Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:28

'12-ci İmam Mehdi' kimi tanınan şəxsə 12 il 6 ay həbs cəzası kəsildi


Aqil Babayev
Aqil Babayev

Özünü zühur etmiş "12-ci İmam Mehdi" kimi tanıdıb adamları aldatmaqda suçlanan işadamı Aqil Babayevə 12 il 6 ay həbs cəzası kəsilib. Oktyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Adamlara toplam 2.5 milyon manata yaxın ziyan vurmaqda təqsirli sayılan A.Babayevə Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə 12 il cəza təyin edilib. Ancaq həbsindən öncə yol-nəqliyyat hadisəsi ilə əlaqədar üzərində 7 ay 20 günlük şərti cəza da olduğundan ona sonunda 12 il 6 ay həbs cəzası verilib.

"Özlərini elə təqdim edirlər, sanki Bill Qeytsin, Abramoviçin nəslindəndirlər..."

Cinayət işinin materiallarında iddia olunur ki, A.Babayev özünü "12-ci İmam Mehdi" kimi tanıdaraq zəkat, kasıblara yardım adı ilə ətrafdakı insanların külli miqdarda pul və əmlaklarını ələ keçirib.

Amma o, özünü təqsirli bilmir.

"Mənim heç bir günahım yoxdur. Xahiş edirəm, hökm çıxaranda bunu nəzərə alın...", - hökmdən öncə A.Babayev son sözündə belə deyib.

Daha öncəki ifadələrində də A.Babayev bildirmişdi ki, özünü "12-ci İmam" kimi tanıdıb, adamların pulunu mənimsəməsi haqda ittihamda yazılanlar absurddur. Onun sözlərinə görə, həbsinin gerçək səbəbi biznesini əlindən almaqdır. O vurğulayıb ki, "Shaurma N1" restoranlar şəbəkəsindəki payını bu yolla ələ keçiriblər: "Mənə qarşı qarət əməllərini ört-basdır eləmək üçün ünvanıma bu ittihamları planlaşdırıblar. İndi burada özlərini elə təqdim edirlər, sanki Bill Qeytsin, Abramoviçin nəslindəndirlər...".

A.Babayevin sözlərinə görə, indi zərərçəkmiş kimi tanınan şəxslərin bir neçəsi 2021-ci il iyulun 8-də Buzovnadakı bağ evinə gəlib. Orada onu döyüb, mühasirədə saxlayaraq Əhmədli qəsəbəsində yerləşən evinin açarını götürüblər. Daha sonra həmin evə gedib, oradan milyonlarla pulunu və bir neçə kiloqram qızıl-zinət əşyalarını götürüb aparıblar.

A.Babayevin "imam" adı ilə onu aldatdığını iddia edən zərərçəkənlərin sayı 40 nəfərdən çoxdur. Onlar məhkəmədən A.Babayevə ən yuxarı həddə cəza verilməsini tələb ediblər.

"Cənnətdə 2 hektar torpaq sahəsi"?

Bir ildən çox sürən məhkəmə prosesinin nəticəsi olaraq, A.Babayevə 12 il 6 ay həbs cəzası kəsilməklə yanaşı, Xətai rayonu ərazisində yerləşən və onun yaxınlarının adına olan bir mənzil, bir qeyri-yaşayış sahəsi və bir avtomobil də müsadirə edilib.

Məhkəmə qərar verib ki, bu əmlakların müsadirəsi nəticəsində əldə olunan vəsait zərərçəkmişlərin pullarının qaytarılmasına yönəldilsin.

Zərərçəkmiş kimi tanınanlar arasında "Shaurma N1" restoranlar şəbəkəsinin sahibi Natiq Sadıqov da var. O, məhkəmədə bildirmişdi ki, A.Babayevin "İmam Mehdi" olduğuna inanıb, uzun illər ərzində ona zəkat, Qarabağ döyüşçüləri üçün ev tikmək adı ilə yarım milyon manatdan çox pul verib.

Başqa bir zərərçəkmiş Anar Aslanov iddia edir ki, A.Babayevin təhriki ilə həyat yoldaşını boşayıb, "İmam Mehdi" ona "Santa Fe" markalı maşınının müqabilində "cənnətdə 2 hektar torpaq sahəsi" verib və s.

A.Babayev isə bu iddiaların hamısının yalan olduğunu deyir. O, 2021-ci il iyulun 9-da Buzovnada bağ evində döyülməsi haqda polisə şikayət edib. Bundan bir gün sonra isə onun özü dələduzluq ittihamı ilə həbs olunub.

XS
SM
MD
LG