Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:31

Ukraynanın əkshücumundan ‘məyusluq artır’


Zaporojye vilayəti
Zaporojye vilayəti

Ukraynanın 47-ci mexanikləşdirilmiş briqadasının əsgərləri ABŞ-dan alınmış “Bradley” zireli maşınları ilə Robotıne kəndinə daxil olublar. Kəndin ön cəbhədən çıxarılmalarını gözləyən yorğun, tərli və susuz sakinləri onları sevinclə qarşılayıb.

"Əsgərlərimiz Robotıne kəndindədirlər", – Ukrayna cənub komandanlığının komandiri general Oleksandr Tarnavskiy avqustun 22-də “Telegram”da yazıb.

Ukraynanın Zaporojye bölgəsinin Orixiv şəhərinin cənubunda yerləşən Robotıne müharibədən öncə cəmi bir neçə yüz sakini olan kiçik yaşayış məntəqəsidir. Kənd Tokmak və Melitopol şəhərlərinə gedən yolun üzərində yerləşməsi baxımından əhəmiyyətlidir.

Ancaq ukraynalılar əvvəlcə Robotıneni burada qalmış Rusiya əsgərlərindən təmizləməlidirlər.

"Kobud desək, kənd hələ də bir neçə zonaya bölünüb. Bəzilərinə bizimkilər nəzarət edir. Bundan başqa boz zona və rus işğalçılarının hələ də nəzarət etdiyi bir neçə məntəqə var", – Azad Rusiya Legionu adlı desant birliyində xidmət edən əsgər Kostyantın Denısov video mesajla “Nastoyaşeye Vremya”ya deyib.

Əkshücum daha da yavaşıyıb

Ukraynanın üç səmtində davam edən əkshücumunun bu istiqamətində məqsəd Azov dənizinə çıxmaq və Rusiya ordusunun Krım yarımadasını gücləndirmək üçün istifadə etdiyi quru yolunu kəsməkdir.

Ancaq Qərbdə təlim görmüş, Qərb silahları ilə təchiz olunmuş doqquz yeni briqadanın yaradılmasına baxmayaraq, Kiyevin onsuz da yavaş yay əkshücumu daha da yavaşıyıb. Bu hücum Ukrayna ordusunun ötən il Xarkov və Xerson bölgələrində əldə etdiyi uğurları çox az xatırladır.

Təxminən bir həftə bundan öncə Ukrayna dəniz piyadaları Robotınedən 100 kilometr şimal-şərqdəki Urojayne yaşayış məntəqəsinə daxil olublar. Ancaq onların kəndi geri alması üç həftə çəkib. Ukrayna qoşunları Urajayneyə doğru Staromayorske istiqamətindən irəliləyiblər. Ancaq işğalçı qoşunları Staromayorskedən çıxarmaq da bir neçə həftəyə mümkün olub.

“Ukrayna ordusu Rusiya müdafiə xətlərini çeynəməklə məşğuldur”

"Təzə olan Ukraynanın əkshücumunun məyusedici nəticələridir”, – istefada olan ABŞ dəniz polkovniki, hazırda Vaşinqtonda fəaliyyət göstərən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş məsləhətçisi Mark Cancian özünün bir onlayn təhlilində yazır.

"Əkshücum iki ay öncə başlasa da, Ukrayna ordusu hələ də Rusiya müdafiə xətlərini çeynəməklə məşğuldur. Məyusluq artır”, – o yazır.

"…Hücumla bağlı hazırkı vəziyyəti izləyən təhlilçilərin onun gedişatı və strateji uğurlar əldə etməsi, Azov dənizi sahilinə, yaxud Melitopol və ya Berdyansk kimi şəhərlərə çıxması məsələsində …xeyli bədbinləşməsi [başa düşüləndir]”, – veteran hərbi ekspert, Karnegi Beynəlxalq Sülh Fondunun baş tədqiqatçısı Maykl Kofman avqustun 22-də paylaşılmış podkastda deyib.

"Bu o demək deyil ki, bu əkshücum ümumən hələ də ciddi irəliləyiş əldə edə bilməz. …Cəmi bir neçə həftə ərzində çox şey dəyişə bilər. Ancaq …son bir neçə ayda baş verənləri nəzərə alanda adamların get-gedə bədbinləşdiyini görürük”, – o söyləyib.

Səngərlər, mina sahələri, “əjdaha dişi”

Yenidən qruplaşma və təchizatı yeniləmə işlərinin aparıldığı, Rusiya ordusunun hücumlarının dəf edildiyi qış aylarından sonra iyunda Ukrayna 1200 kilometrlik cəbhə xətti boyunca üç istiqamətdə əkshücuma başlayıb.

