Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:29

‘Gözləməkdən yoruldum’. Ukraynada separatçıların əlində olan məhbusların yaxınları nigarandır


Donetskdə həbsxana
Donetskdə həbsxana

2018-ci ildə Ukraynanın Donetsk vilayətinin bir hissəsinə nəzarət edən Rusiyanın dəstəklədiyi separatçılar, Valeri Matyuşenkonu 10 ay həbsdə saxladıqdan sonra onu “casusluq” ittihamı ilə 10 il azadlıqdan məhrum edib.

Rusiya Ukraynaya genişmiqyaslı işğala başlamazdan öncə Matyuşenkoya həftədə hər biri iki dəqiqə olmaqla, iki yerli telefon danışığına icazə verilirdi.

“Cəmi iki dəqiqə danışa bilirdik, amma heç olmasa, ondan xəbər tuturduq. Orada bir dostum var idi, onun köməkliyi ilə Messengerdən bir az danışa bilirdik, amma indi bunu da əlimdən alıblar”, – hökumətin nəzarətində olan ərazidə yaşayan həyat yoldaşı Tetyana Matyuşenko AzadlıqRadiosuna bildirib.

2022-ci ilin fevralında Moskvanın irimiqyaslı hücumundan sonra, Matyuşenkonu həbs edənlər telefon danışıqlarını tamamilə ləğv ediblər.

“Altı il ərzində Qırmızı Xaç Komitəsi həyat yoldaşımı, bir dəfə də olsun, ziyarət etməyib. Nə qədər xahiş etsəm də, hər şeyi özümüz etməli oluruq”, – Tetyana söyləyib.

Matyuşenko Donbasda illərlə həbsxanalarda saxlanılan 200-dən çox ukraynalı mülki vətəndaşdan biridir. Onların həbsxanadakı şəraiti keçən ilki işğaldan sonra daha da pisləşib. 2014-cü ildən Donbas daxil Donetsk və Luqansk vilayətlərində Ukrayna ilə Rusiyanın dəstəklədiyi qüvvələr arasında müharibə gedir.

Rusiya və Ukrayna son bir il ərzində minlərlə hərbi əsir dəyişdirsə də, həbsxanadakı mülki vətəndaşlara az diqqət yetirilib. Moskva bu insanları müzakirə etməkdən imtina edir, onların vəziyyətini, hətta harada olduqları barədə əsas məlumatları təsdiqləmir. Eyni zamanda məhbusların ailələri Ukrayna hökumətinin məsələni gündəmə gətirmək üçün kifayət qədər iş görmədiyini bildirir.

“Onlar yaxınlarımız üçün istədiyimiz kimi mübarizə aparmırlar. Düşünürəm ki, Ukrayna hökuməti bunu həqiqətən istəsəydi, yaxınlarımız azadlıqda olardı. Onlar bizə deyirlər ki, dinc sakinləri azad etmək üçün heç bir mexanizm yoxdur”, – Tetyana deyib.

Həbsdə diaqnozu necə qoymalı

Matyuşenko Donetsk vilayətinin cəbhə xəttindən çox uzaq olmayan Makiyivka şəhərindəki 32 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Bu yer 2022-ci ilin fevral işğalından sonra bir neçə dəfə artilleriya hücumlarına məruz qalıb.

Həyat yoldaşı onda xərçəng xəstəliyi ola biləcəyindən ehtiyatlanır, lakin diaqnozu təsdiqləmək üçün lazım olan tibbi müalicənin gerçəkləşməsinə nail ola bilmir.

“2019-cu ildə tanışlarımız vasitəsilə onun orqanlarını yoxlatdırmaq üçün ultrasəs müayinəsi təşkil edə bildik. Onun qalxanvari vəzində bir xəstəlik aşkarlanıb. İndi qan analizi təşkil etməyə çalışırıq, amma Valerini heç yerə buraxmırlar”, – qadın bildirib.

“Mən Makiyivkadakı laboratoriyaya gedərək nümunə ləvazimatı götürəcək birini tapmalıyam, sonra həbsxana ilə danışıb nümunənin götürülməsini, səhər saat 10-dan əvvəl nümunələri laboratoriyaya çatdırmalısını təmin etməliyəm. Bütün bunları atəş altında olan yerdə təşkil etmək olduqca çətindir”, – Tetyana əlavə edib.

Rusiyanın işğalından sonra, separatçılar məhbuslara hər üç aydan bir yalnız 20 kiloqramlıq bağlama almağa icazə veriblər.

