış “yeni geosiyasi mühitdə” bu, olduqca mühüm məsələdir.

Paşinyan vurğulamışdı ki, yeni konstitusiyada Ermənistanın “beynəlxalq aləmdə tanınan sərhədləri daxilində suverenliyinin” təsdiqinə ehtiyac var.

Ermənistanın indiki konstitusiyasının preambulunda sözü gedən Bəyannaməyə istinad edilir.

Öz növbəsində bu bəyannamədə 1989-cu ildə Ermənistan SSR ilə ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair qərara istinad olunur.

Bundan başqa hazırkı konstitusiyada beynəlxalq birliyə Osmanlı Türkiyəsində və “Qərbi Ermənistanda” ermənilərin 1915-ci il qətliamının “soyqırım” kimi tanınması üçün çağırış edilir.

Azatutyun yazır ki, təhlilçilərin və müxalifət siyasətçilərinin fikrincə Paşinyanın yeni konstitusiya istəməsi məhz bu hissələrin sənəddən çıxarılması məqsədini güdür.

Hüquqi suallar

Paşinyan ötən həftə yeni konstitusiyadan danışarkən bunu da demişdi ki, Ermənistan gələcəkdə Azərbaycana qarşı heç bir ərazi iddialarının olmayacağına dair yazılı qarantiyalar verməyə hazırdır.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan etiraf etmişdi ki, Bakı sülh müqaviləsinə dair təkliflərin mübadiləsi zamanı Ermənistanın Müstəqillik Bəyannaməsinin “problem” olduğunu bildirib və Yerevana bu məsələ ilə bağlı “hüququ suallar” verib.

Mirzoyan Azatutyuna demişdi ki, o Bakının hüquqi tələblərinin mübahisəli olmasını düşünür.

Xarici işlər naziri bunu da demişdi ki, Yerevanın da Bakıya buna bənzər sualları var.

Amma Mirzoyan israr etmişdi ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinə dair mübadilə edilən təkliflərdə konstitusiyanın dəyişdirilməsi tələbi yoxdur.

“Bakının narazılığı nəzərə alına bilər və alınmalıdır”

Lakin müxalifət liderləri və Paşinyanın başqa tənqidçiləri deyirlər ki, baş nazir Ermənistan üçün yeni konstitusiyanı Bakının tələbinə görə istəyir.

Yanvarın 19-da Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın “Hayastan” parlament fraksiyasının deputatları Paşinyanın bəyanatı ilə bağlı etiraz bəyanatı veriblər.

Onlar bildiriblər ki, Paşinyan “ardı-arası kəsilməyən Türkiyə-Azərbaycan tələblərinin qarşısında daha bir güzəşt üçün zəmin hazırlayır”.

Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyasının sədr müavini Vahaqn Aleksanyan müxalifətin iddialarını rədd edib.

Amma o bununla yanaşı deyib ki, Bakı 1990-cı il Müstəqillik Bəyannaməsi ilə bağlı “narazılığını” bildirib və bu, “nəzərə alına bilər və alınmalıdır”.

Bundan əvvəl

Xarici işlər naziri Ararat Mirzoyan yanvarın 10-da demişdi ki, sülh müqaviləsi danışıqlarında “geriləmə” müşahidə olunur.

O bildirmişdi ki, Bakı gələcək müqavilədə Ermənistanın ərazi bütövlüyünü birmənalı şəkildə təsdiqləməyə könülsüz görünür.

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da Azərbaycan telekanallarına müsahibəsində demişdi ki, əgər “Zəngəzur dəhlizi” açılmasa, Azərbaycan da öz sərhədinin heç bir hissəsindən Ermənistan üçün yol açmayacaq.

Rəsmi Bakı habelə Ermənistanın sülh müqaviləsi üçün beynəlxalq qarantiyalar istəməsini rədd edir.

Əliyev bildirmişdi ki, Bakı sərhədlərin delimitasiyası üçün 1975-ci ilə aid sovet xəritələrinin əsas kimi götürülməsinə dair Yerevanın təklifini qəbul etmir.

O bir daha Ermənistandan Azərbaycanın “8 kəndinin” qaytarılmasını tələb etmişdi.

Paşinyan Əliyevin bu tələblərini tənqid etmiş və demişdi ki, tələblər Ermənistana qarşı ərazi iddiaları kimi qiymətləndirilə bilər.

Əliyevin oyunu: Azərbaycan #əslində niyə Qərbə yox, Rusiyaya güvənir?
Gözlə

No media source currently available

0:00 0:16:17 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Qaqabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Ancaq tərəflər sülh sazişi ( danışıqlar həm Avropa İttifaqının (Aİ), həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır) imzalamayıb.

ABŞ Aİ-nin vasitəçiliyini dəstəkləyir. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib.

Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG