Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:22

Azərbaycanda kredit kartlarının sayı ilk dəfə 2 milyonu ötüb


kredit kart
kredit kart

Son üç ildə 1 milyon artım var

Mərkəzi Bankın açıqlamasına görə, ilk yarımilin sonunda Azərbaycanda kredit kartlarının sayı ilk dəfə 2 milyon ədədi ötüb (2 milyon 20 min kart). Bu, həm də Azərbaycanda indiyədək qeydə alınan ən yüksək göstəricidir. Səkkiz il öncəki devalvasiyayadək Azərbaycanda kredit kartlarının sayında artım gözə çarpırdı. 2014-cü ilin sonunda ölkədə 1.3 milyon kredit kartı vardı. 2015-ci ildə ölkə iqtisadiyyatında baş verən problemlər ən çox bank sektoruna ziyan vurmuşdu. Həmin dövrdən bəri iqtisadi göstəricilərin pisləşməsi satışı azaltmışdı. Digər tərəfdən, bir neçə bankın batması da ölkədə kredit kartlarının sayını azaltmışdı. Beləcə, yalnız bir il sonra - 2015-ci ilin sonunda Azərbaycanda cəmi 631 min kredit kartı vardı. Bu, bir ilə iki dəfədən çox azalma demək idi. 2020-ci ildə ölkədə kredit kartlarının sayı yenidən 1 milyon ədədi ötdü. Bu dövrdən başlayaraq, Azərbaycanda kredit kartlarının sayında artım müşahidə edilib və son üç ildə kredit kartlarının sayı təxminən 1 milyon ədəd çoxalıb.

İnflyasiya üzündən bir çox məhsulun bahalaşması və məhsulun dəyərini aylara bölməklə ödəmək imkanı, eləcə də ölkədə nağdsız ödənişlərin genişlənməsi, bankların onlayn kredit imkanları ölkədə kredit kartlarının sayını artıran əsas səbəblərdir.

Əhalinin banklara borcu artır

Kredit kartlarının sayı ilə yanaşı, vətəndaşların banklara borcu da artmaqdadır. Bu ilin əvvəlində Azərbaycanda əhalinin banklara toplam borcu 5 milyard 754 milyon manat idi. İlk yarımildə bu rəqəm 6 milyard 325 milyon manata yüksəlib, yəni 571 milyon manat və ya 10 faiz artıb. İpoteka kreditləri də diqqətə alınsa, hazırda əhalinin hər nəfərinə düşən bank kreditinin məbləği təxminən 950 manatdır. Ötən ilin eyni dövründə bu rəqəm ortalama 785 manat civarındaydı.

Əhali ilə yanaşı, şirkətlərin də banklara borcu artıb. 2023-cü il başlayarkən, ölkədə biznes kreditləri portfeli 10 milyard 885 milyon manat idi. Altı ay içində bu rəqəm 11 milyard 650 milyon manata yüksəlib. Başqa deyimlə, şirkətlərin banklara olan borcu 765 milyon manat və ya 7 faiz artıb.

Kredit satışının artması bankların faizlərdən əldə etdiyi gəliri də yüksəldib. İlk yarımildə Azərbaycan bankları verdiyi kreditlərə görə toplam 1 milyard 235 milyon manat faiz gəliri götürüb. Ötən ilin eyni dövründə bu rəqəm 1 milyard 36 milyon manat idi. Deməli, ötən illə müqayisədə banklar faizlərdən 200 milyon manat daha çox gəlir qazanıb. Bütün gəlir və xərclər nəzərə alındıqdan sonra, 2023-cü ilin ilk altı ayında Azərbaycanda fəaliyyət göstərən bankların xalis mənfəəti 563 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 163 milyon manat və ya 40 faiz daha çox qazanc deməkdir.

Əhalinin banklardakı pulu necə dəyişib?

Mərkəzi Bankın açıqladığı göstəricilərdən bəlli olur ki, əhalinin banklarda saxladığı vəsait banklardan alınan kreditlərlə müqayisədə daha az artıb. Bu ilin ilk yarısının sonuna Azərbaycan banklarında fiziki şəxslərin müddətli depozitlərinin həcmi 6 milyard 595 milyon manat olub. İlin əvvəlində bu rəqəm 6 milyard 204 milyon manat idi. Bu baxımdan, il ərzində əhalinin banklardakı müddətli depozitlərinin həcmi 391 milyon manat və ya 6 faiz artıb.

Tələbli depozitlərin həcmindəki artım daha yüksəkdir. Tələbli depozitlər müştərilərin bank hesablarında saxladığı vəsaitdir. Bu vəsaitin çoxalmasına əsas səbəb yığımlardan daha çox, bank kartlarının sayca artmasıdır. Başqa deyimlə, öncələr nağd olaraq saxlanılan vəsait artıq kartlarda saxlanmağa başlanıb. Bu ilin ilk altı ayının sonunda müştərilərin tələbli depozitlərinin həcmi 5 milyard 877 milyon manat olub. Bu, ilin əvvəli ilə müqayisədə 600 milyon manatlıq (11 faiz) artım deməkdir. Fiziki şəxslərin depozitlərinin təxminən 37 faizi xarici, 63 faizi yerli valyutada saxlanılır.

Rusiya-Ukrayna müharibəsi başlanandan – ötən ilin fevralından bəri qeyri-rezidentlərin - xarici ölkə vətəndaşlarının Azərbaycan banklarında saxladığı vəsaitin həcmində də artım qeydə alınır. Müharibə başlanmadan öncə - 2022-ci il yanvarın sonunda əcnəbilərin Azərbaycan banklarında cəmi 294 milyon manat vəsaiti vardı. Sonrakı aylarda bu vəsait ardıcıl artdı və ilin sonunda 1 milyard 174 milyon manata çatdı. Artım bu il də davam edir. İlk yarımilin sonunda qeyri-rezidentlərin Azərbaycan banklarında saxladığı vəsaitin həcmi artıq 1 milyard 325 milyon manata çatıb. Bu, ilin əvvəlindən bəri 150 milyon manat və ya 13 faiz artım deməkdir.

Bank sektorunda bir məqam da diqqət çəkir. Söhbət nağdsız ödənişlərin həcmindəki kəskin artımın bu ilin ilk yarısında da davam etməsindən gedir. Rəsmi rəqəmlərə görə, ilk yarımildə kartlarla 3.6 milyard manatlıq nağdsız əməliyyat gerçəkləşib. Bu, ötən ilin eyni dövrüylə müqayisədə 1.8 dəfə artım anlamına gəlir. Həmin artım hesabına kart əməliyyatlarının strukturunda nağdsız əməliyyatların həcmi nağd əməliyyatların həcmini ötüb. İyun ayında bank kartları vasitəsi ilə aparılan əməliyyatların 53 faizi nağdsız əməliyyatların payına düşüb, vəsaitlərin 47 faizi isə nağdlaşdırılıb.

XS
SM
MD
LG