Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:17

Türkmənistan vətəndaşlarının Türkiyəyə getməsi daha da çətinləşdirilir


Aşqabad hava limanı
Aşqabad hava limanı

Türkmənistanda xaricə, xüsusilə də Türkiyəyə getmək məqsədilə viza üçün müraciət edən vətəndaşlar əlavə məhdudlaşdırıcı tələblərlə üzləşirlər.

AzadlıqRadiosunun Türkmən xidməti – Azatlık bildirir ki, yeni yazılmamış qaydaya görə vətəndaşın ölkəyə qayıdacağına zəmanət verən dövlət qulluqçusunun bankda krediti olmamalıdır.

Azatlık müxbirləri bildirirlər ki, ölkənin büdcə təşkilatlarında çalışanların arasında banka kredit borcu olmayan demək olar yoxdur.

Ötən il Türkmənistan hökuməti Ankaraya müraciət edərək Türkmənistan vətəndaşlarına ölkəyə 30 günlük vizasız gəliş imkanı verən qaydanın ləğvinə nail olub.

Bundan sonra türkmənlərin xaricə səfər etdikləri əsas istiqamət – Türkiyəyə səfərlər son dərəcə çətinləşib.

18-dək sənəd

Hazırda Türkiyənin Aşqabaddakı konsulluğunda vizanın tərtib edilməsi üçün Türkmənistan vətəndaşından 18-dək sənəd tələb olunur.

Bunlar vətəndaşın şəxsiyyətini, onun sosial durumunu, məşğulluğunu və ailə vəziyyətini təsdiqləyən sənədlərdir.

Bundan başqa vətəndaşlardan maaşları haqqında arayış və bank hesablarından son üç ayın çıxarışı tələb edilir.

Əlavə olaraq sponsor məktubları, qohumların zəmanəti və sair məktublar da tələb edilir.

Azatlık müxbirləri yazırlar ki, ən çətini Türkiyəyə getmək istəyən vətəndaşın vətənə qayıdacağına zəmanət verən şəxsin tapılmasıdır.

Viza almaq istəyənlərdən biri Azatlık radiosuna deyib:

“Birincisi zamin kimi çıxış edən şəxsin dövlət qulluğunda olması şərtdir. O öz iş yerindən müvafiq icazə almalı, viza almaq istəyən şəxslə birlikdə yerli ədliyyə idarəsinə getməli və rəsmi zamin olacağına dair iltizam imzalamalıdır”.

Həmin şəxsin dediyinə görə o bütün tələb olunan sənədləri toplayaraq təqdim etdikdən sonra konsulluqdan rədd cavabı alıb.

Banka borcu olmayan var ki?

Azatlık öyrənib ki, viza verilməsindən imtina hallarının artması qarantlar barədə yeni qaydalar və təlimatlarla bağlıdır.

Radiosunun müsahiblərindən biri deyib:

“İndi yoxlayırlar ki, görək zəmanət verənin banka kredit borcu, ipoteka da daxil, hər hansı krediti varmı. Əgər belə kredit borcu və ya kredit ödənişi öhdəliyi varsa, onda belə şəxsin zaminliyi rədd edilir. Zamin dura biləcək şəxslərin tapılması əvvəllər də çətin idi. Hamı uzaq qohumlarına ağız açırdı. Amma indi büdcə təşkilatında kredit almayan kim var ki? Onlardan bir çoxu bank kreditlərinə görə işdən çıxa bilmir. Məsələ burasındadır ki, bu tələbin mənası da izah olunmur”.

Azatlık radiosunun müsahibləri deyirlər ki, qara bazar qiyməti ilə viza alınması indi 1000 dollara yaxınlaşır.

Bu da deyilməlidir ki, viza və başqa sənədlər üçün edilmiş ödəmişlər viza verilməsindən imtina edildiyi halda geri qaytarılmır.

İnsan haqları təşkilatları Türkmənistan hökumətini vətəndaşların hərəkətini məhdudlaşdırdığına görə tənqid edirlər.

XS
SM
MD
LG