Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:29

İranda 'kişili-qadınlı' qarışıq qonaqlığın 300 iştirakçısı həbs olunub


İranda qadın və kişilərin birgə iştirak etdikləri məsclislərdən birində (Arxiv fotosu)
İranda qadın və kişilərin birgə iştirak etdikləri məsclislərdən birində (Arxiv fotosu)

İranın Simnan şəhərində polis "kişili-qadınlı" qarışıq məclisin keçirilməsi ilə bağlı 300 nəfəri həbs edib.

Simnan ostanı polis rəisinin müavini polkovnik Əli Mirəhmədi deyib ki, "məxfi izləmə və müşahidə taktikasından" istifadə ilə noyabrın 14-də şəhər ətrafındakı bir zalda keçirilən "qarışıq cinsli" qonaqlığın 300 iştirakçısı həbs olunub.

Polis zabiti bunu da qeyd edib ki, sözü gedən 300 qadın və kişi ölkənin şəriət qanunlarını pozublar.

Mirəhmədinin sözlərinə görə qonaqlığın keçirildiyi zal "ticarət qaydalarını" pozduğuna görə möhürlənib.

Ayrıca olaraq Qum Tibb Elmləri Universitetində qarışıq cinsli qonaqlıqlar təşkil etdiklərinə görə bir neçə tələbə təhsil müəssisəsindən xaric edilib.

Polis onları "ictimai və təhsil strukturunun işini pozmaqda və sosial media fəaliyyəti ilə açıq-saçıqlığı təbliğ etməkdə" günahlandırıb.

Xəbərlərdə deyilir ki, həm qadın, həm də kişilərin birgə iştirakilə keçirilən bəzi məclis və qonaqlıqları "hicabaçdı" məclisi adlandırırlar, çünki burdakı qadınlar icbari hicab qaydasına əməl etmirlər.

Hicaba qarşı müqavimət

İranda 9 yaşından yuxarı qızlar və qadınlar üçün hicab 1981-ci ildə, İslam inqilabından iki il sonra icbari edilib.

O vaxt bu qərar hiddətlə qarşılanmış, etirazlara səbəb olmuş, amma yeni hakimiyyət bütün aksiyaları amansızlıqla yatırmışdı.

O vaxtdan bəri İranda bir çox qadınlar hicab qaydasını sistematik şəkildə pozmaqda davam edirlər.

22 yaşlı Məhsa Əmininin ölümü hicaba qarşı müqavimətə yeni təkan verib.

“Qadın, Həyat, Azadlıq” devizi ilə keçirilən etiraz aksiyaları bütün ölkəni bürüyüb.

Bu aksiyalarda iştirak edənlər hicaba qarşı şüarlarla yanaşı, həm də dini hakimiyyətin devrilməsinə çağırışlar edirlər.

İran məşhurları – yazıçılar, aktyorlar, kino sənətçiləri və jurnalistlər aksiyalara dəstək bildirirlər.

Hakimiyyətin narahatlığı

Bu şəraitdə ruhani hakimiyyət sərt hicab qaydalarını özünün əsas dayaqlarından biri hesab edir və bu sahəyə aid məhdudiyyətləri daha da sərtləşdirməyə çalışır.

Əmininin ölümündən başlanan etirazlar hazırda səngisə də, hicaba qarşı müqavimətin bundan sonra da davam edəcəyi gözlənilir.

Hakimiyyət narahatdır ki, bu yaxınlarda Tehran metrosunda hicaba görə əxlaq polisinin hücumuna məruz qaldığı deyilən 17 yaşlı Armita Qəravəndin ölümü antihicab aksiyalarına yeni təkan verə bilər.

Bundan sonra metro vaqonunun içərisində Gəravənd huşunu itirərək yıxılıb. Hakimiyyət rəsmiləri onun qan təzyiqinin qəfil düşdüyünü və bu səbəbdən yıxılaraq başını zədələdiyini iddia edirlər.

Fəcr xəstəxanasında AzadlıqRadiosuna adının çəkilməməsi şərtilə danışan mənbə bildirib ki, Gəravənd daxili beyin qansızmasından vəfat edib.

Armita Gəravənd komaya düşəndən bəri İran rəsmiləri 16 yaşlı tələbə qızın yaxın ətrafına təzyiq göstərərək onlara hadisə barədə danışmamaq xəbərdarlığı etmişdilər.

Hakimiyyət Məhsa Əmininin ölümündən sonra bir il ərzində nisbətən səngimiş etirazların yenidən alovlana biləcəyindən narahatdır.

XS
SM
MD
LG