"Biz ona sonuncu dəfə aprelin 17-də yemək göndərə bildik. Amma orada 3 aya 20 kiloqram yemək heç nədir. Mənim yoldaşım indi 50 kilodur. İstintaq təcridxanasında olanda, o, 78 kilo idi”, – qadın bildirib.

“Başqa heç kimim yoxdur”

Donetsk vilayətinin Horlivka şəhərindən olan mədəniyyət tədqiqatçısı və muzey bələdçisi Olena Pex, 2019-cu ildə Kiyevə işləmək üçün adam cəlbində ittiham olunaraq 13 il müddətinə azadlıqdan məhrum edilib. Pex Donetsk vilayətinin Snijne şəhərindəki 127 saylı həbsxanada saxlanılır.

Onun qızı İzabella Pex AzadlıqRadiosuna anasının həbsdə zorakılığa, işgəncələrə məruz qaldığını və elektroşok nəticəsində qıcolma keçirdiyini deyib. O, anasının vərəm xəstəliyinə tutula biləcəyindən qorxur.

"Onun qıcolması, güclü öskürəyi var. Tez-tez huşunu itirir. Əgər ona tibbi yardım göstərilməsə, anamı itirəcəm. Ondan başqa heç kimim yoxdur”, – İzabella deyib. “Anam sadəcə dözür, o qəhrəmandır. ‘Mənə görə narahat olmayın, mən yaxşı olacam’ deyənlərdəndir. Amma mən ona nə qədər çətin olduğunu bilirəm”, - qızı deyib.

İzabella Ukrayna hakimiyyətini anası kimi insanların azadlığa buraxılması üçün daha çox iş görməyə çağırır.

“Məncə hazırda prioritet Rusiyanın 2022-ci il fevralın 24-dən bu yana saxladığı insanlardır. Bizim qohumlardan fərqli olaraq bu insanların şansı var”, – İzabella söyləyib. “Amma təsəvvür edin ki, onların Ukraynaya inamı nə qədər güclüdür. Bu qədər vaxtdan, bu qədər işgəncədən sonra onlar hələ də hər günün axırıncı gün ola biləcəyini bilə-bilə azadlığa buraxılacaqlarına inanırlar. Onlar hələ də Ukraynaya inanırlar. Anam üçün mübarizəm davam edir. Amma məni həmişə laqeydliklə qarşılayırlar. Bizi heç kim eşitmir”, – İzabella Pex deyib.

“Gözləməkdən yoruldum...”

Bohdan Kovalçuk 2016-cı ildə Rusiyanın dəstəklədiyi separatçılar tərəfindən qaçırılanda 17 yaşında idi. O, Kiyevə qarşı döyüşənlərin avtomobillərini partlatmaqda ittiham olunaraq 15 il həbs cəzasına məhkum edilib. 2019-cu ildə ona günahı etiraf etmək, peşmanlığını bildirmək və separatçıların nəzarətində olan əraziləri tərk etməyəcəyinə söz vermək şərti ilə əfv təklif olunub. O, bu təklifdən imtina edib və cəzasını Donetsk vilayətinin Çystyakove şəhərindəki həbsxanada çəkir.

“2019-cu ildən bəri nəvəmlə danışa bilmirəm. Bütün bu müddət ərzində onu cəmi bir dəfə görmüşəm. Qızım onu ikisi pəncərədən olmaqla, cəmi üç dəfə görüb. O, mənə deyir ki, nənə, hər şey qaydasındadır. Narahat olma. Yaxşı olacam. Məni incitmək istəmədiyi üçün belə deyir, özünü saxlayır”, – Kovalçukun nənəsi Tetyana Vots bildirib.

Tetyana ümidini itiməmək üçün mübarizə aparır. “Təəssüf ki, Ukrayna hakimiyyəti mənimlə əlaqə saxlamır. Nəvəm üçün mübarizə aparmalı və gözləməli olduğumu bilirəm”, – Vots AzadlıqRadiosuna deyib.

Həbsdə olan ərinin xərçəng xəstəliyindən şübhələnən Tetyana Matyuşenko da eyni məyusluğu dilə gətirib. “Mənə ‘səbirli ol’ deyənlərdən bezmişəm. Gözləməkdən yorulmuşam. 38 yaşım olanda qucağımda körpə oğlumla tək qaldım. Anam xəstə idi. Atam öldü. 6 ildir ərimi görmürəm. Mənim xoşbəxt olmağa haqqım var. Ərimin də azadlığa haqqı var”, – Tetyana Matyuşenko bildirib.

XS
SM
MD
LG