Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:25

'Müharibəni tənqid etmək bu maddənin tətbiqi altına düşə bilməz'


İctimai fəallar niyə həbs olunur?
Gözlə

No media source currently available

0:00 0:03:07 0:00

İctimai fəallar niyə həbs olunur?

Son günlər Azərbaycanda bir sıra fəalların prokurorluğa, Dövlət Təhlükəsizliyi Xidmətinə çağırıldığı bildirilir. Onlardan bir neçəsinin məhkəmələrin qərarı ilə 30 sutka müddətinə inzibati qaydada həbs olunduğu açıqlanıb. Onların həbsi rəsmi qaydada İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycanın Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsi ilə əsaslandırılıb. Amma həmin şəxslərin bəzilərinin yaxınları deyir ki, fəallar müharibənin, hərbi əməliyyatların əleyhinə olmaları ilə bağlı sadəcə fikirlərini ifadə ediblər.

Bu ara bəzi vətəndaşlar da belə paralellər aparırlar ki, hakimiyyətin Qarabağda elan etdiyi son "antiterror tədbirləri" zamanı sosial şəbəkələr nəzarətə götürülür, amma əməliyyatlara yaxın ərazilərdə əhalinin təhlükəsizliyi baxımından maarifləndirici tədbirlər görülmür.

F.Mustafa
F.Mustafa

"Dəfələrlə Müdafiə Nazirliyi xəbərdar edir ki..."

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa "Turan"a bildirib ki, ifadə azadlığının hüdudlarını müəyyənləşdirmək özü də çətindir: "Dövlətin apardığı hansısa bir antiterror əməliyyatına qarşı fikir yürüdülürsə, bu, insanın fikir hürriyyətinə aid olan məsələ sayıla bilər... Amma praktiki tərəfdən dövlətin apardığı bir siyasət var. Dəfələrlə Müdafiə Nazirliyi, Baş Prokurorluq xəbərdar edir ki, bu kimi məsələlərdə informasiyanı yayanda diqqətlə yanaşılsın".

Komitə üzvünün fikrincə, "qəhrəman" olub-olmamaq, hansısa bir formada özünü təsdiq edib-etməmək barədə də insanlar özləri qərar verməlidir: "Əgər qəhrəman olmaq istəyirlərsə, onda onun bədəlini ödəməlidirlər. Yəni, dövlət, xalq müharibə aparır, sən də müharibə əleyhinə çıxış edirsən. Həmin çıxışlar bütövlükdə bu prosesə kölgə salmaqdır. Ona görə də biz bu məsələlərlə bağlı ciddi düşünməliyik və hər hansı bir şəkildə bunun cəmiyyətiçi təxribat xarakterli bir prosesə çevrilməsinin qarşısını almalıyıq".

"...Heç bir hüquqi əsası yoxdur"

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə AzadlıqRadiosuna bildirib ki, son günlərdə ictimai fəallara qarşı aparılan həbslərin heç bir hüquqi əsası yoxdur: "Sadəcə olaraq onlar hökumətə müxalif olduqlarına və müharibə ilə bağlı tənqidi fikirlərini yazdıqlarına görə həbs olunurlar. Onlara tətbiq olunan 388-1.1.1-ci maddə qanunla qadağan olunmuş informasiyaların yayılmasını nəzərdə tutur, yəni, hansısa qapalı məlumatın, dövlət və ya hərbi sirrin yayılmasından söhbət gedir. Amma müharibə əleyhinə çıxış etmək, müharibəni tənqid etmək bu maddənin tətbiqi altına düşə bilməz".

Hüquq müdafiəçisi vurğulayıb ki, bu, həmin vətəndaşların fikridir və hamı eyni fikirdə ola bilməz, olmalı da deyillər: "Fikir müxtəlifliyi, fikir plüralizmi onu ehtiva edir ki, insanlar fərqli fikirləşə bilər və öz fikrinə görə təqibə, təzyiqə məruz qalmamalıdırlar".

B.Süleymanlı
B.Süleymanlı

"Münaqişə olduğu bölgədə insanlar kifayət qədər məlumatlandırılmır"

Əvvəlcədən təhlükəsizliklə bağlı vətəndaşların məlumatlandırmasına gəlincə, ekspertin qənaətinə görə, bu məsələdə kifayət qədər problemlər var: "Münaqişə olduğu bölgədə insanlar kifayət qədər məlumatlandırılmır. Əvvəlki dövrdə də dezinformasiyalar ortaya çıxırdı, indiki dövrdə də bəzən bilməyən vətəndaşlardan zərərli məlumatlar və videolar qoyulurdu. Düzdür, indi hökumət TikTok-a girişi məhdudlaşdırdı, amma belə məhdudlaşdırmalardansa insanları maarifləndirmək, məlumatlandırmaq daha doğru olardı".

Son günlər baş verənlər

  • Sentyabrın 19-da rəsmi Bakı "lokal antiterror tədbirləri"nə başladığını elan edərək erməni silahlı qüvvələrinin regiondan çıxarılmasını tələb edib.
  • Sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlandı. Açıqlamaya görə, razılığa əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər hələ ki, sülh müqaviləsi imzalaya bilməyiblər.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG