Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:38

Azərbaycanın GUAM-da sədrliyi nələr vəd edir...


GUAM
GUAM

Yanvarın 1-dən Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilata -GUAM-a (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) sədrlik Ukraynadan Azərbaycana keçib. Azərbaycan bu təşkilata bundan əvvəl 2020-ci ildə sədrlik etmişdi. Azərbaycanın sədrliyi dövründə prioritet istiqamətin enerji təhlükəsizliyi, nəqliyyat və ticarət dövriyyəsi olduğu açıqlanmışdı.

GUAM 1997-ci ildə yaradılanda bir çox yerli və beynəlxalq ekspertlər düşünürdülər ki, o, Müstəqil Dövlətlər Birliyinə (MDB) alternativ olacaq. Onların açıqlamasına görə, məqsəd Kremlin təsirindən bir növ uzaqlaşmaq idi. Amma son illər Azərbaycanın MDB çərçivəsində bu quruma daxil olan ölkələrlə, o cümlədən Rusiya ilə yaxınlaşması müşahidə edilir. Eyni zamanda, Azərbaycandan fərli olaraq GUAM-a daxil olan üç ölkə Qərbə inteqrasiya yolunu tutub. Ukrayna və Moldova Avropa İttifaqına (Aİ) namizəd statusu alıb, Gürcüstana da bu istiqamətdə bir növ yaşıl işıq yandırılıb.

Ukraynanın sədrliyi...

Ukraynanın 2023-cü ildə sədrliyi dövründə suverenlik, ərazi bütövlüyü, Avropa və Asiya bazarları arasında ticarətin inkişafı, GUAM nəqliyyat dəhlizi ilə bağlı Avropa Komissiyası ilə qarşılıqlı fəaliyyət, gömrük prosedurlarının sadələşdirilməsi kimi prioritetlər açıqlanmışdı.

E.Mirbəşiroğlu
E.Mirbəşiroğlu

"Azərbaycan geosiyasi mübarizənin aləti olmur"

İndi Azərbaycan bu qurumda sədrliyini necə görür? Suala, hələlik, Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu "Turan"a bildirib ki, Azərbaycan bütün platformalarda hər zaman öz maraqlarından çıxış edir, hansısa dairələrin geosiyasi mübarizəsinin iştirakçısı və yaxud da aləti olmur: "Bir çox hallarda Azərbaycana qarşı buna görə qərəzli mövqelər sərgilənir. Yəni, Azərbaycanı idarəolunan ölkə kimi görmək istəyirlər. Amma Azərbaycan hər zaman müstəqil siyasət yürüdüb".

E.Mirbəşiroğlu hesab edir ki, GUAM-a daxil olan Gürcüstan, Ukrayna və Moldovanın Aİ-yə inteqrasiyası tam deyil: "Bu, qismən inteqrasiya sayıla bilər. Düzdür, onlar tam inteqrasiyanın istəyindədirlər, amma Avropa İttifaqına tam inteqrasiya dövlətin milli maraqları, müstəqilliyi, suverenliyi üçün mütləq müsbət haldırmı? Hesab edirəm ki, yox".

A.Qasımlı
A.Qasımlı

"Əliyevin Azərbaycanı Rusiyadan yana..."

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının sözlərinə görə, Azərbaycan Qərbə inteqrasiya yolundan çoxdan imtina edib: "İlham Əliyevin Azərbaycanı Rusiyadan yana öz geosiyasi qərarını verib. Rusiyanın strateji tərəfdaşı, artıq müttəfiqidir və Qərbə inteqrasiya etmək fikrində deyil".

"Əslində GUAM təşkilatı varmı, yoxmu, o da bəlli deyil. Çünki fərdi qaydada Moldova, Ukrayna və Gürcüstan həm Avropa İttifaqı istiqamətində, həm də NATO ilə əməkdaşlığın genişləndirilməsi yönündə Qərbə inteqrasiya edirlər. Yəni, bu ölkələr GUAM missiyasından çıxıblar, Azərbaycan isə ondan, ümumiyyətlə, uzaqlaşıb. Ona görə də GUAM-ın özünün bir mənası qalmayıb", - ekspert AzadlıqRadiosuna qənaətini bölüşür.

XS
SM
MD
LG