Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:28

Ukraynada əkshücum üçün torpağın qurumasını gözləyirlər


Baxmut yaxınlığı
Baxmut yaxınlığı

Baxmutun Ukraynanın nəzarətində olan şimal hissəsi boyunca 10-cu Dağ Hücum Briqadasının tank heyətləri Rusiya qüvvələrinə qarşı əks-hücuma keçmək üçün torpağın qurumasını gözləyirlər. Donmuş torpağın əriməsi və yaz yağışının yaratdığı palçıqlı yollar onların daha az irəliləməsinə səbəb olub.

“Current Time”a müsahibə verən tank operatoru Mykola deyib: “Rusların hələ də kifayət qədər artilleriya və tank əleyhinə silahları, o cümlədən, tank əleyhinə idarə olunan raketləri (ATGM) var. Vəziyyət asan deyil. Hazırda olduğu kimi, yağış yağarkən işləmək çətindir”.

Rusiyanın Ukraynanın şərqindəki Donbas bölgəsində digər şəhərlərə tramplin kimi baxdığı Baxmut uğrunda aylardır ən şiddətli döyüşlər gedir. Hər iki tərəfdən minlərlə insan həyatını itirib. Ukrayna qüvvələri son həftələrdə geri oturdulub, amma əraziyə nəzarəti bir qədər saxlaya bilib. Bu arada Rusiya nizami qoşunlarının və “Vaqner” muzdlu qruplaşması döyüşçülərinin mümkün qədər çox itki verməsinə çalışıb.

Bir çox hərbi ekspert ərazinin strateji əhəmiyyəti ilə bağlı etiraz etsə də, Ukrayna rəsmiləri Baxmutu əllərində saxlamağın vacibliyini vurğulayır. Bu arada Ukrayna gözlənilən əkshücum üçün son hazırlıqları aparır. Ukraynanı hücumda Qərbdən gələn minlərlə zirehli texnika, o cümlədən tanklar və yeni təlim keçmiş əsgərlər dəstəkləyəcək.

Kiyevin zərbəni nə vaxt, harada və necə başladacağı bilinmir. Təhlilçilər deyirlər ki, əkshücum müharibənin gələcək istiqamətinə, uğur dərəcəsi Qərbin dəstəyinin davam edib-etməməsinə təsir göstərə bilər.

Ərazidəki döyüşlər iki hissəyə bölünüb: şəhər daxilində küçə döyüşləri; Rusiya qüvvələrinin Ukrayna əsgərlərini mühasirəyə almağa çalışdığı şimal-qərb və cənub-qərbdəki tarlalarda, kəndlərdə döyüşlər.

Şəhər döyüşləri intensivləşib

10-cu Dağ Hücum Briqadasının tank operatoru Petro deyir ki, Ukrayna ordusu Rusiyadan yeni əlavə qüvvələrin gəldiyini bildirdiyi bir vaxtda şəhərdə döyüşlər intensivləşib, şimal-qərb bölgələrində isə döyüşlər səngiyib.

Əksər tank ekipajları bildirirlər ki, Rusiya mövqelərini müharibənin əvvəlinə nisbətən indi daha çox möhkəmləndirib. Petro qeyd edir ki, döyüşlər getdikcə daha çox “xəndək döyüşü”nə çevrilir. Yenə də tank operatorları Rusiya xətlərini keçməyə hazır olduqlarını və qarşıdan gələn əkshücumu səbirsizliklə gözlədiklərini bildiriblər.

Mykola: “Onların tankçıları ilə üz-üzə gəlməyi çox istərdim. Orada tankçıların və ya əsgərlərin olmasının fərqi yoxdur. Onları buradan qovmaq lazımdır!"

Ukrayna rəsmiləri bildiriblər ki, Baxmutda şiddətlənən döyüşlər Moskvanın 9 May Qələbə Gününədək şəhəri ələ keçirmək səylərinin bir hissəsidir. Ukrayna müdafiə nazirinin müavini Hanna Malyarın sözlərinə görə, Rusiya əlavə sayda “Vaqner” muzdluları və paraşütçülər də daxil olmaqla, əlavə qüvvələr göndərir.

Ukrayna əsgərləri bir müddətdir ki, Baxmutda rusiyalı əsgərlər və “Vaqner” döyüşçüləriylə vuruşurlar. Vaqner öz sıralarını doldurmaq üçün getdikcə daha çox məhbuslara müraciət edir. Həmin məhkumlar arasında itkilər böyükdür. Belə ki, onları riskli hücumlara göndərirlər. Burada taktika Ukraynanın müdafiəsini qırmaq, daha sonra daha təcrübəli Rusiya qüvvələrinin hücuma keçməsindən ibarətdir.

