Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:36

İranlılar Pəhləvinin İsrail səfərini birmənalı qarşılamayıblar


Devrilmiş İran şahının sürgündə yaşayan oğlu Rza Pəhləvi aprelin 17-də İsrailə səfər etmiş, burada ölkənin vəzifəli rəsmiləri, o cümlədən baş nazir Benyamin Netanyahu ilə, habelə İran əsilli israillilər və Bəhayi icmasının nümayəndələri ilə görüş keçirmişdi.

O bu səfər zamanı həm də İsraildə keçirilən illik Holokost mərasimində iştirak etmişdi.

62 yaşlı Pəhləvi bildirirdi ki, onun səfərindən məqsəd “İran xalqının dostluq mesajını” yetirmək idi.

Lakin bəzi iranlılar şah oğlunun İranı hava zərbələri ilə hədələyən bir ölkəyə səfərini pisləyiblər.

Onlar Rza Pəhləvini habelə Fələstin xalqının iztirabları barədə susmaqda ittiham edirlər.

Bir başqaları isə Pəhləvinin baş nazir Benyamin Netanyahu ilə görüşünü tənqid edirlər.

Netanyahunun ədliyyə sistemini dəyişmək cəhdləri İsraildə geniş etirazlara səbəb olub.

Rza Pəhləvi və İsrailin kəşfiyyat naziri Gila Qamliyel Yerusəlimdəki Holokost muzeyində
Rza Pəhləvi və İsrailin kəşfiyyat naziri Gila Qamliyel Yerusəlimdəki Holokost muzeyində

1979-cu ildə İslam İnqilabı vasitəsilə hakimiyyətə gəlmiş ruhani liderlər İsrail dövlətini tanımaqdan imtina edirlər.

İranın bir sıra mühafizəkar dini liderləri İsraili “xərçəng” adlandırır və onun məhv edilməsinə çağırırlar.

Tehran habelə Fələstinin silahlı Həməs qruplaşmasına maddi dəstək verməkdə ittiham olunur.

İranda isə İsraili ölkənin nüvə və hərbi obyektlərinə qarşı təxribat və kiberhücumlarda, habelə İran alimləri və hərbçilərinin qətlində ittiham edirlər.

“Bişərəflik”

Tehranda mənzillənmiş siyasi fəal Tirdad Bonəkdar islami hakimiyyətin kəskin tənqidçisidir və bildirir ki, Pəhləvi istədiyi ölkəyə səfər etməkdə azaddır, amma o, niyə özünü İran xalqının təmsilçisi kimi təqdim edir?

Bonəkdar Pəhləvinin habelə İsrailə “sülh mesajı” verməsini pisləyib. O xatırladır ki, İsrailin müdafiə naziri Benni Qantz bundan əvvəl İslam Respublikasını hədələyib.

İranda siyasi fəallığına görə həbsxana cəzası çəkmiş ABŞ təhsilli Əli Əfşari isə deyib:

“İsrailin tarixində ən ekstremist hökumət sayılan və hətta əksər israillilərin etiraz etdiyi hakimiyyətin dəvətini qəbul etmək şərəf yox, bişərəflikdir”.

Silinmiş Instagram postu

Pəhləvinin onunla birlikdə İsrailə səfər etmiş arvadı özünün Instagram hesabında yazdığı postda bildirir ki, İsraildə qadın hərbçilərin “Qadın, Həyat və Azadlıq” şüarı İrandakı etiraz hərəkatının şüarı ilə səsləşir. Həmin post artıq silinib.

İnsan haqları qrupları İsrail təhlükəsizlik qüvvələrini işğal olunmuş Fələstin ərazilərində mülkiləri qanunsuz həbs etməkdə və öldürməkdə ittiham edirlər.

ABŞ-dakı Çikaqo Universiteti antropologiya fakültəsinin dissertantı Aleks Şəms Twitter hesabından yazıb:

“Biz onilliklərdir ki, milyonlarla fələstinlini işğalda saxlayan bir ordunun gətirdiyi azadlığı qəbul etmirik. Dünya boyunca liderlərin İsraili avtoritarlığa sürükləyən Netanyahu ilə görüşdən çəkindiyi bir vaxtda Pəhləvilər onunla foto çəkdirmək fürsəti tapıblar”.

“Zibil yeşiklərinin yanında”

Lakin Pəhləvi tərəfdarları onun səfərini “tarixi” adlandırır və deyirlər ki, bu səfər İsrailin İrandakı “milli inqilabı” və “vəliəhd şahzadəni onun yeganə lideri” kimi tanıdığını nümayiş etdirib.

İsrail bildirir ki, Pəhləvinin səfəri ölkəyə ən yüksək vəzifəli iranlının ilk səfəri olub.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani aprelin 17-də həftəlik brifinqində bu barədə suala cavab verərkən deyib:

"Nə adını çəkdiyiniz həmin şəxs, nə onun səfərindən məqsəd, nə də onun getmək istədiyi yerlər müzakirəyə layiq məsələ deyil”.

İranın Ali Milli Təhlükəsizlik Şurasına bağlı NourNews agentliyi iddia edib ki, İsrail Pəhləvini ciddi qəbul etməyib.

Agentlik bu səfəri məsxərəyə qoyaraq yazır ki, Netanyahu Pəhləvi ilə Holokost mərasiminin əsnasında qeyri-rəsmi, həm də “zibil yeşiklərinin yanında” görüşüb.

Şah ailəsini dəstəkləyən iranlıların Almaniyanın Münhen şəhərində keçirdikləri aksiyada
Şah ailəsini dəstəkləyən iranlıların Almaniyanın Münhen şəhərində keçirdikləri aksiyada

Pəhləvi və onun populyarlığı

Devrilmiş İran şahının böyük oğlu Rza Pəhləvi artıq neçə illərdir ki, İslam Respublikasının devrilməsinə çağırışlar edir.

O İranda ölkə boyunca antihökumət etirazları dalğası yayılandan bəri siyasi fəallığını artırıb.

Pəhləvi son aylarda bir neçə Avropa ölkəsində səfərdə olub və rəsmiləri İslam Respublikasını təkləməyə, İrandakı etirazlara və sürgündəki İran müxalifətinə dəstək verməyə çağırıb.

Mart ayında Pəhləvi və Nobel mükafatçısı Şirin İbadi və antihicab etirazçısı Məsih Əlinejad da daxil İran müxalifətinin nümayəndələri demokratik İranın qurulması üçün xartiya elan ediblər.

Lakin bu xartiya İranda geniş dəstək qazana bilməyib. Bir çox şərhçilər deyiblər ki, bu sənəddə İranın parçalanmasına çağırış edilir.

XS
SM
MD
LG