Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:32

Taliban indi də taksilərin rəngini dəyişir


Əfqanıstanda taksi, iyul, 2022-ci il
Əfqanıstanda taksi, iyul, 2022-ci il

Talibanın qadınların hərəkət azadlığına qadağaları taksi sürücülərinin müştəri sayını daha da azaldıb.

Silahlı qruplaşma Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra yaranan iqtisadi çöküş taksi sürücüsü Rəhmətin də gəlirinə təsirsiz ötüşməyib.

İndi Rəhmət növbəti maliyyə zərbəsi ilə üzə-üzədir. Çünki Taliban taksi sürücülərinə avtomobillərinin rəngini sarıdan firuzəyiyə dəyişməyi əmr edib.

Kabildə yaşayan Rəhmət “Azadi” radiosuna deyib: “İş getmir, bu son əmri yerinə yetirməyə heç bir imkanım yoxdur. Müştərilərimdən yuxarı yolhaqqı tələb edə bilmərəm, onsuz da verə bilməyəcəklər".

Başqa bir sürücü Həmidullah “Azadi” radiosuna deyib ki, boya xərcləri 300 dollara başa gəlir və bu xərci qarşılamaq çətindir. Bir çox əfqan üçün bu, böyük məbləğdir: “Ailəmi necə dolandıracağımı bilmədiyim halda, bu pulu necə verə bilərəm?! Taliban taksilərin yenidən rənglənməsini istəyirsə, pulunu ödəsin”.

Taliban bu addımın Əfqanıstanda geniş yayılmış cinayətkarlıqla mübarizə məqsədi daşıdığını bildirib. Son illər adam oğurluğu və soyğunçuluq hadisələrinə taksi kimi istifadə olunan avtomobillər cəlb edilib.

“Bizdə bütün taksilər üçün xüsusi rəng olarsa, bu, adam oğurluğu, digər cinayətlər və təhlükəsizliyin aradan qaldırılmasına kömək edəcək”, – Taliban Daxili İşlər Nazirinin müavini Məhəmməd Nəbi Öməri mayın 9-da Kabildə jurnalistlərə deyib.

Taksi sektorunu tənzimləmək?

Talibanın bu qərarı həm də Əfqanıstanda taksi sektorunu tənzimləmək cəhdi kimi görünür. Bir çox taksi sürücülərinin icazəsi yoxdur və vergi ödəməkdən yayınırlar. Bəzi əfqanlar əlavə qazancdan ötrü şəxsi avtomobillərini taksi kimi istifadə edir, çox vaxt sərnişinləri insanların sıx olduğu yerlərdən götürürlər.

Öməri bildirib ki, bütün taksilər texniki baxışdan keçməlidir, bundan sonra onların sahiblərinə yeni fəaliyyət lisenziyası veriləcək.

Əfqanlar Talibanı yüksək işsizlik və kəskin aclıq kimi daha aktual problemlərdən qaçaraq əhəmiyyətsiz məsələlərə diqqət yetirdiyinə görə tənqid edirlər.

2021-ci ilin avqustunda Talibanın hakimiyyəti ələ keçirməsi ilə daha da ağırlaşan böyük humanitar böhranı BMT "aclıq ocağı" adlandırıb. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin məlumatına görə, Taliban hakimiyyəti ələ keçirdikdən sonra, 1 milyona yaxın insan işini itirib və işçilərin təxminən 90 faizi gündə 1,9 dollardan az qazanır.

"Bu gülüncdür, çünki sarı rəng universal olaraq taksilərlə əlaqələndirilir”, – Kabil sakini Araş öz fikrini dilə gətirib. “Buna ehtiyac yoxdur. Əhalinin, taksi sürücülərinin buna imkanı çatmayacaq. Taliban diqqətini xidmətlərin göstərilməsinə yönəltməlidir ki, insanların həyatı yaxşılaşsın", – o, sözlərinə əlavə edib.

Qətər nümunəsi

Talibanı yaxından izləyən təcrübəli Əfqanıstan jurnalisti və şərhçisi Sami Yusufzayi bu addımın "qeyri-sağlam və qeyri-real" olduğunu deyib:

"Görünür, onlar dünyanın ən zəngin ölkələrindən biri olan Qətərdən nümunə götürürlər, halbuki Talibanın idarə etdiyi Əfqanıstan dünyanın ən kasıb ölkələrindən biridir".

Qətərdə taksilər firuzəyi rəngdədir. Talibanın bu ölkədə siyasi ofisi var.

Taliban rəsmiləri yeni qaydanı pozan taksi sürücülərini hansı cəzaların gözlədiyini açıqlamayıb. Lakin Yusufzayi deyib ki, yeni qaydalar “taksi sürücülərini həbs, onların avtomobillərini müsadirə edən Taliban üçün yeni gəlir mənbəyinə çevriləcək”.

Taliban ölkədə qəzəb və çaşqınlıq doğuran bir sıra qərarlar qəbul edib.

Taliban apreldə Əfqanıstanın qərbindəki Herat şəhərində video-oyun məkanlarını, xarici filmlər, seriallar və musiqi satan mağazaları bağladı. Qrup əvvəllər şəhərdə qadınların idarə etdiyi kafe və restoranları da bağlamışdı. Noyabrda isə əfqan qadınlarına Kabildə ictimai hamamlara, parklara və idman zallarına girməyi yasaqlamışdı. Həmin ayın əvvəlində Taliban hakimiyyəti heyvan xayasının satışını qadağan edib, bunun islamda xoş qarşılanmadığını bildirib.

Bu arada pərakəndə satış məntəqələrindən manekenlərin başlarını örtmək və ya kəsmək tələb olunur. Taliban hesab edir ki, İslamda heykəllər və insan bədəninin təsvirləri qadağandır.

XS
SM
MD
LG