Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:25

Qiymət artımları büdcəyə bir milyard manat qazandırıb


Kərə yağını marqarinə dəyişməyə məcbur camaat...
Gözlə

No media source currently available

0:00 0:05:07 0:00

Kərə yağını marqarinə dəyişməyə məcbur camaat... (2022)

Hesablama Palatası ötən ilin dövlət büdcəsinin icrasına dair rəyini açıqlayıb. Rəydə diqqət çəkən bilgilər arasında büdcə gəlirlərinin necə formalaşmasına da yer verilib. 2022-ci ildə dövlət büdcəsinin toplam gəliri 30 milyard 680 milyon manat olub. Büdcənin tən yarısı neft-qaz, digər yarısı isə neftdənkənar sektor hesabına təmin edilib.

Neftdənkənar sahələrdən büdcə gəlirlərinin 5 milyard 655 milyon manatlıq bölümünü Dövlət Gömrük Komitəsi toplayıb. Gömrük qurumları xətti ilə əldə edilən gəlir proqnozdan 1 milyard manat və ya 22.8 faiz yüksək olub.

Gömrük yığımları niyə çoxalıb?

Hökumətin proqnozdan çox gömrük rüsumu yığmasının səbəblərindən biri ötən il idxalın artmasıdır. Belə rüsumlar, əsasən, ölkəyə gətirilən məhsullara tətbiq edilir. Bu üzdən, idxalın artması toplanan rüsumların da həcmini artırır. Dövlət Gömrük Komitəsinin açıqlamasına görə, ötən il Azərbaycanın toplam idxalı 14 milyard 540 milyon dollar dəyərində olub. 2021-ci ildə bu rəqəm 11 milyard 706 milyon dollar idi. Deməli, ötən il Azərbaycanın idxalı təxminən 3 milyard dollar yüksəlib.

Hesablama Palatasının rəyində qeyd edilir ki, idxal rüsumuna cəlb olunan idxalın artması və ƏDV-dən azadolmaların idxalda xüsusi çəkisinin azalması kimi amillər də gömrük yığımlarının proqnozları aşmasına yol açıb.

Yığımları artıran başqa önəmli bir amil də inflyasiyadır. Ötən il ölkəyə gətirilən məhsullar 20 faizdən çox bahalaşıb. Rəsmi rəqəmlərdən aydın olur ki, Dövlət Gömrük Komitəsinin il ərzində topladığı vəsaitin 17 faizi - təxminən 961 milyon manatı məhz inflyasiyanın artmasından formalaşıb. Başqa deyimlə, idxal edilən məhsullardakı qiymət artımları büdcəyə təxminən 1 milyard manat gəlir qazandırıb. Bu baxımdan, aydın olur ki, ölkədə gömrük ödənişlərinin proqnozu aşmasının əsas səbəbi gömrük orqanlarının işinin yaxşılaşması və ya ölkə iqtisadiyyatının canlanması deyil, məhz qiymət artımlarıdır.

Qiymətləri ucuzlaşdıra bilərdi

Hesablama Palatası 2021-ci il dövlət büdcəsinin icrası barədə rəyində bildirmişdi ki, həmin il gömrük qurumları yığımlarının 15 faizi inflyasiya hesabına formalaşıb. Belə çıxır ki, ötən il inflyasiya üzündən formalaşan gəlirlərin gömrük qurumlarının toplam gəlirlərindəki payı bir qədər də yüksəlib. Həmin vaxt inflyasiya hesabına formalaşan gömrük yığımlarının həcmi təxminən 650 milyon manat idi.

İnflyasiya hesabına proqnozdan bu qədər çox gömrük ödənişlərinin yığılması daha bir məqama diqqət çəkir, axı hökumətlərin qiymət artımları ilə mübarizədə faydalandığı ən vacib alətlərdən biri gömrük rüsumlarıdır. Qiymət artımlarının yüksək olduğu bir ortamda hökumətlər gömrük ödənişlərini azaldaraq və ya sıfırlayaraq həmin məhsulların qiymətinə təsir göstərir. Ötən il Azərbaycanda son 15 ilin ən yüksək inflyasiya göstəricisi qeydə alınmışdı. Bu baxımdan, aydın olur ki, hökumətin gömrük rüsumları hesabına qiymətlərə təsir etmək imkanı vardı, axı toplanan rüsumlar, onsuz da, proqnozu aşırdı. Bu, yetməzmiş kimi, 1 milyard manat məbləğində əlavə gömrük ödənişinin toplanması göstərir ki, hökumət proqnozdan əlavə vəsait hesabına qiymətləri ucuzlaşdıra bilərdi, ancaq həmin imkandan yetərsiz ölçüdə istifadə edilib.

Ötən il təkcə yeyinti məhsullarının idxalına 2 milyard 363 milyon dollar xərclənib və ölkənin toplam idxalının 16 faizindən çoxu yalnız yeyinti məhsulları ilə bağlı olub. Həmini məhsulların idxalı 22.4 faiz çoxalıb ki, bunun da başlıca səbəbi elə qiymət artımlarıdır. Ötən il ölkədə sırf qida məhsulları 20 faiz bahalaşıb.

Yığımların idxala nisbəti də artıb

Hesablama Palatasının açıqladığı göstəricilər arasında daha bir məqam diqqət çəkir. Söhbət gömrük yığımlarının toplam idxala nisbətindən gedir. Ötən il toplam idxal 24 milyard 718 manat olub. Bu idxal üçün toplam 5 milyard 565 milyon manat gömrük ödənişləri toplanıb. Deməli, gömrük ödənişlərinin toplam idxala nisbəti 22.9 faiz olub. Bu, 2021-ci illə müqayisədə 1.1 faiz bəndi daha yüksək göstərici deməkdir.

Sırf idxal rüsumuna cəlb edilən məhsullara gəlincə, ötən il idxal rüsumuna cəlb edilən hər min manatlıq mallara görə büdcəyə, orta hesabla, 131 manat 63 qəpik daxil olub.

XS
SM
MD
LG