Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:41

Həbs olunan AbzasMedia-çıların anaları pensiyasız qalıb


Ülvi Həsənli, Sevinc Vaqifqızı və Məhəmməd Kekalov
Ülvi Həsənli, Sevinc Vaqifqızı və Məhəmməd Kekalov

AbzasMedia nəşri ilə bağlı cinayət işi üzrə həbs edilən beş nəfərdən başqa, hazırda azadlıqda olan 20-yə yaxın şəxslə bağlı məhdudlaşdırıcı qərarlar çıxarılıb. Həbs olunanların ailə üzvlərinin, bu iş üzrə istintaqda şahid qismində dindirilmiş jurnalistlərin, ictimai fəalların ölkədən çıxışı məhdudlaşdırılıb, əmlak və bank hesablarına həbs qoyulub.

İstintaqın təqdimatı əsasında Xətai rayon Məhkəməsində bu barədə qərarlar qəbul edilib. Daha bir qərar da AbzasMedia işi üzrə adları keçən şəxslərin vergi ödənişləri və pay sahibliyi barədə bilgilərin Bakı şəhər Baş Polis İdarəsinə təqdim edilməsinə dair olub.

Bu məhkəmə qərarları noyabrın sonunda çıxarılsa da, adları keçən şəxslər onlara bu barədə heç bir bilgi verilmədiyni deyirlər. Bu üzdən məhdudiyyətlərdən də xeyli gec – yuxarı instansiyaya apellyasiya şikayəti üçün möhlət ötəndən sonra xəbər tutublar.

AbzasMedia işi üzrə ölkədən çıxışına məhdudiyyət, əmlak və bank hesablarına həbs qoyulan şəxslər şikayət vermək üçün müddətin bərpası tələbi ilə məhkəməyə üz tutublar. Onlar, maraqlarına toxunan qərarlar qəbul edilsə də, özlərinə heç bir məlumat verilmədiyini, bu səbəbdən də vaxtında şikayət edə bilmədiklərini bildiriblər.

Xətai rayon Məhkəməsi gecikmənin üzrlü səbəbdən olduğunu qəbul edib və apellyasiya şikayəti vermək müddəti bərpa edilib. Beləcə, məhdudlaşdırıcı qərarlardan şikayət verilib.

Bakı Apellyasiya Məhkəməsində bu şikayətlər üzrə keçirilən ilkin məhkəmə iclaslarına AbzasMedia işi üzrə həbs olunanlardan nəşrin direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) və jurnalist Nərgiz Absalamova da gətirilib. Əmlak və bank hesablarına həbs qoyulmuş digər şəxslər də məhkəməyə qatılıblar.

Bu da üzə çıxıb ki...

Məhkəmədə bilinib ki, AbzasMedia işi üzrə həbs olunan araşdırmaçı jurnalist Hafiz Babalı da şikayətçidir, ancaq bura gətirilməyib. Həmkarları onun da iştirakını tələb etdiklərindən məhkəmə prosesi dekabrın 20-dək ertələnib.

Ofelya Məhərrəmova
Ofelya Məhərrəmova

Üstəlik, o da üzə çıxıb ki, həbs qoyulan bank hesabları arasında S.Vaqifqızının anası Ofelya Məhərrəmova ilə Ü.Həsənlinin anası Esvira Musayevanın pensiya kartları da var. Bundan başqa, Ü.Həsənlinin bacısı Sədaqət Həsənovanın və iqtisadçı Toğrul Vəliyevin maaş kartları da bloklanıb..

Pensiya və maaş kartları bloklanan şəxslər bu qərarlar üzündən çətinliklərlə üzləşdiklərini, maddi ehtiyaclarını ödəyə bilmədiklərini deyirlər.

O.Məhərrəmova AzadlıqRadiosuna danışır ki, kartının bloklanmasından dekabrın 15-də - bankomatdan pensiyasını çıxarmaq istəyəndə xəbər tutub. Kartda vəsait olduğu görünsə də, onu çıxarmaq mümkün olmayıb.

İkinci qrup əlil kimi pensiya aldığını deyən O.Məhərrəmovanın sözlərinə görə, sağlıq durumu ilə əlaqədar hər ay dərmanlara xeyli xərci çıxır. Bu xərcləri də aldığı pensiya hesabına qarşılayır: "Əslində çox halda pensiya heç dərmana, müalicə xərclərinə çatmır. Amma, ən azı, onun hesabına xərclərimin bir hissəsini qarşılayırdım. Yaşlı adamam, indi mən neyləməliyəm?".

"Biz bu ehtiyaclarımızı necə ödəyəcəyik?"

Ü.Həsənlinin yaxınları da onun anasının pensiya, bacısının maaş kartı bloklandığına görə maddi çətinliklə üz-üzə qaldıqlarını bildirirlər. Bacısı Nərmin Həsənova deyir ki, maaş və pensiya kartları bloklandığından evin ehtiyaclarını necə qarşılayacaqları sualına cavab axtarırlar: "Anam da narahatdır ki, biz bu ehtiyaclarımızı necə ödəyəcəyik?".

Elçin Sadıqov
Elçin Sadıqov

S.Vaqifqızının vəkili Elçin Sadıqov deyir ki, müvəkkilinin anasının pensiya kartının bloklanması qərarı qanunsuz və əsassızdır. Vəkil vurğulayır ki, məhkəmə hansısa hesaba, əmlaka həbs qoyanda bunu mütləq əsaslandırmalıdır. Lakin AbzasMedia işi üzrə qərarlarda belə əsaslandırma yoxdur.

"Adı üstündə, pensiya kartıdır və ora daxil olan pul da dövlət büdcəsindən gəlir. Köçürülən vəsaitin mənbəyi ilə bağlı əsaslı şübhələr olanda hansısa əmlakın, bank hesabının üzərinə həbs qoyula bilər. Belə çıxır ki, bunlar dövlət büdcəsinə də şübhəli mənbə kimi yanaşır? Mənbə məlumdursa, heç bir şübhə yoxdursa, bu halda, pensiya və ya maaş kartlarının bloklanması qanunsuzdur", - vəkil Sadıqov belə deyir.

Onun sözlərinə görə, dövlət özü hər bir vətəndaş üçün yaşayış minimumu müəyyənləşdirib və bu xərclərin qarşılanmasından ötrü qanuni yolla daxil olan vəsaitlər bloklana bilməz.

Cinayət-Prosessual Məcəlləsinin əmlak üzərinə həbs qoyulmasından bəhs edən 248-ci maddəsində göstərilib ki, həmin əmlakdan cinayət vasitəsi kimi istifadə, yaxud onun cinayət yolu ilə əldə edilməsinə sübutlar, əsaslı şübhələr varsa, üzərinə həbs qoyula bilər.

XS
SM
MD
LG