Qərbdən alınmış hərbi maşın və silahların köməyilə gerçəkləşdirilən bu əkshücuma böyük ümidlər bəslənməkdə idi. ABŞ-dan alınmış “Bradley” zirehli maşınları, Almaniyadan alınan “Leopard” tankları və “Marder” piyada maşınları, Fransadan alınan, yük maşınlarına yüklənə bilən “Caesar” haubitsaları Ukrayna ordusunun Rusiyanın müdafiə xətlərini yarmasına və xeyli ərazini geri almasına kömək etməli idi.

Ancaq hücum davam etdikcə Ukrayna birlikləri Rusiyanın aylar ərzində tikdiyi müdafiə xətləri – tank əleyhinə səngərlər, mina sahələri və “əjdaha dişi” kimi tanınan tank əleyhinə istehkamlarla üzləşməli oldular.

Məsələn, iyunun 8-də Robotınedən 10 kilometr şimalda, Mala Tokmaçka kəndi yaxınlığında Ukrayna ordusunun birlikləri, o cümlədən 47-ci briqada minaya düşməklə yanaşı artilleriya və raket hücumuna məruz qalıb, üç “Leopard” tankı və ondan çox “Bradley” maşınını itirib.

O zamandan bəri əkshücumda irəliləyişin sürəti ciddi zəifləyib. İndi Ukrayna qoşunları çox yavaş, kənd-kənd irəliləyir. Bu irəliləyişlər əsasən Zaporojye bölgəsində əldə edilir.

Bununla yanaşı, hərbi ekspertlər hələ də ukraynalıların Rusiya müdafiə xəttini yara bilmədiyini, Zaporojyedə bu xəttin hələ bir neçə kilometr daha cənubda olduğuna diqqət çəkirlər.

Prezident Volodımır Zelenskinin özü də hücumun sürətinin qənaətbəxş olmadığını qeyd edib.

"Bəzi adamlar elə bilirlər bu Hollivud kinosudur və nəticələr gözləyirlər. Ancaq belə deyil. Bəzilərinin nə istəməsindən, o cümlədən bizə qarşı təzyiqlərdən asılı olmayaraq, biz döyüş meydanında özümüz uyğun bildiyimiz qaydada irəliləyəcəyik”, – Zelenski BBC-yə müsahibəsində deyib.

Konqresin əndişəsi

ABŞ-da gələn il keçiriləcək seçkilər ərəfəsində Konqresdə səbrsizlik və hətta etirazlar artmaqdadır. Bu ay Konqresin Ukrayna qrupunun rəhbəri Ukraynanın hərbi kampaniyasını açıq tənqid edib.

"Bu, dalana dirənməkdir? Biz bununla bağlı realist olmalıyıq? Məncə olmalıyıq. …Mən artıq [müharibənin] qazanıla biləcəyinə əmin deyiləm”, – Respublikaçı konqresmen Əndi Hərris (Andy Harris) qrupun avqustun 15-də keçirilən iclasında deyib.

Ağ Ev rəsmiləri isə açıq şəkildə Kiyevə qeyd-şərtsiz dəstəyi davam etdirirlər. Prezident Co Bayden (Joe Biden) bu yaxınlarda Konqresdən Ukraynaya silah və humanitar yardım üçün daha 21 milyard dollar istəyib.

“Başını aşağı salıb şumlamağa davam edirsən”

ABŞ ordusunun istefada olan briqada generalı Kevin Rayan (Kevin Ryan) deyir ki, Ukraynanın əsas çatışmazlığı əhalisinin Rusiyanın əhalisindən qat-qat az olmasıdır.

"Buna görə də Ukrayna haqlı olaraq öz əkshücumunun sürət və taktikasını dəyişərək əsgərləri üçün daha təhlükəsiz hala salmağı seçib. Müharibədə döyüşlərin daha yavaş və daha çirkli getdiyi dövrlər olur. Bu dövrlərdə sadəcə, başını aşağı salıb şumlamağa davam edirsən. Nəsə dəyişəcək”, – o deyir.

Avropa paytaxtlarında da Ukraynanın döyüş meydanındakı perspektivləri ilə bağlı narahatlıq artır.

"Ukraynadakı ümumi hərbi vəziyyəti köklü dəyişmək mümkün deyil. Bu, fundamental və üstünlük təşkil edən yanlış düşüncədir”, – Almaniya ordusunun istefada olan briqada generalı, Kansler Angela Merkelin keçmiş hərbi müşaviri Erix Fad (Erich Vad) deyir.

XS
SM
MD
LG