Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:36

Dissident İranda inqilabın yetişdiyini deyir


 Əbülfəzl Qədyani
Əbülfəzl Qədyani

İslam inqilabçısından dissidentə çevrilmiş iranlı Əbülfəzl Qədyani ölkənin islam rəhbərliyini devirmək üçün inqilaba hazır ola biləcəyini deyir. Onun sözlərinə görə, İranda etirazçıların edamı, repressiv siyasət və yoxsul həyat insanların qəzəbini daha da artırır.

İran İslam İnqilabı Mücahidləri Təşkilatının aparıcı üzvü, 78-yaşlı Qədyani mayın 22-də yaydığı bəyanatda bildirib ki, İranda siyasi dəyişikliyin ən dinc yolu Ali dini rəhbər Ayətullah Əli Xameneyinin “könüllü istefa verməsi və xalqdan üzr istəməsidir”. Onun sözlərinə görə, bu, demokratik idarəetmə sisteminə yol aça bilər.

Amma o əlavə edib ki, totalitar liderliyin xarakteri və əvvəlki tarixi tendensiyalar bunu, demək olar ki, qeyri-mümkün edir. “Xameneyini millətin yolundan çəkin ki, xalq sistemi bərpa etmək üçün azad referendum keçirə bilsin”, – tanınmış müxalifətçi Mir Hüseyn Musəvi ilə yaxın əlaqələri olan Qədyani bildirib.

Qədyani əlavə edib ki, bu yaxınlarda üç gənc etirazçının – Saleh Mirhaşimi, Səid YaqubiMəcid Kazeminin edam olunması Xameneyinin "qəddar hakimiyyətinin" daha bir sübutudur və bu cür cinayətlər xalqın dəyişiklik əzmini daha da sərtləşdirir.

Ötən ilin sentyabrında hicab qaydasını pozduğuna görə saxlandığı deyilən 22-yaşlı Məhsa Əmininin həbsdə vəfatı ölkəboyu etirazlara səbəb olub. İran hakimiyyəti iğtişaşlarda iştirak edənlərə sərt cəzalar veriləcəyi barədə xəbərdarlıq edib.

Çoxlu sayda etirazçı edam cəzasına məhkum edilib. Hüquq qruplarının “saxta məhkəmələr” adlandırdığı proseslərin ardından, mühakimə olunanlardan ən azı yeddisi, o cümlədən üç gənc keçən həftə edam edildi.

Qızların zəhərlənməsinə görə Xameneyini suçlayır

Xameneyini sərt tənqid edən Qədyani dəfələrlə İran hakimiyyəti tərəfindən həbs edilib. O, son illərdə Xameneyini tənqid edən çoxlu məktub və qeydlər dərc edib.

O, həmçinin Xameneyini məktəblərdə əsasən qızlar arasında şübhəli xəstəliklər dalğasının arxasında durmaqda suçlayıb. Bəzi insanlar hökuməti, "Qadın, Həyat, Azadlıq" etiraz hərəkatında gənc qadınların və tələbələrin iştirakına görə qisas almaq üçün məktəblərə zəhərli qaz buraxmaqda günahlandırıb.

Əmininin ölümündən sonra başda qadın və tələbələr olmaqla on minlərlə iranlı etirazlara qoşularaq hakimiyyəti, insan və qadın haqlarına hörmət etməyə çağırıb.

Bir çoxları Əmininin, eləcə də təhlükəsizlik qüvvələri tərəfindən öldürülən nümayişçilərə görə Xameneyini günahlandırır.

Hüquq qruplarının məlumatına görə, etirazlarda 500-dən çox insan öldürülüb. Çoxsaylı etirazçılarla yanaşı jurnalistlər, hüquqşünaslar, fəallar, rəqəmsal hüquq müdafiəçiləri və başqaları da daxil olmaqla minlərlə insan həbs edilib.

Əmininin məzar daşını dağıdıblar

Əmininin ailəsi isə İran təhlükəsizlik qüvvələrini qızlarının məzarını dağıtmaqda günahlandırıb.

Ailənin vəkili Saleh Nikbəxt jurnalistlərə bildirib ki, mayın 21-də “keçmişdə bu cür çirkin əməlləri ilə tanınan şəxslər Əmininin məzarına hücum edərək, oranı dağıdıblar”. Zədələnmiş məzarın şəkillərini göstərən vəkil deyib ki, məmurlar Əmininin atasının məzarın üzərində qoruyucu örtük tikməsinə mane olub. Hansısa bir qaynaqçını, bu işi görəcəyi halda, iş yerini bağlamaqla hədələyiblər. Ancaq atası heç bir sübut göstərməyib.

Əmininin anası Mojgan Eftexari qızının məzarının təhqir olunması ilə bağlı ictimaiyyətə xəbərdarlıq edib və qəbiristanlığa giriş-çıxışın məmurlar tərəfindən bağlanmasından təəssüfləndiyini bildirib. "Xahiş edirəm insanları narahat etməyin, onların yaxınları buradadır", – o, əraziyə girişə mane olan hökumət rəsmilərinə müraciət edərək deyib.

Əmininin qardaşı Aşkan Əmini İnstaqram-da bacısının məzar şəklini paylaşaraq, Əmininin ölümündə günahkar hesab etdikləri İran rəsmilərini nəzərdə tutaraq yazıb: “Qəbir daşının şüşəsi belə onları narahat edir. Nə qədər sındırsalar da, düzəldəcəyik, görək birinci kim yorulur?”

2022-ci ilin oktyabrında Nikbəxt həmkarı Əli Rezai ilə birlikdə Əmini ailəsinin təhlükəsizliyini öz üzərinə götürüb və onun ölümündə əli olanlara qarşı ailə adından məhkəməyə müraciət edib. Hakimiyyət orqanları və məhkəmə sistemi bu günə qədər şikayətə baxmayıb.

XS
SM
MD
LG