Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:52

Rusiya neftinin qiymət həddi aşağı salınacaqmı?


Xam neft tankeri və quru yük gəmisi Rusiyanın Naxodka körfəzində.
Xam neft tankeri və quru yük gəmisi Rusiyanın Naxodka körfəzində.

Qərbdəki sanksiya tərəfdarları rublun bu il kəskin dəyərsizləşməsini Rusiyaya qarşı iqtisadi cəzaların nəticə verməyə başlamasının danılmaz əlaməti sayırlar. Onların fikrincə, Yeddilər Qrupuna (G7-yə) daxil dövlətlər dəmiri isti-isti döyməli, Rusiya xam neftinə qoyduqları maksimal qiymət həddini bir az da aşağı çəkməlidirlər. Hazırda bu qiymət həddi 60 dollardır. Məqsəd - Kremlin gəlirlərini azaltmaq, prezident Vladimir Putini iqtisadi sabitliklə hərbi xərclər arasında seçim etməyə məcbur qoymaqdır.

"Rusiyanın təcili addımlara ehtiyacı var"

Rusiya Mərkəzi Bankı 1 rublun dəyərcə 1 ABŞ sentindən aşağı düşməsindən sonra bu ay təcili görüş keçirərək uçot dərəcələrini birdən-birə 3.5 faiz qaldırıb və, beləcə, rublun məzənnəsinin ilin əvvəlindən bəri qeydə alınan 30 faizlik düşüşünü məhdudlaşdırıb.

"Rublu sabitləşdirmək üçün Rusiyanın təcili artımlara ehtiyacı var. Əlimizdə Putinə layiq olduğu maliyyə böhranını vermək gücü var. Biz, sadəcə, G7-nin qiymət həddini aşağı endirməliyik", - Vaşinqtonda fəaliyyət göstərən Beynəlxalq Maliyyə İnstitutunun baş iqtisadçısı Robin Bruks avqustun 15-də paylaşdığı postda belə deyib.

Rusiya Mərkəzi Bankının keçmiş təhlilçisi Aleksandra Prokopenko da bu fikri dəstəkləyir. O iddia edir ki, sanksiyalar effekt verir və Moskvanın tək nağd pul mənbəyi olan neftə görə aldığı pulu azaltmaq Putinin iqtisadiyyatını ağır duruma salacaq.

Hazırda Berlindəki Karneqi Rusiya Avrasiya Mərkəzinin qeyri-rezident tədqiqatçısı olan Prokopenko deyib ki, uğursuz hücumu nəyin bahasına olur-olsun davam etdirməkdən ötrü Rusiya prezidentinin israrı iqtisadiyyatı get-gedə daha da zəiflədir. O, avqustun 17-də "Bloomberg"ə yazdığı köşə yazısında qeyd edib ki, "Qərb Kremlin gəlir mənbələrini hədəfə almağı davam etdirməli, o cümlədən neftə qoyulan qiymət həddini endirməli, Rusiyanın idxal etdiyi digər mallara qarşı da oxşar addımlar atmalı və sanksiyalardakı boşluqları bağlamalıdır".

Tələsməyə dəyməz?

Ancaq bəzi neft ekspertləri deyir ki, bu qədər tələsməyə dəyməz. Təhlilçilər G7-nin qiymət həddini endirməsinin dünyada neft təchizatı ilə bağlı narahatlıqları artıracağı və nəticədə xam neft qiymətlərini daha da yuxarı qaldıracağı barədə xəbərdarlıq edirlər. Onlar deyirlər ki, neftə tələbatın yüksək olduğu indiki dövrdə belə bir addım G7 ölkələrinin özlərinə ziyan vurar, Rusiyanın gəlirlərinə isə çox da təsir etməz.

"Əgər sabah G7 gəlib desə ki, qiymət həddi 50 dollardır, böyük ehtimalla neft qiymətlərinin daha da artmasına şahid olacaqsınız. Sanksiyaların sərtləşdirilməsindən dərhal sonra gələn reaksiya həmişə neft qiymətlərinin artması olur, axı təchizatın kəsilməsi ilə bağlı qorxu yaranır", - Osloda fəaliyyət göstərən "Rystad Energy" araşdırma şirkətinin təhlilçisi Yorqe Leonun sözləridir.

