Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:39

Taksi müzakirələri niyə indi başladı?


Qiymətlər düşür, ənənəvi taksi sürücüləri 'ağlayır'
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Qiymətlər düşür, ənənəvi taksi sürücüləri 'ağlayır'

Son günlər hökumətə yaxın media orqanlarında Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərindən tez-tez söz açılır və, bir qayda olaraq, kəskin tənqidlər səsləndirilir. Özəlliklə xarici şirkətlər tənqidin başlıca hədəfidir. Hətta hökumət rəsmiləri də tənqidləri dilə gətirib. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mediaya açıqlamasında taksi şirkətlərini yarıtmaz xidmətdə, sağlam rəqabətdən yayınmaqda, eləcə də sürücülərin istismar edilməsində suçlayıb. Bu baxımdan, nazir taksi bazarında yeni düzənləmələri vacib sayıb. Bir müddət öncə adıçəkilən nazirlikdə (RİNN) taksi şirkətlərinin təmsilçiləri ilə görüşdə qeyd edilmişdi ki, onların çoxunun bilgi bazası xarici ölkələrdə yerləşir və bu, "Fərdi məlumatlar haqqında" Qanuna ziddir.

İstər nazir Rəşad Nəbiyevin, başqa rəsmilərin açıqlamalarında, istərsə mediada yayılan xəbərlərdə taksi bazarındakı durumun səbəbkarları kimi, əsasən, üç şirkətin – "Uber", "Bolt" və "Yango"nun adı çəkilir. Ancaq maraqlıdır ki, bugünlərdə Azərbaycan bazarına daha bir taksi şirkəti də daxil olub. Söhbət Ukraynanın "Uklon" şirkətindən gedir. Bu şirkət Azərbaycan bazarına "Paşa Holdinq"in törəməsi "Umico" ilə əməkdaşlıq çərçivəsində girib. Digər taksi şirkətlərinin iş prinsipi bu şirkətdən heç də fərqlənmir, di gəl, nədənsə bu şirkət tənqidlərin hədəfindən uzaqda qalır. "Uklon Azərbaycan" MMC bu il 100 min ABŞ dolları nizamnamə kapitalı ilə qurulub. Şirkət "PAŞA Holdinq" MMC ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153-də qeydiyyatdan keçib.

Taksi bazarının düzənlənməsi ehtiyacı ilə bağlı müzakirələrin "Paşa Holdinq"in taksi bazarına girməsi ilə eyni dövrdə başlaması əlavə suallar doğurur. Axı öncəki illərin təcrübəsi göstərir ki, bu holdinq bazarda hökmran mövqe tutmaq üçün inzibati resurslardan yararlanmaqdan çəkinmir. Səbəb də çox üzdədir: Holdinq prezidentin ailə üzvlərinə məxsusdur. Holdinq öz törəmə şirkətləri vasitəsi ilə bankçılıq, sığorta, tikinti, informasiya texnologiyaları, daşınmaz əmlak və turizm sektorlarında fəaliyyət göstərir. Bu baxımdan, taksi bazarı ilə bağlı başlanan müzakirələrin zamanlaması holdinqin bu sektoru da nəzarətə götürməklə bağlı istəklərinin xəbərçisi sayıla bilər. Ötən ilin əvvəlinə olan göstəricilərə görə, "Paşa Holdinq" aktivlərinin toplam dəyəri 15.5 milyard manatdır. Holdinq il ərzində toplam 1.7 milyard manat gəlir götürüb.

Taksi şirkətləri bazarı necə dəyişdirdi?

Xarici taksi şirkətlərinin Azərbaycan bazarına daxil olması ölkə iqtisadiyyatının devalvasiya yaşadığı dövrdən bir qədər sonraya təsadüf edir. Bu baxımdan, müstəqil ekspertlər düşünürlər ki, hökumətin onlara yaşıl işıq yandırması məhz həmin dövrün ağır iqtisadi durumundan qaynaqlanır. Axı başqa dövrlərdə xarici oyunçuların ölkənin xidmət sektoruna belə rahatlıqla daxil olmasına çox rast gəlinmir. Həmin dövrdə dolanışığın pisləşməsi işsiz sayını artırmışdı. Bu da sosial rifahın aşağı düşməsi və narazılıqların çoxalması deməkdir.

