Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:28

Məktəblərin bilgisayar və internet təminatı necədir?


Ötən il Azərbaycan məktəblərində hər kompüterdən 16 şagird yararlanıb.
Ötən il Azərbaycan məktəblərində hər kompüterdən 16 şagird yararlanıb.

Azərbaycanda məktəblərin kompüterlə - bilgisayarla təminatı uzun illərdir hökumətin gündəmindədir. Hələ 2012-ci ildə qəbul edilmiş "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasında hökumət vəd vermişdi ki, 2020-ci ilədək bütün şagirdlər "1 şagird - 1 kompüter" layihəsi çərçivəsində bilgisayarla təmin ediləcək. Ancaq sözügedən konsepsiyadakı bir çox digər hədəf kimi, hökumət bu vədinə də xilaf çıxdı. Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı bilgilərə görə, 2020-ci ildə Azərbaycan məktəblərində 18 şagirdə bir kompüter düşüb. Heç sonrakı illərdə də hökumət vədini gerçəkləşdirə bilməyib. Açıqlanan rəqəmlərə görə, ötən il Azərbaycan məktəblərində hər kompüterdən 16 şagird yararlanıb.

Təhsil Nazirliyinin açıqlamalarından o da bəlli olur ki, hökumət qarşıdakı illərdə də 2020-ci ildə çatmaq istədiyi səviyyəyə yetişə bilməyəcək. Axı Təhsil naziri Emin Əmrullayev 2022-ci ilin aprelində bildirmişdi ki, növbəti üç il ərzində məktəblərə kompüterlərin verilməsi nəticəsində hər altı uşağa bir bilgisayar düşəcək.

Ölkənin regionlarında da internet və bilgisayar istifadəsi paytaxtla müqayisədə geri qalır. Bu durum ölkə məktəblərində internet təminatını daha vacib amilə çevirir. Axı məktəblərin internetə çıxışı olmadığı, dolayısıyla şagirdlərə bilgisayar və internet istifadəsi aşılanmadığı ortamda onların öz evlərində də bu bacarıqlara yiyələnmək şansı azalır. DSK-nın araşdırmasına görə, Azərbaycandakı ev təsərrüfatlarının cəmi 76 faizində bilgisayar var. Deməli, hər dörd evdən birində bilgisayar yoxdur. Kəndlərdə bu göstərici daha aşağıdır – 100 evin 65-də sözügedən təminat yoxdur.

Unutmaq olmaz ki, ölkədə hətta tədris edilən materialların da böyük bölümünü şagirdlər mənimsəmir. İmtahan nəticələrinin təhlili ilə bağlı hesabatında Dövlət İmtahan Mərkəzi bildirib ki, ortastatistik abituriyent fənlər üzrə testlərin yalnız 27-57 faizinə düzgün cavab verib: "Test tapşırıqlarının təhsil proqramı çərçivəsində hazırlandığını və bu çərçivədən kənara çıxmadığını, qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, ortastatistik məzun təhsil proqramının, fənlərdən asılı olaraq, ortalama 43–73 faizini mənimsəmir. Bu isə ümumi təhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası, müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir".

Regional bərabərsizliklər

Rəsmi rəqəmlər göstərir ki, məktəblərin bilgisayar təminatında böyük regional fərqlər var. Hər bilgisayara düşən şagird sayına görə ən yaxşı nəticə Naxçıvan Muxtar Respublikasında qeydə alınıb. Burada doqquz şagirdə bir bilgisayar düşür. Bu baxımdan, Naxçıvanda qeydə alınan göstərici ölkə ortalamasından təxminən iki dəfə yaxşıdır. Şagirdlərin bilgisayar təminatı ilə bağlı ən pis göstərici Abşeron-Xızı iqtisadi rayonunda, başqa deyimlə, Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarında qeydə alınıb. Bu iqtisadi rayonda 26 şagirdə bir bilgisayar düşür. Paytaxt Bakıda 14 şagird bir bilgisayardan faydalanır.

Ötən il bütövlükdə ölkə məktəblərinin 99.2 faizində, ən azı, bir bilgisayar olub. Bu o deməkdir ki, Azərbaycandakı təxminən 40-a yaxın məktəbdə bir bilgisayar belə yoxdur.

Məktəblərin internetlə təminatı

Məktəblərin mütləq əksəriyyətində bilgisayar olsa da, internetlə təminat göstəricisi daha aşağıdır. Hazırda ölkədəki məktəblərin cəmi 76 faizinin internetə çıxışı var. Başqa deyimlə, ölkədəki hər dörd məktəbdən birində internet yoxdur. İnternetlə təminat baxımından paytaxtdankənar yerlər daha pis durumdadır. Kənd məktəblərində internetlə təminatı cəmi 69 faizdir. Deməli, təxminən hər üç kənd məktəbindən birində şagirdlərin internetə qoşulmaq imkanı yoxdur.

İnternetə çıxış imkanı baxımından ölkədə ən zəif nəticə Lənkəran-Astara iqtisadi rayonunda qeydə alınıb. Bu regiondakı məktəblərin internetə çıxış göstəricisi cəmi 58 faizdir. Abşeron yarımadasında və Naxçıvanda eyni göstərici 100 faizdir. Rəsmi rəqəmlərə görə, Azərbaycandakı şagirdlərin cəmi 57 faizi internetdən yararlanır. Kəndlərdə yaşayan hər 100 şagirddənsə 45-i internetdən yararlana bilir.

DSK-nın açıqladığı rəqəmlər arasında lokal şəbəkə, elektron poçt və vebsəhifəsinin mövcud olduğu məktəblərə dair göstəricilər də yer alır. Bəlli olur ki, ölkədəki məktəblərin cəmi 41 faizində lokal şəbəkə var. Məktəblərin 26 faizinin elektron poçtu və 83 faizinin vebsaytı yoxdur.

XS
SM
MD
LG