Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:17

Azərbaycan separatçı liderləri ədalətli mühakimə edəcəkmi? Ekspertlər nə deyir?


Ruben Vardanyan
Ruben Vardanyan

AzadlıqRadiosunun müxbiri Coşua Kuçera yazır ki, Qarabağın keçmiş liderlərinin azı səkkiz nəfəri həbs olunub və onlar Azərbaycan məhkəməsində ciddi ittihamlarla üzləşəcəklər.

Müxbirin sözlərinə görə bir çox azərbaycanlıların fikrincə bu, çoxdan gözlənilən ədalət olacaq, amma ermənilərə görə söhbət “siyasiləşdirilmiş məhkəmə sistemində qisasdan” gedir.

Məqalədə deyilir ki, bəzi ekspertlər Azərbaycanda separatçı liderlər və onların həbsi barədə yayımlanan videolarda məhbusların alçaldılmasının hiss olunduğunu deyirlər.

Separatçı rejimdə insan haqları ombudsmanı kimi təqdim olunan Artak Beqlaryan deyib:

"Onlar sadəcə olaraq öz xalqını müdafiə etdiyinə, öz müqəddəratını təyinetmə hüququ uğrunda mübarizə apardıqlarına görə mühakimə ediləcəklər. İndi onların hamısı dünyanın ən güclü diktatorlarının əlində siyasi məhbusdur”.

Videolar

Lakin Azərbaycan tərəfi bildirir ki, onlardan biri, milyarder Ruben Vardanyan Azərbaycanın insan haqları ombudsmanı ilə görüşüb və artıq ailəsi ilə telefonla danışıb.

Kuçera yazır ki, Vardanyanın yaxınları bu barədə sorğuya cavab verməyiblər.

Məqalədə deyilir ki, başqa bir separatçı lider – Arayik Arutyunyan barədə videolarda onun 44 günlük müharibə zamanı Gəncə və başqa şəhərlərin atəşə tutulmasını əmr etdiyi bildirilir.

Londonda mənzillənmiş Chatham House analitik mərkəzindən Lourens Broers bildirir ki, onun fikrincə Azərbaycan ümumilikdə Qarabağ rejimini bir layihə kimi mühakimə etməyə hazırlaşır.

"Yayımlanan videolarda onların göstərilməsi daha çox ictimaiyyət qarşısında alçaltmaya bənzəyir”.

“Qalibin ədaləti”

Kuçera yazır ki, 2020-ci il müharibəsindən sonra Azərbaycan prokurorluğu misilsiz addım ataraq bir qrup azərbaycanlı əsgərin hərbi cinayət törətməsi ilə bağlı cinayət işlərinin açılmasını bəyan etmişdi, lakin sonradan bu barədə söhbətlər ictimai müzakirədən çıxdı.

Broers bu barədə deyir:

"Əgər 2020-ci ilin hərbi cinayətlərinə görə yalnız ermənilər mühakimə olunsalar, bu daha çox qalibin ədalətinə bənzəyəcək. Çünki törədilən cinayətlərə görə ədalətli cəza olmalıdır. Amma əgər şəhərə raket atəşinə əmr edən həbsxanada, mülkilərin başını kəsən isə azadlıqda qalacaqsa, belə ədalət legitimliyini itirəcək”.

Lakin Bakı İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov deyir ki, məhkəmə dinləmələrində müşahidəçilər, o cümlədən xarici müşahidəçilər də olacaq. Cəfərovun sözlərinə görə müttəhimlərə qarşı ağır ittihamlar irəli sürülüb, amma əgər ittihamlar dəlillərlə sübut olunarsa, onda mühakimənin siyasiləşməsi iddiası da ortaya çıxmayacaq.

Məqalədə deyilir ki, Ermənistan hökuməti artıq istintaq prosesinə müdaxilə edib. Yerevan keçmiş separatçı liderlərin həbslərini qanunsuz adlandırıb və bununla bağlı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib.

Ermənistan hökuməti onları niyə müdafiə etməlidir?

Müxbir qeyd edir ki, 2020-ci il müharibəsindən bəri Ermənistan hökuməti ilə separatçı rejim arasında münasibətlər getdikcə soyuyurdu.

Bununla belə Yerevanda yaşayan politoloq Mikayel Zolyanın fikrincə Ermənistan hökumətinin keçmiş Qarabağ liderlərini müdafiə etməsinə səbəblər var.

O deyir ki, həbsdəkilər Ermənistan vətəndaşlarıdır və Ermənistan hökumətinin müdafiəsinə haqları çatır.

Zolyan düşünür ki, Ermənistanın indiki hakimiyyəti Rusiya və müxalifətin təbliğatını körükləməmək məqsədilə “qarabağlıları satmış” kimi görünməməlidir.

Ekspertin fikrincə “Azərbaycan rejiminin qeyri-demokratikliyi ona qarşı əlavə beynəlxalq dəstək səfərbər etməyə imkan yaradır”.

İlham Əliyev: 'Paşinyan 6 saata Qranadaya uça bilir, amma...'
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

“Rusiya istəsəydi, onları ələ verməzdi”

Kuçera yazır ki, bəzi ermənilərin fikrincə Rusiya istəsəydi, Qarabağ liderlərini mühafizə edə bilərdi. Çünki Rusiyadan getdikcə daha çox üz çevirən Yerevan hökumətindən fərqli olaraq, separatçı liderlər fəaliyyətlərində daim Moskvaya meylləniblər.

Lakin Ermənistanın hərbi təhlilçilərindən Leonid Nersisyan yazır ki, “bu müttəfiq” istəsəydi, liderləri ələ verməz, onların helikopterlə evakuasiyasını təşkil edərdi.

Müttəhimlər arasında ən çox maraq doğuranı Ruben Vardanyandır. Rusiya prezidenti Vladimir Putinə yaxın olmuş bu milyarder ötən il Rusiya vətəndaşlığından imtina edərək Qarabağa gəlmişdi.

Oktyabrın 5-də Valday forumunda Putinə bu barədə sual veriləndə o qısa cavab verib:

“Axı o bizim vətəndaşlığımızdan çıxıb”.

Ağdərəyə qayıdışı gözləyən köçkünlər: 'Noolar erməni olanda....'
Gözlə

No media source currently available

0:00 0:05:11 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ vilayəti və ətraf 7 rayonunu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin ərazilərə, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər (Ermənistan və Azərbaycan) sülh sazişi imzalamayıb, Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Son illər Azərbaycanla Ermənistan arasında həm Rusiyanın, həm də Avropa İttifaqının vasitəçiliyi ilə ayrı-ayrılıqda sülh danışıqları aparılıb.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirləri" başlatdığını elan edib. Yerevan bunu "etnik təmizləmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər, onların silahları təhvil verməyə başladıqları açıqlanıb.

Bundan sonra erməni sakinlərin regiondan Ermənistana axını da başlayıb.

XS
SM
MD
LG