Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:18

Cəmil Həsənli: ‘Hakim ailə evdə nə qərar qəbul edirsə...’


Cəmil Həsənli: 'Əliyev gələndə yarımazad ölkə idik, indi isə...'
Gözlə

No media source currently available

0:00 0:33:16 0:00

Cəmil Həsənli: 'Əliyev gələndə yarımazad ölkə idik, indi isə...'

“Əliyev rejiminin daimi işləyən bir müəssisəsi var, o da repressiya müəssisəsidir, Kürdəxanıdır”. Bunu AzadlıqRadiosuna müsahibəsində tanınmış tarixçi, Milli Şuranın sədri Cəmil Həsənli deyib.

İyulun 23-də iqtisadçı, Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlu saxlanıb. O, saxta pul hazırlamaqda ittiham olunsa da, ittihamları qəbul etmir, Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu deyir. Bu həbsin arxasında İbadoğlunun Londonda təsis etdiyi Azərbaycan Gənclərinin Təhsil Fondunun (AGTF) dayandığını deyənlər var. Fondun mümkün maliyyə mənbələrindən biri kimi ölkədən korrupsiya yolu ilə çıxarılan vəsaitlərin geri qaytarılması göstərilib.

Cəmil Həsənli müsahibəsində həmtəsisçisi olduğu bu fondun ianələr əsasında fəaliyyət göstərəcəyini deyib. O, Azərbaycandan çıxarılan pulların ölkəyə qaytarılmasının praktik mümkün olmadığını bildirib.

“Əliyevin daimi işləyən bir istehsal müəssisəsi var”

“Ölkədə institutlar işləmir. Hakim ailə evdə nə qərar qəbul edirsə, sabah dövlət qurumları o göstərişə əsasən işləyir. Azərbaycan Prezidenti İlham Əliyevin daimi işləyən bir istehsal müəssisəsi var, o da repressiya müəssisidir, o da Kürdəxanıdır. Zavod, fabrik aça bilmədilər, açılanların da qapısına böyük qıfıl vurulub. İlham Əliyev gələndə Azərbaycan yarımazad ölkə idi, indi qeyri-azad ölkədir. İlham Əliyev hakimiyyətə gələndən Azərbaycan korrupsiyalaşmış ölkələr sırasında üç dəfə geriləyib”, – Həsənli deyir.

İyulun 31-də "Azərbaycan siyasi məhbuslarına azadlıq" İttifaqı 204 nəfər siyasi məhbus saydığı şəxsin daxil olduğu yenilənmiş siyahını yayıb. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər, siyasi məhbus siyahılarında yer alanların sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb olunduğunu deyirlər.

Azərbaycan Transparency International – “Beynəlxalq Şəffaflıq” təşkilatının indeksində 180 ölkə içində 157-ci yerdədir. Rəsmilər isə bu tənqidləri də qəbul etmir, ölkədə korrupsiya ilə sistematik mübarizə aparıldığını deyirlər.

Cəmil Həsənli isə belə bir cəmiyyətdə müxalif, tənqidçi mövqedən çıxış etməyin bədəlinin çox ağır olduğunu deyir: “Azərbaycanda müxalifətçi olmaq Allahın verdiyi ömrü yaşamaq deyil, Əliyevin xüsusi xidmət orqanlarının limitləşdirdiyi ömrü yaşamaqdır. Heç kəsin təminatı yoxdur ki, sabah başına nə gələcək. Məsələn, blokdan çıxanda başına bir kərpic düşməyəcək, yolu keçəndə Oqtay Gülalıyev kimi onu maşın vurmayacaq, hansısa rayona gedəndə təsadüfi bir KAMAZ üstünə çıxmayacaq. Bunlar hamısı avtoritar rejimlərin dəst-xəttidir”, – Həsənli vurğulayır.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-da üzləşdiyi yol-nəqliyyat hadisəsindən sonra komaya düşüb. Hadisəni törətməkdə suçlanan şəxsə məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 3 ay cəza verilib. Ailəsinin şikayətlərinə baxmayaraq, prokurorluq Gülalıyevi müayinə və müalicə edən həkimlərin təqsirsiz olduqları qənaətinə gəlib, onlara cinayət işi açmaqdan imtina edib.

XS
SM
MD
LG