Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:38

Deputatın məhkəməyə gəlməsi tələb olunur: onun əleyhinə ifadələr var


Səttar Möhbaliyev
Səttar Möhbaliyev

Səttar Möhbalıyevin adı milyonluq dələduzluqla bağlı cinayət işində hallanır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevin adı xeyli vaxtdır ki, milyonluq dələduzluqla bağlı cinayət işində hallanır. Söhbət metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən “Məhsul” stadionunun ərazisini satmaq adıyla tikinti şirkətlərinin rəhbərlərinin aldadılmasından gedir. Buna görə dəfələrlə deputatın dindirilməsi tələb olunub.

Sentyabrın 4-də bu məsələni növbəti dəfə Bakı Ağır Cinayətlər Məhkəməsində vəkil Aslan İsmayılov qaldırıb.

Aslan İsmayılov
Aslan İsmayılov

Bu cinayət işi üzrə həbsdə olan iki nəfər – stadionun keçmiş direktoru Alik Həsənov və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeçiliyindəki İdman Təşkilatları Assosiasiyasının sədri olmuş Nadir Əliyevdir. Onlar xüsusilə külli miqdarda dələduzluq, rüşvət verməyə təhrik kimi əməllərdə ittiham olunurlar.

Cinayət işinin materiallarında deyilir ki...

Cinayət işinin materiallarında iddia olunur ki, 1,26 hektar sahəsində yerləşən stadionun ərazisini bina tikintisi üçün şirkət rəhbərlərindən birinə 5.5 milyon manata satmağa razılaşıblar. Bu məsələnin həllindən ötrü üçün Möhbalıyevə rüşvət kimi çatdırmaq adıyla sahibkardan 900 min manat alıblar.

Başqa bir epizodda stadion ərazisinin ayrı sahibkara 8 milyon manata satmağa razılaşdırıldığı, ondan Möhbalıyevə verməkdən ötrü 360 min manat alındığı iddia edilir.

Səttar Möhbaliyev
Səttar Möhbaliyev

İttihama əsasən, deputata vermək adıyla alınmış pulları təqsirləndirilən şəxslər özləri götürüb. Amma onlar deyir ki, belə deyil. Təqsirləndirilən şəxslərin sözlərinə görə, onlar sadəcə, vasitəçi olublar, bütün məsələlərdən Möhbalıyevin özünün məlumatı və razılığı olub.

Zərərçəkmiş qismində tanınan sahibkarlar da deputatın proseslərin içində olduğunu bildirirlər.

“Həm təqsirləndirilən şəxslər, həm də zərərçəkənlər bu adamın adını çəkir”

Zərərçəkmişlərin nümayəndəsi və vəkili Aslan İsmayılov da deyir ki, Möhbalıyev dindirilmədən bu iş üzrə obyektiv, ədalətli hökm çıxarıla bilməz.

“Biz istintaqda da onun dindirilməsi barədə vəsatət qaldırmışdıq, təəssüf ki, təmin olunmadı. Məhkəmədə də bu məsələni qaldırırıq, hələ ki, əhəmiyyət verilmir. Halbuki, bu çox vacibdir. Həm təqsirləndirilən şəxslər, həm də zərərçəkənlər bu adamın adını çəkir, onun işin içində olduğunu deyir. Onu dindirmədən bu işə necə baxmaq olar?”, – İsmayılov bildirib.

Vəkilin sözlərinə görə, təqsirləndirilən Nadir Əliyev zərərçəkmişlərdən aldığı pulu aparıb deputata verdiyini istintaqa ifadəsində göstərib. Buna baxmayaraq, çağırıb Möhbalıyevi dindirməyiblər, həmin pulu alıb-almadığını soruşmayıblar.

İsmayılovun deputat haqqında qaldırdığı vəsatət baxılmamış saxlanılıb. Təqsirləndirilən iki nəfər hələ ki, məhkəmədə ifadə verməyib. Onlar deyib ki, zərərçəkənlər dindiriləndən sonra ətraflı danışacaqlar.

Bu cinayət işi üzrə məhkəmə araşdırmaları sentyabrın 25-də davam edəcək. Alik HəsənovNadir Əliyevə ittiham verilən Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsində 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG