Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:33

'12-ci imam' adı ilə aldatmaqda suçlanana 13 il həbs istəndi


Aqil Babayev
Aqil Babayev

Özünü zühur etmiş "12-ci İmam Mehdi" kimi tanıtmaqla adamları aldatmaqda suçlanan işadamı Aqil Babayevə 13 il həbs cəzası istənilib. Prokuror bu təkliflə oktyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxış edib.

A.Babayev özünü "12-ci İmam Mehdi" kimi tanıtmaqda, zəkat, kasıblara yardım adıyla ətrafdakı insanların milyonlarla pulunu, əmlaklarını ələ keçirməkdə ittiham edilir. Ona Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib. Bu maddənin də sanksiyasında 14 ilədək həbs cəzası nəzərdə tutulub.

Prokuror deyir ki, A.Babayevin təqsiri bir ildən çox sürən məhkəmədə dindirilən zərərçəkən və şahid ifadələri, ekspertiza rəyləri və başqa sübutlarla sübuta yetirilib.

A.Babayevi "İmam Mehdi" kimi qəbul edərək ona pul verdiyini və aldadıldığını iddia edən, bu üzdən zərərçəkmiş qismində tanınan şəxslərin sayı 40 nəfərdən çoxdur. Onlara toplam 2.5 milyondan çox zərər dəydiyi iddia olunur.

"Sanki Bill Qeytsin, Abramoviçin nəslindəndirlər..."

A.Babayev özünü təqsirli bilmir. O, biznesini, o cümlədən "Shaurma N1" restoranlar şəbəkəsindəki payını əlindən almaq üçün belə bir absurd ittiham uydurulduğunu iddia edir: "Mənə qarşı qarət əməllərini ört-basdır eləmək üçün ünvanıma bu ittihamları planlaşdırıblar. İndi burada özlərini elə təqdim edirlər, sanki Bill Qeytsin, Abramoviçin nəslindəndirlər...".

Onun sözlərinə görə, hazırda zərərçəkmiş kimi tanınan şəxslərin bir neçəsi 2021-ci il iyulun 8-də Buzovnadakı bağ evinə gəlib. Orada onu döyüb, mühasirədə saxlayaraq Əhmədli qəsəbəsində yerləşən evinin açarını götürüblər. Daha sonra həmin evə gedib oradan milyonlarla manat pulunu və bir neçə kiloqram qızıl-zinət əşyalarını aparıblar.

Sonradan bu cinayət işi üzrə məhkəmə prosesi zərərçəkənlərin tələbiylə qapalı keçirilib.

Oktyabrın 3-də prokurorun 13 illik həbs tələbindən sonra A.Babayevin vəkilləri məhkəmədən vaxt istəyib. Onlara oktyabrın 18-nədək vaxt verilib.

"Cənnətdə iki hektar torpaq sahəsi"

Zərərçəkmiş kimi tanınanlar arasında "Shaurma N1" restoranlar şəbəkəsinin sahibi Natiq Sadıqov da var. O, məhkəmədə bildirmişdi ki, Babayevin "İmam Mehdi" olduğuna inanıb, uzun illər boyunca ona zəkat, Qarabağ döyüşçüləri üçün ev tikmək adıyla yarım milyon manatdan çox pul verib.

Başqa bir zərərçəkmiş Anar Aslanov iddia edir ki, A.Babayevin təhrikiylə həyat yoldaşını boşayıb, "İmam Mehdi" ona "Santa Fe" markalı maşınının müqabilində "cənnətdə iki hektar torpaq sahəsi" verib və s.

A.Babayev isə bu iddiaların hamısının yalan olduğunu deyir.

A.Babayev 2021-ci il iyulun 9-da Buzovnada bağ evində döyülməsi haqda polisə şikayət edib. Bundan bir gün sonra isə onun özü dələduzluq ittihamıyla həbs olunub.

XS
SM
MD
LG