Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:30

Vitali Balasanyan həbsdən azad edilib


Vitali Balasanyan
Vitali Balasanyan

Qarabağdakı separatçı rejimin “milli təhlükəsizlik şurasının keçmiş katibi” kimi təqdim olunan Vitali Balasanyan iyulun 17-də azadlığa çıxıb.

Bu barədə məlumatı AzadlıqRadiosu Erməni xidməti – Azatutyuna onun vəkili Rafael Martirosyan verib.

Martirosyanın sözlərinə görə iyulun 13-də separatçı rejimin təhlükəsizlik xidmətinin əməkdaşları onun Xocalı rayonunun Əsgəran qəsəbəsindəki evinə gələrək axtarış aparmışdılar.

Vəkilin dediyinə görə hüquq-mühafizə işçiləri əslində onun oğluna görə gəlmişdilər, amma nəticədə Balasanyanın özünü, oğlunu, qardaşını və dayısı oğlunu saxlamışdılar.

Balasanyan “hakimiyyət nümayəndəsinə qarşı təhlükəli olmayan zorakılıqda” ittiham olunurdu.

Bundan əvvəl

Bundan əvvəl, iyulun 13-də verilən xəbərdə deyilirdi ki, Qarabağda qondarma rejimin “təhlükəsizlik şurası”nın keçmiş katibi Vitali Balasanyanın həbs edilib. Bu barədə onun vəkili Rafael Martirosyan məlumat verib.

Vəkil həbsin hansı iş üzrə və hansı ittihamla həyata keçirildiyini açıqlamayıb. Onun sözlərinə görə, Balasanyanın “bədənində çoxlu xəsarətlər var”.

AzadlıqRadiosunun erməni xidməti yazır ki, Qarabağdakı mənbələr hələlik, bu məlumatı təsdiqləməyib, detalları açıqlamayıb.

Bir neçə ay öncə yayılan xəbərdə deyilirdi ki, Qarabağdakı rejim bir sıra məmurlara, o cümlədən Balasanyana cinayət işi açıb. Ancaq yerli “prokurorluq” “Azatutyun” radiosunun sorğusuna cavabında ətraflı bilgi verməyib, “istintaq aparıldığını” bildirib.

Bundan öncə isə separatçıların “lideri” Arayik Arutyunyan Qarabağda sui-istifadə hallarından danışıb. O, “Artsaxda (ermənilər Qarabağa belə deyirlər –red.) hüquqi təhlükəsizlik və hüquq sisteminin müdafiəsini keyfiyyətcə yeni səviyyəyə çatdırmaq üçün səylərin artırılmasına” göstəriş verib.

Qarabağdakı mənbələr Balasanyanın həbsinin Arutyunyanın dediyi sui-istifadə halları ilə bağlı olub-olmadığını dəqiqləşdirməyiblər.

2020-ci ildə Ermənistanla 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

XS
SM
MD
LG