"Məncə, G7 üçün ən yaxşısı qayığı silkələməməkdir", - o, fikrini belə yekunlaşdırıb.

Ekspertlər deyirlər ki, onsuz da onilliklər boyunca ən yüksək inflyasiya ilə üzləşməli olan və enerji qiymətlərinin qalxaraq vəziyyətin daha da pisləşməsini istəməyən G7 liderlərinin çoxu bu narahatlığı bölüşür. Yaşayış qiymətlərinin kəskin artması ABŞ prezidenti Co Baydenin gələn il yenidən prezident seçilməsinə mane olacaq ən böyük amillərdən biri sayılır.

Qiymət həddinin effektivliyi ilə bağlı debat onun tətbiq edildiyi dekabr ayından bəri davam edir. Səkkiz ay keçsə də, onun nə dərəcədə işə yaradığına dair heç bir ortaq fikir yoxdur. Axı Rusiyanın neftdən əldə etdiyi gəlirə, eyni zamanda, Qərbə dəniz daşımalarına qoyulan embarqo, habelə OPEC+-un hasilata qoyduğu məhdudiyyətlər də təsir göstərir.

Dəniz yolu ilə daşınan xam neftə qoyulan embarqo ilə birlikdə qiymət həddi də qüvvəyə minəndə Rusiyanın "Ural" brendi artıq bareli 60 dollardan da aşağı satılırdı. Bu qiymət Avropanın "Brent" neftinin satıldığı qiymətdən xeyli ucuz idi.

Avropanın neft alternativləri nədir?
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00

Dünya miqyaslı iqtisadi xaos doğa bilər?

G7 Rusiya neftinin dünya bazarlarına çıxmasına yenə təminat versə də, Rusiyanın gəlirini məhdudlaşdırmağa çalışdı. Yeddilər Qrupu Rusiyanın ixracatı məhdudlaşdıracağından qorxaraq qiymət həddinin 30-40 dollara endirilməsi ilə bağlı çağırışlara məhəl qoymadı. Axı Rusiyanın ixracatı məhdudlaşdırması dünya miqyaslı iqtisadi xaos doğura bilərdi. Rusiya Səudiyyə Ərəbistanından sonra dünyanın ikinci ən iri neft ixracatçısıdır.

Qiymət həddi siyasəti Rusiya nefti bir bareli 60 dollardan yuxarı satılanda Qərb vasitəçilərinin, o cümlədən nəqliyyat və sığorta şirkətlərinin öz xidmətlərini təklif etmələrinin qarşısını alır. Qərb şirkətləri, ənənəvi olaraq, bu sahələrdə dominant olduqlarından onları oyundan çıxarmaq Rusiyanın fəaliyyətini məhdudlaşdırmağa kömək edir.

Rusiya bu məhdudiyyətlərin öhdəsindən gəlmək üçün paralel infrastruktur qurmağa çalışır. Bu nəhəng ölkə yüzlərlə köhnə tanker satın alıb və gəmilərin yenidən sığortalanmasına 9 milyard dollar ayırıb. Ekspertlər deyirlər ki, Rusiya nəqliyyat xərclərini şişirdərək nefti hansı qiymətə satdığını gizlətmək istəyir.

Beynəlxalq Enerji Agentliyinin bilgilərinə görə, ötən ay Rusiya neftinin orta qiyməti 64.31 dollar olub. Qiymət limitini aşan bu rəqəm neft ixracından gələn gəliri son səkkiz aydakı rekord həddə çatdırıb. Bu qiymət hələ də "Brent"in dəyərindən aşağı olsa da, aradakı fərq 35 dollardan 10 dollara enib. Bu da qiymət həddinin öz gücünü itirməsinin daha bir göstəricisidir.

Hər şeyin bir yolu var?

Vaşinqtonda yerləşən Beynəlxalq və Strateji Elmlər Mərkəzinin eksperti Ben Kehill deyir ki, sanksiyaların təsiri get-gedə zəifləməyə meylli olur, çünki hiyləgər adamlar hər şeyin bir yolunu tapırlar: "Son 10-15 ildə enerji sanksiyalarının hekayəti budur ki, bazar onlardan yayınmağın yetərincə ağıllı üsullarını tapır. Özü də sanksiyalar nə qədər uzun zaman qalırsa, sızıntı bir o qədər çox olur. Özəlliklə bazar məhdud olanda".

ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo iyun ayında deyib ki, qlobal neft qiymətlərinin bu yaxınlarda kəskin artmasından öncə qiymət həddi siyasəti işləyirdi. Onun sözlərinə görə, yenidən sığortalamaya Rusiyanın ayırıb kənara qoyduğu pul Kremlin Ukraynada apardığı qanunsuz müharibədə işlətmək üçün tanklara və digər silahlara yatıra bilməyəcəyi puldur.

Peterson Beynəlxalq İqtisadiyyat İnstitutunun ekspertləri iyul ayında bildiriblər ki, Rusiyanın neft gəlirlərinə qiymət həddinin təsiri embarqonun təsirindən daha az olub. Onların fikrincə, 60 dollarlıq limit bir çox hallarda gəlirlərə təsir üçün çox yüksəkdir və, üstəlik, bu sanksiyanın icrasına nəzarət mexanizmləri çatışmır.

Rusiyanın dəniz yolu ilə daşınan xam neftinə Avropanın embarqo qoyması Moskvanı məcbur edir ki, öz neftini Baltik və Qara dəniz limanlarından xeyli ucuz qiymətə Çin və Hindistana yönləndirsin.

Avropa ölkələrinin enerji problemi
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

Qiymət həddi siyasəti boşa çıxa bilər?

"AB-nin embarqosu qiymətləri o qədər endirib ki, 60 dollarlıq qiymət həddinin anlamı qalmayıb", - Peterson İnstitutunun ekspertləri belə deyirlər. Ancaq onlar qiymət həddini endirməyin çox şey verməyəcəyini də deyirlər.

"Qiymət həddini nə qədər aşağı endirsən, yayınma halları o qədər çox olacaq", - Kahillin sözləridir.

Harvard Universiteti Devis Mərkəzinin əməkdaşı, Rusiya neft sənayesi üzrə ekspert Kreyq Kennedi deyir ki, sanksiyaların icrası ilə bağlı tezcə tədbir görülməsə, qiymət həddi siyasəti sıradan çıxmaq riskiylə üzləşəcək.

Keçmiş sovet ölkələrinə fokuslanan "Macro-Advisory" konsaltinq şirkətinin təsisçisi Kris Uifer deyir ki, Rusiya neftinin qiymətinin indən belə hansı istiqamətə gedəcəyi xeyli dərəcədə Səudiyyə Ərəbistanından və Asiyadakı alıcılardan da asılı olacaq: "Mövcud və ya daha aşağı qiymət həddi yalnız o zaman işləyə bilər ki, Səudiyyə Ərəbistanı hasilatı artırsın və ya Asiyadakı alıcılar qiymət həddindən çox ödəməkdən boyun qaçırsınlar".

"Qızıl yumurtlayan qaz"dan kim əl çəkər?

Bunlardan hər hansı birinin baş verəcəyini demək mümkün deyil. Yaponiya istisna olmaqla, Asiya ölkələri G7-nin qiymət həddi siyasətinə tabe deyillər.

Səudiyyə Ərəbistanı iyul ayında qiyməti qaldırmaq üçün istehsalatı gündə 1 milyon barelədək azaldıb. Bununla da Rusiya neftinin qoyulan qiymət həddindən baha satılmasına şərait yaranıb. Səudiyyə Ərəbistanı daha sonra bu qərarını sentyabradək uzadıb. Bayden administrasiyası istehsalı yüksək səviyyədə saxlaması üçün Səudiyyə Ərəbistanına təzyiq edir. Neft istehsalının yüksək olması dünyadakı inflyasiyanı bir qədər səngidə bilər.

"Çin, Hindistan və Asiyanın digər ölkələrindəki alıcılar nefti endirimli qiymətlə ala bildikləri müddətcə "qızıl yumurtlayan qaz"ı, …öldürməkdə maraqlı deyillər", - Uifer belə deyir.

XS
SM
MD
LG