Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:35

Hesablama Palatası uzunömürlülüyü pensiya sistemi üçün risk sayır


64 yaşlı qadın: Məşqə başlayandan bəri ağrılarım çıkilib
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00

64 yaşlı qadın: Məşqə başlayandan bəri ağrılarım çıkilib (Arxiv. 2022)

Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gələn ilin büdcəsinə dair rəyini yayımlayıb. Uyğun qanun layihəsindən bəlli olur ki, fondun 2024-cü il üçün gəlir və xərcləri bərabər olmaqla 6 milyard 920 milyon manat proqnozlaşdırılır. Bu isə cari ilin büdcəsinə nisbətən 652 milyon manat və ya 10.4 faiz çoxdur.

Hər ilin əvvəlində Azərbaycanda pensiyalar ötən il ərzində ölkədə orta aylıq əməkhaqqı məbləğindəki artım qədər indeksləşdirilir. Başqa deyimlə, əvvəlki ildə ölkədə orta aylıq maaş neçə faiz artıbsa, pensiyalar da həmin faiz qədər artırılır. Bu ilin sonuna Azərbaycanda orta aylıq əməkhaqqının 11 faizə yaxın artması proqnozlaşdırılır. İlin ilk 9 ayı ərzində orta aylıq maaşdakı artım 11.3 faiz olub. Bu baxımdan, DSMF-nin büdcəsindəki artım məhz pensiyaların indeksləşdirilməsindən qaynaqlanır.

DSMF-nin büdcəsi necə formalaşır?

DSMF-nin 2024-cü il büdcəsinin 76 faizini məcburi sığorta haqları, 24 faizini isə büdcə vəsaitləri təşkil edəcək. Bu xərcləri qarşılamaq üçün dövlət büdcəsindən fonda ayrılan vəsaitin fondun toplam gəlirlərindəki payı əvvəlki dövrlərlə müqayisədə azalsa da, fondun gəlirlərinin hələ də hər dörd manatından biri büdcə hesabına qarşılanır. Müstəqil ekspertlərin fikrincə, Azərbaycanda pensiya şərtlərinin ağır olmasının əsas səbəblərindən biri məhz hökumətin bu xərclərdən yaxa qurtarmaq istəyidir. Gələn il DSMF-nin xərclərinin tam qarşılana bilməsi üçün büdcədən fonda 1 milyard 392 milyon manat ayrılması nəzərdə tutulub.

DSMF-nin büdcə layihəsində bildirilir ki, fondun yığdığı məcburi sığorta haqlarının 64 faizi qeyri-büdcə, 36 faizi büdcə təşkilatları hesabına formalaşır. Ancaq müstəqil ekspertlərin fikrincə ki, fond bu yanaşma ilə yanlış təsəvvür yaradır, axı yanaşma qeyri-büdcə və büdcə təşkilatları formasında deyil, özəl və dövlət sektoru şəklində olmalıdır. Azərbaycan iqtisadiyyatında ciddi yer tutan dövlət şirkətləri büdcə təşkilatları sayılmasa da, dövlət sektoruna aiddir. Bu baxımdan, onlar da nəzərə alınsa, DSMF-nin topladığı sosial sığorta haqlarının 36 faizinin deyil, yarıdan çoxunun dövlət sektoru hesabına formalaşdığı üzə çıxacaq. Bu da Azərbaycanda özəl sektorun inkişafının məhdud olduğunun göstəricisidir. Elə bu üzdən DSMF bölgünü dövlət və özəl sektor kimi deyil, büdcə və qeyri-büdcə təşkilatları kimi nəzərdən keçirir.

Əhali yaşlanır

Hesablama Palatasının pensiya sistemi ilə bağlı diqqət çəkdiyi məqamlardan biri də əhalinin yaşlanmasıdır. Palatasının rəyində bildirilir ki, pensiya təminatı sisteminin dayanıqlığının təhlili zamanı nəzərə alınan elementlərdən biri də əməkqabiliyyətli yaşda (20-64 yaş) olan hər 100 nəfərə düşən 65 və yuxarı yaşda olan şəxslərin sayıdır. Azərbaycanda uyğun göstərici 2020-ci ildə 10.4 faiz, 2021-ci ildə 10.9 faiz, 2022-ci ildə 11,5 faiz, bu il 12.2 faiz olub. Nisbətin artan tendensiya üzrə davam etməsi Azərbaycanda da yaşlanmanın baş verdiyini əks etdirir. Bunu nəzərə alaraq, Hesablama Palatası öz rəyində qeyd edib ki, fond öz fəaliyyət strategiyasını qurarkən pensiyaçılar üzrə uzunömürlülük riskini də nəzərə almalıdır. Uzunömürlülük riski gözlənilən ömür uzunluğu və ölüm nisbətləri arasında mütənasibliyin pozulması halında fondun üzləşdiyi riskdir. Əhalinin qocalması, pensiya yaşına çatan insanların say artımı uzunömürlülük riskini artıran faktorlardan sayılır.

Yaşlı əhalinin toplam əhali arasında xüsusi çəkisinin artmasının bir səbəbi də doğumun aşağı düşməsidir. Son iki ildə Azərbaycan əhalisi arasında yaşı 15-ədək olanların sayı 75 min nəfər və ya 1.7 faiz azalıb. Hesablama Palatasının fikrincə, gələcəkdə işçi qüvvəsinin sayca azalması pensiya sisteminin dayanıqlılığı baxımından da risk amillərini ortaya çıxarır.

Onu da unutmaq olmaz ki, Azərbaycanda orta pensiya müddəti 12 il hesablanır. Başqa sözlə, hökumət bir pensiyaçının ortalama 12 il pensiya alacağını proqnozlaşdırır. Bu baxımdan, Hesablama Palatasının rəyində yaşı 77-dən çox olan (pensiya yaşından (65) 12 il çox) pensiyaçıların say artımına da diqqət çəkilir. Palata qeyd edir ki, cari ilin əvvəli ilə müqayisədə ilin birinci yarısında 77 yaşdan yuxarı yaşda olan pensiyaçıların sayı 1737 nəfər artıb. Hesablama Palatası fond tərəfindən müvafiq strateji baxışlar hazırlanarkən bu göstəricilərin də nəzərə alınmasını məqsədəuyğun sayır.

XS
SM
MD
LG