Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:25

Rusiya Nikolayevi vurur. Ukrayna dronları Kursk üzərində


Yens Stoltenberq və Volodimir Zelenski
Yens Stoltenberq və Volodimir Zelenski

Sentyabrın 29-da Rusiya qüvvələri Ukraynanın cənubi Nikolayev şəhərinə raket zərbəsi endirib, infrastruktura ziyan dəyib. Rusiyanın Ukrayna ilə həmsərhəd Kursk vilayətinin qubernatoru deyib ki, dron hücumu nəticəsində ərazinin bir neçə yaşayış məntəqəsində enerji təchizatı kəsilib.

Nikolayev şəhərinin kənarında infrastruktur obyektinə ziyan dəyib.

Kursk vilayətinin Belovski rayonunda isə elektrik yarımstansiyasına dron hücumu olub, beş yaşayış məntəqəsi elektriksiz qalıb. Hadisə yerində yanğınsöndürənlərin işlədiyi, elektrik enerjisinin tezliklə bərpa olunacağı bildirilir.

Rusiyanın Müdafiə Nazirliyi ötən gecə 11 dron vurduğunu açıqlayıb, 10-u Kursk, digəri Kaluqa vilayəti üzərində vurulub.

Ukrayna qüvvələrinin şərqdə və cənubda həm müdafiə, həm də hücum əməliyyatları apardığı bildirilir.

Sentyabrın 28-də NATO-nun Baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) Kiyevə səfəri zamanı deyib ki, Ukrayna qüvvələri Rusiya işğalçılarına qarşı əkshücumda “tədricən möhkəmlənirlər”.

+++

NATO-nun baş katibi Yens Stoltenberq Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında deyib ki, “Ukrayna qüvvələrinin geri aldığı hər bir metr Rusiyanın itirdiyi hər bir metr deməkdir”.

Stoltenberq vurğulayıb ki, Moskva özünün “imperiya xülyaları” uğrunda mübarizə aparır.

Zelenski isə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinə çağırıb.

O deyib ki, təkcə ötən gecə ölkəyə 40 Şahed dronu ilə hücum edilib:

“Bu hər gecə baş verir. Ukraynalılar üzərinə, bizim şəhərlərimizə, qlobal ərzaq təhlükəsizliyi i üçün çox mühüm olan portlarımıza belə intensiv hücumlar şəraitində Rusiya üzərinə də adekvat təzyiqin artırılmasına, hava sipərimizin gücləndirilməsinə ehtiyac var”.

Zelenski Londona minnətdarlıq edib

Sentyabrın 28-də habelə Britaniyanın yeni müdafiə naziri Qrant Şapps da Kiyevə səfər edib.

O Ukrayna prezidenti ilə görüşüb. Zelenski bu görüşdə Londona güclü maliyyə, müdafiə və humanitar dəstəyinə görə təşəkkürünü bildirib.

Bu görüşdə də Ukrayna hava hücumundan müdafiə (HHM) qüvvələrinin gücləndirilməsi məsələsi müzakirə olunub.

Fransanın müdafiə naziri Sebastyan Lekornyu isə Kiyevə ölkəsinin 20-dək müdafiə sənayesi şirkətinin nümayəndələri ilə gəlib.

Le Figaro yazır ki, nazirin Kiyevə bu səfəri məlum səbəblərə görə məxfi saxlanırdı.

Lekornyunun Ukraynanın müdafiə naziri Rustem Umerovla da görüşü nəzərdə tutulub.

Görüş zamanı Ukraynanın hərbi ehtiyacları müzakirə olunub.

Ukrayna Rusiyanın kütləvi dron hücumunu dəf etdiyini deyir

Ukrayna ordusu ölkənin cənubunda Rusiyanın dron hücumları dalğasını dəf etdiyini bildirir. Şərqdə və cənubda Rusiya qüvvələri ilə ağır döyüşlər davam etməkdədir.

Havadan müdafiə qüvvələrinin məlumatına görə, sentyabrın 28-də səhər Rusiyanın buraxdığı 44 İran istehsalı Şahid dronlarından 34-ü vurulub, Ukraynanın bir sıra regionlarında hava həyəcanı verilib.

Bundan öncə ordunun sözçüsü Nataliya Humenyuk demişdi ki, Rusiya Ukraynanın cənubu boyunca dron hücumları dalğası gerçəkləşdirib.

Rusiya “təzyiqi və yeni taktika axtarışını məhz kütləvi hücumlara əl ataraq dayandırmır”, – Humenyuk Telegram-da yazıb.

Ukrayna
Ukrayna

Xerson atəş altında

Son hücumdan öncə, sentyabrın 27-də axşam Ukraynanın cənubi Xerson şəhəri atəşə tutulub. Rusiya Xersonun Ukraynanın nəzarətində olan hissəsini daim atəşə tutur. Moskva ötən il eyniadlı vilayətin paytaxtından çıxıb.

Bu arada şərqi Donetsk vilayətində, Baxmut, Avdiyevka, Mariinkada ağır döyüşlərin getdiyi xəbər verilir. Ukrayna qüvvələri Robotine kəndində mövqelərini möhkəmləndirirlər. Rusiya qüvvələri dəfələrlə kəndi geri almağa çalışıb.

Prezident Volodimir Zelenski sentyabrın 27-də deyib ki, Ukrayna qüvvələri Donetskdə Rusiyaya qarşı möhkəmlənir.

“Donetsk istiqamətində irəliləyirik. Rusiyalılar artilleriyanın əhatələyə bildiyi əraziləri terrorizə etməkdədir”, – Zelenski deyib.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı irimiqyaslı hücuma başlayıb.

XS
SM
MD
LG