Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:27

Azərbaycanlılar Avropada ən çox Polşa və Almaniyaya miqrasiya edir


Polşada rəsmi iş icazəsi ilə çalışan azərbaycanlıların sayı 13 min nəfəri aşıb.
Polşada rəsmi iş icazəsi ilə çalışan azərbaycanlıların sayı 13 min nəfəri aşıb.

Son illər Azərbaycandan əmək miqrasiyasının sürətlənməsi tez-tez gündəmə gəlir. Ölkədə iş imkanlarının məhdudluğu, iş tapılanda da gəlir yetərsizliyi özəlliklə gənclərin ölkəni tərk etməsinə səbəb olur. Müstəqilliyin ilk dönəmlərində Rusiya, Ukrayna və digər ekssovet respublikaları azərbaycanlıların əsas miqrasiya yönü idi. Daha sonrakı illərdə Türkiyəyə işləməyə gedənlərin sayında daha çox artım gözə çarpdı. Son illərdə artıq Avropa ölkələri də Azərbaycan vətəndaşlarının əsas miqrasiya istiqamətlərindən birinə çevrilib.

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICMPD) Avropa Birliyi ölkələrinə miqrasiyaya dair hesabatından aydın olur ki, azərbaycanlı miqrantlar Avropada daha çox Polşada məskunlaşıb. 2020-ci ilin statistik göstəricilərinə görə, həmin il 4 min 817 Azərbaycan vətəndaşı Avropa Birliyi ölkələrindən rəsmi yaşayış icazəsi əldə edib. Azərbaycan vətəndaşlarına ən çox rəsmi yaşayış icazəsi verən ölkə Polşa olub. 2020-ci ildə Avropa Birliyi ölkələrindən rəsmi yaşayış icazəsi alan Azərbaycan vətəndaşlarının 30.4 faizi (1 min 469 nəfər) Polşada məskunlaşıb.

Azərbaycan vətəndaşlarının ən çox rəsmi yaşayış icazəsi əldə etdiyi ikinci ölkə Almaniyadır. 2020-ci ildə Avropa Birliyi ölkələrindən rəsmi yaşayış icazəsi alan azərbaycanlıların 23.6 faizi məhz bu ölkəyə üz tutub. Deməli, Avropa Birliyi ölkələrindən rəsmi yaşamaq icazəsi alan azərbaycanlıların 54 faizi Polşa və Almaniyaya gedib.

Hazırda Polşada rəsmi iş icazəsi ilə çalışan azərbaycanlıların sayı 13 min nəfəri aşıb. Ancaq onu da unutmaq olmaz ki, bu göstəricilər yalnız rəsmi yaşayış icazəsi əldə edən şəxslərlə bağlıdır. Avropa ölkələrində, özəlliklə Polşada rəsmi yaşayış icazəsi olmadan da məskunlaşan çox sayda insan var.

Polşaya gedən miqrantların sayca artması, bu ölkədən Azərbaycana göndərilən pul köçürmələrinin də həcminə təsir göstərib. Mərkəzi Bankın açıqlamalarına görə, ötən il Polşadan Azərbaycana rəsmi pulköçürmə sistemləri ilə 3.8 milyon dollar köçürülüb. 2021-ci ildə bu rəqəm 2.6 milyon dollar idi. Deməli, təkcə son bir ildə Polşadan Azərbaycana köçürülən pul köçürmələrinin həcmi 50 faizə yaxın artıb.

Qonşu ölkələrdə durum necədir?

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin hesabatı digər postsovet ölkələrini də əhatə edir. Açıqlanan rəqəmlərdən aydın olur ki, Cənubi Qafqaz ölkələrində Avropaya miqrasiyanın ən çox müşahidə edildiyi ölkə Gürcüstandır. Təxminən 4 milyona yaxın əhalisi olan ölkədə 2020-ci ildə Azərbaycanla müqayisədə təxminən altı dəfə çox - 29 mindən çox insan Avropa Birliyi ölkələrində rəsmi yaşama izni alıb. Gürcülərin ən çox yaşayış icazəsi əldə etdikləri ölkə İtaliya olub. Həmin il Avropa Birliyi ölkələrində məskunlaşan gürcülərin üçdə biri məhz bu ölkədən rəsmi yaşayış icazəsi alıb. İkinci yerdə Polşa gəlir. Avropa ölkələrindən yaşayış icazəsi alan gürcülərin 27 faizi bu ölkəyə üz tutub.