Priqojinin açıqlaması, itkilər

Malyarın açıqlaması, “Vaqner”in rəhbəri Yevgeni Priqojinin kifayət qədər sursat olmadığı üçün qüvvələrini mayın 10-dək şəhərdən çıxaracağı haqda açıqlaması ilə ziddiyyət təşkil edir.

Mayın 5-də gərgin və söyüşlə dolu açıqlamada Priqojin bildirib ki, “yaraları sağaltmaq” üçün qüvvələrinin arxa bazalara çəkilməkdən başqa çarəsi yoxdur. Bu, muzdlu qruplaşma ilə Rusiya Müdafiə Nazirliyi arasında getdikcə artan gərginliyin son epizodu sayılır.

Priqojinin “Vaqner” qüvvələrini geri çəkib-çəkməyəcəyi hələ bəlli deyil. Lakin bu addım Moskvanın Baxmutu ələ keçirmək cəhdini təhlükə altına qoya bilər. Hətta ön cəbhədə “Vaqner” qüvvələrini rusiyalı əsgərlər əvəz etsə belə.

Baxmut döyüşləri həm Rusiya, həm də Ukrayna qüvvələri üçün böyük itkilərə səbəb olub. Ağ Ev mayın 1-də bildirib ki, Rusiya dekabrdan bəri 20 mini döyüş zamanı həlak olan hərbçilər olmaqla, 100 minə yaxın itki (ölü və yaralı) verib. ABŞ rəsmiləri hesab edir ki, bu itkilərin çoxu Baxmutda baş verib.

Bu müddət ərzində Ukraynanın nə qədər itki verdiyi bilinmir. Kiyev bu rəqəmləri gizli saxlayır. ABŞ hökuməti Ukraynanın itkiləri ilə bağlı oxşar rəqəmləri açıqlamaqdan imtina edib.

Fevralın sonunda Milli Qvardiya üzvü Cek Teyşeyra (Jack Teixeira) tərəfindən “Discord” platformasında sızdırıldığı iddia edilən ABŞ kəşfiyyat sənədlərinə görə, 2022-ci ilin fevralında Rusiyanın genişmiqyaslı işğalı başlayandan döyüşlərdə 17 minə qədər ukraynalı əsgər öldürülüb. Elə həmin sənədlərdə müharibənin birinci ilində 42 min 500 rusiyalı əsgərin həlak olduğu bildirilirdi.

Əkshücumu gözləyirlər

Baxmut müharibənin episentri olaraq qaldığı bir vaxtda, Rusiyanın işğalcı orqanları mayın 5-də Ukraynanın cənubundakı Zaporojye vilayətində cəbhə xəttinə yaxın yaşayan 70 minə yaxın mülki vətəndaşa mayın 5-dək evlərini və iş yerlərini tərk etməyi əmr edib.

Ukrayna hakimiyyəti həftəsonundan başlayan Qələbə Günü tətilləri üçün cəbhə bölgəsində yerləşən Xerson şəhərində komendant saatı tətbiq etdi. Bəzi sakinlərin isə mayın 5-də avtomobil və avtobuslarla şəhərdən çıxdıqları deyilir.

Analitiklər və rəsmilərin fikrincə, bu addımlar Ukraynanın əks-hücumunun yaxınlaşdığını göstərir.

Son həftələrdə Rusiya infrastrukturuna zərbələr, o cümlədən neftayırma zavodlarına dron hücumları və qatar təxribatı artıb. Rusiya rəsmilərinin iddiasına görə mayın 3-də Kremlə dron hücumu prezident Vladimir Putini hədəf alıb. Kiyev iddia olunan heç bir aktı qəbul etməyib. Rusiya Ukrayna və ABŞ-ın bu işdə əli olduğunu vurğulasa da, hər iki ölkə insidentdə hər hansı rolu qəti şəkildə təkzib edib.

Baxmutda Ukrayna qüvvələri ilə döyüşən etnik çeçen könüllü əsgər Aslan Oçerxadjiev AzadlıqRadiosunun Şimali Qafqaz xidmətinə bildirib ki, orada döyüşlər intensiv gedir, Rusiya tərəfi atəşi gücləndirir. Ukrayna qüvvələri Baxmutda Rusiya qoşunları ilə döyüşü davam etdirdiyi bir vaxtda daha çox uzaqmənzilli artilleriyaya ehtiyacı var. Oçerxadjiev əlavə edib ki, Baxmutda aylarla çəkən sərt qış döyüşlərindən sonra, bir çox əsgər Kiyevin əks-hücumunun yaxınlaşmasından danışır. O, özünün və digərlərinin Ukraynanın Rusiya qüvvələrinə qarşı hücuma başlaya bilməsi üçün torpağın qurumasını səbirsizliklə gözlədiyini sözlərinə əlavə edib.

XS
SM
MD
LG