Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:43

32 İsrail deputatı ‘Cənubi Azərbaycan’a dəstək bildirib


İsrail parlamenti - Knesset (Arxiv fotosu)
İsrail parlamenti - Knesset (Arxiv fotosu)

İsrail parlamenti Knesstin deputatları ölkənin Xarici İşlər Nazirliyinə müraciət edərək “Cənubi Azərbaycanın” müstəqilliyinə beynəlxalq dəstəyin təmin olunmasını xahiş ediblər.

İranın şimalında azərbaycanlıların kompakt yaşadığı ərazi bəzi mənbələrdə həm də “Cənubi Azərbaycan” adlandırılır.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, ötən il İranda başlanmış antihökumət etirazlarının fonunda bu bölgənin Tehrandan muxtariyyətini tələb edən hərəkat formalaşıb.

Bütün Knesset üzvlərinin dörddə birini təşkil edən 32 deputat İsrail XİN-dən İran müxalifətinə və İran Azərbaycanındakı əhaliyə qarşı Tehranın repressiv siyasətinə diqqət ayırmağı rica ediblər.

Sözü gedən deputatların müraciətində deyilir:

"Bu, İranda 20 milylondan çox sayı olan ən böyük etnik qrupdur. Rejim azərbaycanlı azlığın öz irsini və dilini oyrənməsini və gələcək nəsillərə ötürməsini, habelə uşaqlarına azərbaycanlı adların verilməsini məhdudlaşdırmaqla bu qrupa qarşı mədəni soyqırım siyasəti yürüdür”.

Rəqib fraksiyalar

İsrail mediası məktubu imzalayan deputatların üçdə birinin parlamentdəki ifrat dinçi fraksiyaları təmsil etdiyinə diqqət çəkir.

Qeyd olunur ki, bu millət vəkilləri beynəlxalq gündəliklə çox nadir hallarda maraqlanırlar.

Amma məktubu həm də dindar blokun fəal rəqibləri – “Evimiz İsraildir” partiyasının nümayəndələri, o cümlədən partiyanın rəhbəri, keçmiş sovet vətəndaşı Aviqdor Liberman da imzalayıblar.

İsrail İranı Yaxın Şərq regionunda böyük təhlükə hesab edir.

Məktub müəlliflərinin fikrincə, “Cənubi Azərbaycandakı separatçı hərəkatın dəstəklənməsi Tehrana ciddi zərbə ola bilər”. Onlar yazırlar ki, Cənubi Azərbaycan gələcəkdə Bakı ilə yanaşı İsrailin müttəfiqinə çevriləcək.

Bu ilin əvvəllərində Azərbaycan İsrailə özünün ilk səfirini təyin edib. Muxtar Məmmədov müstəqil Azərbaycanın İsraildəki ilk səfiri olub. Tel-Əvivdə səfirlik açmaq qərarını Azərbaycan hökuməti hələ ötən ilin noyabrında qərara almışdı.

Həssas əməkdaşlıq

Bu da qeyd olunur ki, İsrail və Azərbaycan arasında əməkdaşlıq 30 ildən artıq müddətdə davam edir.

Son məlumatlara görə Azərbaycan silahlarının 60 faizindən çoxunu İsraildən alıb.

Azərbaycan nefti İsrailin neft idxalının 40 faizini təşkil edir.

Bundan başqa İranla birbaşa sərhədi olan Azərbaycan Respublikası İsrail üçün strateji əhəmiyyət daşıyır.

Tehran öz növbəsində İsraili regional sabitliyi pozmaqda, o cümlədən İranın azərbaycanlılar yaşayan bölgələrində antihökumət hisslərini qızışdırmaqda ittiham edir.

İranın azərbaycanlı əraziləri tarixən ölkədəki siyasi proseslərin önündə gedib.

Azərbaycan Respublikası İsraillə strateji əməkdaşlıq etdiyini bildirsə də, bəyan edib ki, öz ərazisindən İrana qarşı hər hansı hücum üçün istifadə edilməsinə yol verməyəcək.

İran rəsmi bəyanatlarında Azərbaycan Respublikasının suverenlik və ərazi bütövlüyünü tanıdığını və regionda sərhədlərin dəyişdirilməsi əleyhinə olduğunu bildirib.

XS
SM
MD
LG