Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:16

Putin Ukraynanı işğal qərarını 2021-ci ilin martında veribmiş – araşdırma


Nyu Yorkda Ukraynaya dəstək aksiyası, yanvar, 2023-cü il
Nyu Yorkda Ukraynaya dəstək aksiyası, yanvar, 2023-cü il

“Verstka” (Вёрстка) internet qəzetinin araşdırması Rusiya prezidenti Vladimir Putinin Ukraynanı işğal etmək qərarını hələ 2021-ci ildə martın əvvəlində verdiyini üzə çıxarıb.

Rusiya rəhbərliyinə yaxın mənbələrlə müsahibələrə əsaslanan araşdırmada deyilir ki, Putin bu qərarı 2021-ci ilin fevralında, Ukrayna hakimiyyəti rusiyayönlü siyasətçi Viktor Medvedçukun media aktivlərini müsadirə edəndən sonra verib.

Putin Medvedçukun qızının xaç atasıdır, onların birgə biznesi olduğu bildirilir. “Time” jurnalı ötən ilin fevralında, hələ müharibə başlamazdan öncə yazırdı ki, Putin dostuna təzyiqlərdən sonra Qərblə qarşıdurmanı gücləndirdiyini qeyd edirdi. Ukraynada ev dustağı edilən, dövlətə xəyanətdə ittiham olunan Medvedçuk ötən ilin sentyabrında Rusiyadakı Ukrayna hərbi əsirlərinə dəyişdirilib.

Mənbələr deyirlər ki, 2022-ci il fevralın sonlarında başlayan işğala hazırlıq prosesi Putinin yaxın adamı, ideyanın əsas dəstəkçisi milyarder Yuri Kovalçukun iştirakı ilə bir il çəkib.

Kovalçuk Putini inandırıbmış ki, Avropa İttifaqında daxili problemlər, ziddiyyətlər var və işğala başlamaq üçün ən yaxşı vaxtdır.

İlkin təhdid necə təxirə düşdü

Mənbələrə əsasən, Putin ilkin olaraq 2021-ci ilin iyulunda dərc edilmiş “Rusların və ukraynalıların tarixi birliyi haqqında” adlı məqalədə Ukraynanı açıq şəkildə müharibə ilə hədələməyi planlaşdırıb. Amma bu hədə mətnin son versiyasına salınmayıb.

Digər bir mənbə isə bildirib ki, 2021-ci ilin oktyabrında “Valday” Diskussiya Klubuna qatılan Rusiyanın aparıcı rəsmilərindən biri qapalı söhbətlərdə Rusiyanın Ukraynada hakimiyyəti zorla dəyişdirməyi planlaşdırdığını söyləyib.

Başqa bir mənbənin sözlərinə görə, həmin ilin dekabrında Rusiyanın yüksək vəzifəli şəxsləri Ukraynanın Rusiyanın böyük korporasiyalar arasında necə bölünəcəyini müzakirə edirdi.

"Verstka" “Putinin köhnə dostu” adlandırdığı həmsöhbətlərindən birinə istinadla qeyd edib ki, Müdafiə naziri Sergey Şoyqu hərbi əməliyyatın 2014-cü ildə Krımın ilhaqına bənzər formada tez baş tutacağına əmin olduğundan Putinin planını dəstəkləyib.

Putin müharibənin uzanacağını gözləmirdi

Putin administrasiyasındakı mənbə "Verstka"ya bildirib ki, Putin Ukraynanı tez bir zamanda ələ keçirməyi planlaşdırırdı və bunun uzun sürəcəyini gözləmirdi. Amma Ukraynanın NATO və bir çox Qərb müttəfiqlərinin dəstəyi ilə sərt müqavimət göstərməsi bunun səhv olduğunu sübut etdi.

Eyni zamanda Kremlin keçmiş rəsmisi “Verstka”ya müsahibəsində deyib ki, Rusiyanın demək olar ki, bütün siyasi və hərbi elitası müharibəyə qarşıdır.

Rusiya 2022-ci il fevralın 24-dən Ukraynaya hərbi təcavüzə başlayıb. BMT-nin məlumatına görə, 2023-cü il aprelin ortalarına qədər hərbi əməliyyatlar nəticəsində 8 min 500-dən çox dinc sakin həlak olub, 14 mindən çox mülki şəxs isə yaralanıb.

Hərbi itkilərin dəqiq statistikası yoxdur, lakin əksər analitiklər döyüşlərdə hər iki tərəfin minlərlə əsgərini itirdiyini deyir.

XS
SM
MD
LG