Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:41

Zelenski ölkəsinin hansı ‘uzaqvuran silahının’ uğurundan danışır?


Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin silahlı qüvvələrinin “uzaqvuran silahı” uğurla tətbiq etdiyini bəyan edib.

Onun sözlərinə görə bu silahın tətbiq edilməsi ilə 700 kilometrlik məsafədə olan hədəf vurulub.

Zelenski bu barədə məlumatı gündəlik selektor müşavirəsində verib.

Bu müşavirədə Ukrayna ordusunun baş komandanı general Valeri Zalujnının döyüş meydanlarındakı vəziyyətə dair məruzəsi dinlənilib.

Zelenski sözü gedən silah barədə detallı məlumat verməyib. Bu məlumatda söhbətin hansı hədəfdən getdiyi də məlum olmur. Amma bu informasiya Rusiyanın Pskov vilayətindəki aerodroma dron hücumu xəbərlərindən sonra yayılıb. Pskov Ukrayna sərhədlərindən 800 kilometr məsafədə yerləşir.

Raket atışının videosu

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının başçısı Aleksey Danilov özünün Facebook səhifəsində raket atışını görüntüləyən video dərc edib.

Danilov bu videoya şərhdə “Ukrayna prezidentinin raket proqramı” yazıb və Rusiyanın Lyube qrupunun mahnısından iqtibas verib: “Gözləyir Sevastopol, gözləyir Kamçatka, gözləyir Kronştatd...”

Avqutsun 30-da hücuma məruz qalmış Pskov aerodromunda hərbi və mülki təyyarələr yerləşdirilib.

Dron zərbələrindən sonra həmin aerodromda yanğın başlayıb. Müxtəlif təxminlərə görə zərbələr nəticəsində Rusiyanın ikidən altıyadək İl-76 hərbi nəqliyyat təyyarəsinə ziyan dəyib.

Pskovdakı aerodromda Rusiyanın qırmızı bayraqlı Berlin aviasiya alayı mənzillənib.

Bu alay Ukrayna müharibəsində fəal iştirak edir. Bundan başqa bu aerodromda habelə 76-cı desant-hücum diviziyası yerləşir.

Bu diviziya Ukrayna cəbhəsinə desant atılması üçün İl-76 hərbi-nəqliyyat təyyarələrindən istifadə edir.

Rusiya könüllüləri Kursk aerodromuna zərbə endirdiklərini deyirlər

Ukraynanın tərəfində döyüşən Rusiya Könüllü Korpusu (RKK) avqustun 27-də Rusiyadakı Kursk aerodromuna hücuma görə məsuliyyəti üzərinə götürüb.

RKK bildirib ki, Ukrayna Təhlükəsizlik Xidməti – SBU ilə birgə keçirilən bu əməliyyat son dərəcə uğurlu olub:

"Avqustun 27-də gecə biz heç bir maneəyə rast gəlmədən dəlmə-deşik sərhədi keçərək hərbi obyektə dronlarla zərbə endirmişik. Bütün müəyyənləşdirilmiş hədəflər vurulub. Vurğulayırıq: Bu hədəflər dinc Ukrayna şəhərlərinə iztirab və ölüm gətirən qanuni hədəflər idi”.

RKK iddia edir ki, Kurskda binanın üzərinə dron düşməsi Rusiya hava hücumundan müdafiə qüvvələrinin hərəkətlərinə görə olub.

Bu qüvvələr sözü gedən aerodromdakı təyyarələri mühafizə edirdilər.

Hərbi hədəflər

RKK hücum nəticəsində Rusiyanın neçə təyyarəsinin sıradan çıxarıldığını bildirmir.

Nə Rusiya Müdafiə Nazirliyi, nə Kursk vilayətinin hakimiyyəti, nə də SBU RKK-nın bu bəyanatını şərh etməyiblər.

Avqustun 27-də Rusiyanın Müdafiə Nazirliyi Kursk vilayətinə hücum edən dronların məhv edilməsi barədə məlumat yaymışdı.

Regionun qubernatoru Roman Starovoyt bildirmişdi ki, dron Kurskda çoxmərtəbəli yaşayış binasına çırpılıb.

Agentstvo saytı bildirir ki, sözü gedən binanın 300 metrlyində iki hərbi obyekt yerləşir.

Bunlardan biri əlahiddə radioelektron mübarizə briqadasıdır. Briqadanın vəzifəsi dronları zərərsizləşdirməkdir.

İkinci obyekt isə 1383 nömrəli hərbi hissənin mərkəzi texniki aviasiya bazasıdır.

Rusiya könüllüləri kimlərdir?

Bunun ardınca RBK-Ukraina agentliyindəki mənbə SBU-ya istinadla bildirmişdi ki, Kurskdakı aerodroma dron hücumu edilib.

Mənbə SBU-ya istinadla bildirirdi ki, aerodromda 3 Su-30 və bir MiG-29 təyyarəsinə zərbə endirilib.

Bu da xəbər verilirdi ki, dronlarla habelə S-300 kompleksinin radarları və iki Pantsir zenit-raket qurğusu vurulub.

Məlumatlarda bu hücumda Rusiya Könüllü Korpusunun iştirakı barədə heç bir söz deyilmirdi.

Rusiya Könüllü Korpusu və “Azad Rusiya” legionu Ukraynanın tərəfində döyüşən Rusiya vətəndaşlarından ibarət hərbi birləşmələrdir.

Bundan əvvəl bu birləşmələr Rusiyanın Belqorod və Bryansk vilayətlərinə hərbi reydlər keçiriblər.

Ukrayna komandanlığı bu birləşmələrin rəsmən onun tabeçiliyində olduğunu təsdiq etmir.

XS
SM
MD
LG