Əhalisi Azərbaycanla müqayisədə təxminən üç dəfə az olan Ermənistandan da Avropa Birliyi ölkələrindən rəsmi yaşayış icazəsi alanların sayı Azərbaycandan çox olub. 2020-ci ildə Ermənistanın 5 min 514 vətəndaşı Avropa Birliyi ölkələrindən rəsmi yaşayış icazəsi əldə edib. Bu, Azərbaycanla müqayisədə 15 faiz yüksək göstəricidir. Ermənilərin də Avropada ən çox rəsmi yaşayış icazəsi aldığı ölkə Polşa olub (22 faiz). Ermənistan vətəndaşlarına ən çox yaşayış icazəsi verən ikinci ölkə İspaniyadır (14 faiz).

Azərbaycan və Ermənistan vətəndaşları ilə yanaşı, Belarus, Ukrayna, Tacikistan, Türkmənistan və Özbəkistan vətəndaşlarına da Avropa Birliyində ən çox Polşa rəsmi yaşayış icazəsi verib. Gürcüstan, Moldova, Rusiya və Qırğızıstan vətəndaşları isə ən çox İtaliyadan rəsmi yaşayış icazəsi ala bilib. Qazaxıstan vətəndaşlarına belə icazəni verən ölkə isə Çexiya Respublikasıdır.

Vətəndaşlıqdan çıxanlar da artır

Azərbaycanda xarici miqrasiyanın artması vətəndaşlıqdan çıxanların sayına dair statistikada da əksini tapır. 2021-ci ildə 944 nəfər Azərbaycan Respublikası vətəndaşlığından çıxıb. Bu göstərici 2020-ci ildə 561 nəfər idi. Deməli, bir il içində Azərbaycan vətəndaşlığından çıxanların sayı 68 faiz artıb. 2019-cu ildə Azərbaycan Respublikası vətəndaşlığından çıxmaqla bağlı 449 müraciət qeydə alınmışdı. Vətəndaşlıqdan çıxanların sayına dair göstərici hökumətin 2021-ci ildəki fəaliyyəti ilə bağlı hesabatda qeyd edilmişdi. Maraqlıdır ki, bu məlumat ictimailəşəndən sonra hökumətin ötənilki hesabatında vətəndaşlıqdan çıxanların sayı ilə bağlı bilgilərə yer verilməyib.

Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, təkcə 2022-ci ildə 350 nəfər Azərbaycan vətəndaşı Avropa Birliyi ölkələrindən Azərbaycana geri qaytarılıb.

Şengen müraciətləri də artıb

Ötən il Azərbaycanın 52 min 570 vətəndaşı Avropa Birliyinə daxil olmaq üçün Şengen vizası almaq istəyib. Bu, pandemiya məhdudiyyətlərinin olduğu 2020 və 2021-ci illərlə müqayisədə kəskin artım deməkdir. Həmin illərdə hər il ortalama 13 min azərbaycanlı Şengen vizası üçün müraciət etmişdi. Ötən il viza müraciətləri artsa da, hələ pandemiyadan öncəki göstəricilər bərpa olmayıb. 2019-cu ildə Azərbaycanda 65 min Şengen müraciəti qeydə alınmışdı.

Ötən il Azərbaycandan ən çox Şengen vizası müraciəti edilən ölkələr Fransa (13 min 847), Almaniya (13 min 324) və Macarıstan (6 min 969) səfirlikləri olub. Müraciətlərə ən çox imtina cavabını Macarıstan səfirliyi verib. Bu ölkəyə viza müraciətlərinin 15.7 faizi imtina ilə nəticələnib. Almaniya (9.4 faiz) və Fransa (7.9 faiz) da imtina payına görə ilk üçlükdədir. İmtinaların toplam müraciətlərdə ən az paya sahib olduğu ölkələrsə Avstriya (1.8 faiz), İtaliya (2 faiz) və İsveçrədir (2.7 faiz).

XS
SM
MD
LG