Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:12

Türkmənistanda saqqallı gəncləri təyyarəyə buraxmırlar


Aşqabadda gənclər parkda
Aşqabadda gənclər parkda

Türkmənistanda gənclərin saqqalla təyyarəyə və ya qatara minməsi qadağan edilib.

Şahidlərin dediyinə görə, ciddi nəzarət altında olan ölkədə polis kişilərin saqqalına qarşı ölkəboyunca tədbirlərə başlayıb, gənclərin saqqalları zorla qırxılır.

Mayın 17-də 30-yaşlı Türkmənistan vətəndaşı AzadlıqRadiosuna deyib ki, Türkmənbaşı Beynəlxalq Hava Limanındakı səlahiyyətlilər üzündəki tükə görə ona təyyarəyə minməyə icazə verməyiblər. Vətəndaşın sözlərinə görə, hava limanının işçiləri ondan saqqalını qırxmağı və pasportundakı fotoya oxşamalı olduğunu tələb ediblər. Əks halda, onun kimliyini müəyyən edə bilməyəcəklərini deyiblər. Vətəndaş əlavə edib ki, polis onun pasportunu da əlindən alıb və ancaq saqqalını kəsdikdən sonra qaytarılacağını bildirib.

Türkmənistanın qərbində yerləşən bu liman şəhərinin bir neçə digər sakini də yerli polisin son günlər küçələrdə gənc, saqqallı kişiləri hədəf aldığını, onların saqqallarının kəsilməsini və ya polis bölməsinə aparılmasını tələb etdiyini təsdiqləyib.

Şahidlərin dediyinə görə, hakimiyyət kişilərdən gələcəkdə saqqal saxlamayacaqlarına dair yazılı öhdəlik imzalamağı da tələb edir.

AzadlıqRadiosu şərh almaq üçün Türkmənbaşı rəsmiləri ilə əlaqə saxlamağa çalışsa da, cavab ala bilməyib.

Saqqal qırxmaq təzə söhbət deyil

Əsasən müsəlmanların yaşadığı postsovet məkanı Türkmənistanda və digər Orta Asiyanın ölkələrində saqqal dini ekstremizmin əlaməti və ya bir çox yerli sakinlərin dediyi kimi, "qeyri-ənənəvi İslam ənənələri"nə əməl etmək kimi yozulur.

Türkmənistan, Tacikistan və Özbəkistanda kişilərin saqqallarının polis tərəfindən zorla qırxılması ilə bağlı çoxsaylı məlumatlar var.

Türkmənistanda son repressiyalar mayın ortalarında başlayıb. Hökumət heç bir açıqlama verməyib.

Şimaldakı Daşoğuz şəhərində də polis reydlərinin olduğu bildirilir. Şahidlər həmin şəxslərin “kütləvi şəkildə saxlanıldığını” və polis bölmələrində istəmədikləri halda saqqallarının kəsildiyini deyib.

Saxlanılanlar arasında olan Daşoğuz sakini bildirib ki, polis bölməsinə gətirilən kişilərin hamısının saqqalı eyni ülgüclə qırxılıb.

İmamların saqqal təbliğatı

Məscidə gedənlər deyirlər ki, imamlar yalnız pensiya yaşına çatmış kişilərin saqqal saxlamasının məqsədəuyğunluğunu təbliğ etməyə başlayıb.

Keçən il Türkmənistanda qadınlara da bir sıra məhdudiyyətlər qoyulub. Onlara "dar" paltar geyinmək, saçlarını rəngləmək və ya sinə böyütmək kimi plastik əməliyyatlar etmək qadağan edilib. Ölkə daxilində onlarla gözəllik salonu bu "yasaq" prosedur və xidmətlərin bəzilərini təklif etdiyi üçün bağlanıb.

Milli dəmiryol xidmətində çalışan ən azı 20 stüardessa və 50-yə yaxın qadın dodaqlarını və ya sinələrini cərrahi yolla böyütdükləri iddiası ilə işdən çıxarılıb.

XS
SM
MD
LG