Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:43

Gürcüstan vətəndaşları Avropaya vizasız gedir, Azərbaycan isə...


Azərbaycan Aİ ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir.
Azərbaycan Aİ ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir.

Noyabrın 23-də Bakıda viza rejiminin sadələşdirilməsi üzrə Avropa İttifaqı-Azərbaycan birgə komitəsinin 7-ci iclası keçirilib. Bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı missiyasının rəhbəri Peter Mixalko Twitter hesabında yazıb: "Viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanmasından 10 il ötür ki, bu da adamların rahat səyahət etməsinə imkan yaradır. Avropaya səfərlərin sayı pandemiyadan əvvəlki səviyyəni ötüb".

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə isə, iclasda vətəndaşların Aİ-yə üzv ölkələrin diplomatik missiyalarına viza müraciətləri zamanı üzləşdikləri çətinliklər qarşı tərəfin diqqətinə çatdırılıb və onların aradan qaldırılması mexanizmləri üzrə fikir mübadiləsi aparılıb.

Aİ ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi sazişi 2013-cü il noyabrın 29-da Vilnüsdə keçirilən Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində imzalanıb. Saziş 2014-cü ildə qüvvəyə minib.

Azərbaycan Aİ ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) bu qurum ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb. Gürcüstan, Moldova və Ukrayna prosesin əvvəllərində Aİ ilə assosiasiya sazişi imzalayıb. Üstəlik, bu ölkələrdən Moldova və Ukrayna namizəd statusu, Gürcüstan isə bununla bağlı müsbət tövsiyə alıb. 2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı bilinmir. Belarus isə sadəcə əməkdaşlığı dayandırıb.

F.Mustafa
F.Mustafa

"Bizə münasibətdən doğan məhdudiyyətlər var"

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa "Turan"a bildirib ki, Azərbaycanın Aİ ilə əlaqələri kifayət qədər intensivdir və viza məsələləri orada uğurla irəliləyir: "Sadəcə bizə olan münasibətdən doğan məhdudiyyətlər var. Yəni, digər ölkələrə eyni qaydaları tətbiq etmirlər. Halbuki bizim Avropa ilə əməkdaşlıq perspektivimiz, imkanlarımız daha böyükdür".

Deputat hesab edir ki, Azərbaycanı siyasi təzyiq kimi bununla müəyyən dərəcədə imtahana çəkməyə çalışırlar: "Biz də Avropa İttifaqının bu yanaşmasını qəbul etmirik. Biz daha çox hansısa şərtlər olmadan bu məsələnin həll edilməsinin tərəfdarıyıq".

F.Mustafa qeyd edib ki, Azərbaycana bu məsələdə qoyulan məhdudiyyətlərin səbəbi da göstərilmir: "Hər halda Ermənistanla bu məsələlər çözüldükdən sonra münasibətin dəyişəcəyi gözləniləndir. Bütün hallarda bizə qarşı olan ikili standart yanaşması ilə Avropa İttifaqı bu məsələdə bir az korrekt fəaliyyət ortaya qoymur. Onlar özləri üçün də problem yaradırlar".

B.Süleymanlı
B.Süleymanlı

"Digər postsovet ölkələri ilə müqayisədə proses çətinləşib"

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda Şengen vizasının alınmasında əvvəlki illərlə müqayisədə hər hansı pozitiv dəyişiklik müşahidə edilmir: "Ola bilsin ki, hansısa xırda texniki dəyişikliklər olsun, amma, mən deyərdim ki, hətta digər postsovet ölkələri ilə müqayisədə proses daha da çətinləşib".

O hesab edir ki, burada həm Avropa İttifaqı ölkələrinin, həm də Azərbaycan hökumətinin məsuliyyəti var: "Avropa İttifaqı ölkələri vizanı sadələşdirərək vətəndaşların proseslərdə iştirakçılığına, Avropaya daha yaxşı inteqrasiya etməsinə təkan verə bilərdi, amma bu, baş vermədi. Azərbaycan hökuməti isə uzun illərdir Avropa İttifaqı ilə nəinki assosiativ saziş imzalayıb, hətta ondan imtina edərək ikitərəfli strateji müqaviləyə belə imza atmır. Hər il bu prosesi yubadırlar. Ona görə də vizaların sadələşdirilməsi digər ölkələrə nisbətən bizə şamil edilmir".

"Gürcüstanda Aİ ölkələrinə vizasız gediş-gəliş var"

B.Süleymanlı qeyd edib ki, qonşu ölkə olan Gürcüstanda Aİ ölkələrinə vizasız gediş-gəliş var, Ermənistanla da bu yaxınlarda vizanın sadələşdirilməsi istiqamətində müəyyən razılığa gəlinib: "Amma Azərbaycanla bu problemlər qalmaqdadır. Hətta nəinki sadə vətəndaşlar, bu prosesdə iştirak edən vətəndaş cəmiyyətinin nümayəndələri Avropa ölkələrinə viza almaqda çətinlik çəkirlər".

Onun sözlərinə görə, son bir neçə ildə bu, daha da çətinləşib, viza verilməsi üçün uzun prosedurlar tələb olunur.

XS
SM
MD
LG