Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:18

Məşqdə öldürülən uşaqla bağlı məhkəmə qapalı keçiriləcək: 'Şəxsi yazışmalar var...'


Sumqayıtdakı məktəblərdən birinin idman zalında məşq vaxtı 7-yaşlı Fərid Bakarovu döyüb öldürməkdə ittiham olunan sambo üzrə məşqçi Mehman Xəlilovun məhkəməsi başlayıb. Azyaşlının ölümüylə bağlı cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılır.

Məhkəmədə zərərçəkmişin hüquqi varisi qismində uşağın anası Aynurə Məlikova tanınıb. Sentyabrın 7-də məhkəmədə o, jurnalistlərin iştirakına etiraz edib. Tələb edib ki, ümumiyyətlə, bu məhkəmə prosesi qapalı keçirilsin.

“Bu, onunla mənim aramda olan məsələdir. Nə söhbətlər olubsa da, onunla mənim aramdadır, özümüz bilirik. Şou yaradılmasını istəmirəm. O biri oğlum məktəbə gedir”, – Məlikova məhkəmənin qapalı keçirilməsi haqda tələbini belə əsaslandırıb.

“İşdə başqa məqamlar var”

29-yaşlı Xəlilovun vəkili Anar Qasımlı isə bildirib ki, məhkəmə prosesinin açıq və ya qapalı keçirilməsi onlar üçün o qədər fərq eləmir. Hərçənd, bir sıra həqiqətlərin ictimaiyyətə çatdırılması baxımından açıq keçirilməsində daha çox maraqlıdırlar:

“İdman zalından görüntünün yayılması cəmiyyətdə hüquqlarını müdafiə etdiyim şəxsə qarşı xüsusi qəzəb yaratdı. Bu da sonda ona çox ağır ittihamlar verilməsilə nəticələndi. Halbuki, işdə başqa məqamlar var və onlar təqsirləndirilən şəxsin xeyrinə yozula bilər...”

Hakimlər öz aralarında müzakirə edəndən sonra bu iş üzrə məhkəmə araşdırmalarını qapalı keçirmək qərarına gəliblər.

“Bu cinayət işində şəxsi həyata aid, ailə sirri hesab olunan məsələlər, yazışmalar var. Ona görə hesab edirik ki, məhkəmə istintaqının qapalı keçirilməsi məqsədəuyğundur”, – hakim Fəhmin Hümbətov qərarı belə əsaslandırıb.

İttiham ağırlaşdırılıb

Aprelin 29-da məşq zamanı ağır xəsarətlər alan Fərid Bakarov Sumqayıtdakı uşaq xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra sosial şəbəkələrdə videogörüntülər yayılıb. Həmin görüntülərdə məşqçi azyaşlını başından tutub, idman döşəyinin üstünə tullayır və s.

İstintaqın əvvəlində Xəlilova qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ölümə səbəb olduqda) maddəsilə ittiham irəli sürülsə də, sonda ittiham ağırlaşdırılıb. O, hazırda CM-in 120.2.4 və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə qəsdən adamı öldürmə) maddələrilə mühakimə olunur. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

AzadlıqRadiosu-nun əldə etdiyi məlumata görə, Xəlilov qəsdən adam öldürmə ittihamını qəbul etmir. O, uşağı öldürmək niyyətinin olmadığını, ehtiyatsızlıqdan bu hadisənin baş verdiyini bildirir.

XS
SM
MD
LG