Açıqlanan rəsmi rəqəmlər də taksi şirkətlərinin məşğulluğa ciddi töhfə verdiyini göstərir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi bir müddət öncə mediaya açıqlamasında Azərbaycanda təxminən 40 min taksi olduğunu və bunun 28 mininin Bakının payına düşdüyünü bildirmiş, hər 10 maşından 9-nun onlayn platformalar üzərindən fəaliyyət göstərdiyini vurğulamışdı. Bu o deməkdir ki, müzakirələr doğurmuş taksi şirkətlərində 25 mindən çox inşan çalışır.

Rəsmi rəqəmlər son illər taksi xidmətlərindən istifadə edənlərin də sayca kəskin artdığını göstərir. Pandemiya başlayandan sonra taksi xidmətlərindən istifadə bir qədər də genişlənib. Dövlət Statistika Komitəsinin göstəricilərinə görə, 2019-cu ildə Bakı şəhəri üzrə taksi vasitəsi ilə il ərzində 29.8 milyon sərnişin daşınıb. Eyni göstərici 2022-ci ildə 34.8 milyona yüksələrək təxminən 17 faiz artıb. Eyni müddət ərzində avtobus nəqliyyatı ilə daşınanların sayı 35 faiz, metro ilə daşınan sərnişinlərin sayı 12 faiz azalıb. Başqa deyimlə, daşımalarda taksidən başqa digər iki ictimai nəqliyyat vasitəsinin payı aşağı düşüb.

Taksi şirkətlərinin fəaliyyətinin genişlənməsinin Azərbaycan bazarında ortaya çıxardığı digər bir trend də hibrid avtomobillərinin sayca artmasıdır. Rəsmi rəqəmlərə görə, ölkəyə hibrid avtomobillərin gətirilməsi 2018-ci ildən başlanıb. Həmin il ölkəyə cəmi 146 ədəd belə avtomobil gətirilmişdi. 2019-cu ildə eyni göstərici 3 min 645-ə, 2020-ci ildə 5 min 80-ə yüksəldi. 2021-ci ildə isə hibrid avtomobil idxalı iki dəfədən çox artdı və 12 min 936-a çatdı. Ötən il eyni göstərici 11 min 337 olub. Deməli, son dörd ildə ölkəyə 32 mindən çox hibrid avtomobil gətirilib ki, bunların da böyük bölümündən taksi kimi istifadə edilir.

Taksiyə maraq niyə artır?

Ekspertlərin fikrincə, Azərbaycanda taksi şirkətlərinin fəaliyyətini genişləndirən əsas amillər qiymətin öncəki illə müqayisədə ucuzlaşması və digər ictimai nəqliyyat növlərinin yarıtmaz fəaliyyətidir. Hökumət uzun illərdir metro şəbəkəsinin gəlişdirilməsinə dair açıqlamalar verir. Ancaq bu sahəyə ayrılan vəsaitin yetərsizliyi üzündən metro şəbəkəsinin inkişafı ləngiyir. Avtobus nəqliyyatı ilə də bağlı bənzər problemlər yaşanır. Bu səbəbdən əslində taksilərlə bağlı problemlərin təbii həlli baxımından ölkədə ictimai nəqliyyat sisteminin gəlişdirilməsi önəmli rol oynaya bilər. Vətəndaşların rahat hərəkəti baxımından hökumətin uğurlu siyasət apara bilməməsi Bakıda taksi xidmətinə tələbi artırır.

Yaranmış problemlərin səbəblərindən biri də ölkədə bu sahəni tənzimləyən qanunvericiliyin təkmil olmamasıdır. Artıq beş ildən çoxdur taksi şirkətləri fəaliyyət göstərsə də, hökumət hələ də bu sahədə normal qaydalar hazırlaya bilməyib. Deməli, hökumətin yaranan problemlərlə bağlı məsuliyyəti təkcə taksi şirkətlərinin üzərinə atması yetərli deyil, axı belə hallarda mükəmməl tənzimləyici qanunlarla durumu normallaşdırmaq hökumətin borcudur. Amma bir çox sahələrdə olduğu kimi, hökumət taksi sahəsində də baş verən dəyişiklik və çağırışlara çevik reaksiya verə bilməyib. Bu baxımdan, əslində taksi bazarı ilə bağlı problemlərin əsas səbəblərindən biri hökumətin tənzimləmə funksiyasını yarıtmaz gerçəkləşdirməsi və belə problemlərə imkan verməsidir.

XS
SM
MD
LG