Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:13

Mədəniyyət Nazirliyinin satınalmaları suallı qalır


Dövlətin kinoya ayırdığı 'qəpik-quruş'...
Gözlə

No media source currently available

0:00 0:06:15 0:00

Dövlətin kinoya ayırdığı 'qəpik-quruş'...

Azərbaycanda hər il dövlət satınalmalarına böyük həcmdə vəsait xərclənir. Məsələn, ötən il 6 milyard 779 milyon manat dəyərində belə satınalma olub. Həmin ilin dövlət büdcə xərcləri toplam 32 milyard manat idi. Bu o deməkdir ki, ötən il büdcənin 21 faizi dövlət satınalmalarına gedib. Haqlı sual doğur: Ödənişlər nə dərəcədə şəffaf olub? Təəssüf ki, bir çox digər sahədə olduğu kimi, Azərbaycanda dövlət satınalmalarında da şəffaflıq və hesabatlılıq istənilən səviyyədə deyil. Bu üzdən, dövlət qurumlarının xeyli qismi büdcə vəsaitlərindən səmərəsiz istifadə edir.

Hesablama Palatası 2020 və 2021-ci illər boyu Mədəniyyət Nazirliyinin gerçəkləşdirdiyi dövlət satınalmalarının audit yoxlamalarının nəticələrini açıqlayıb. Bəlli olub ki, bir çox dövlət qurumu kimi, Mədəniyyət Nazirliyinin də bu istiqamətdəki fəaliyyətində ciddi problemlər var. Məsələn, iki il ərzində heç bir satınalma proseduru keçirilmədən 68 dəfə ödəniş aparılıb. Audit üzə çıxarıb ki, satınalmaya dair müqavilələr bəzi hallarda alış başa çatandan sonra bağlanılıb. Belə çıxır ki, nazirliyin satınalma prosedurları formal xarakter daşıyıb.

Satınalmalara bu cür yanaşma bir çox qurum üçün xarakterikdir. Məsələn, bir müddət öncə bəlli olmuşdu ki, Yevlax şəhər İcra Hakimiyyəti burada Novruz bayramı ilə bağlı tədbirlərin keçirilməsi barədə tenderə aprelin sonunda - bayramın başa çatmasından bir ay sonra yekun vurub.

Qiymətlər düzgün hesablanmayıb

Hesablama Palatasının apardığı audit zamanı üzə çıxan daha bir çatışmazlıq nazirliyin gerçəkləşdirdiyi satınalmalar zamanı qiymətlərin düzgün müəyyən edilməməsidir. Mövcud potensialın nəzərə alınmaması, ehtimal edilən qiymətin düzgün müəyyənləşdirilməməsi nəticəsində satınalmalar normadan baha başa gəlib. Toplam dəyəri 5 milyon manat olan müqavilələrə həmin məbləğin 25 faizi qədər əlavə vəsait ödənilib.

Nazirliyin apardığı satınalmalar zamanı bəzi hallarda şərtlərə uyğun gəlməyən iddiaçılar müsabiqədən uzaqlaşdırılmayıb. Hətta bir sıra hallarda elan edilən tenderləri məhz həmin iddiaçılar qazanıb. Bəzi hallarda bağlanan müqavilə şərtlərinə də əməl edilməyib. Bu da 2 milyon manatdan çox vəsaitin podratçıların sərəncamında istifadəsiz saxlanmasına səbəb olub. Nazirlik tərəfindən dövlət satınalmalarının vaxtında və düzgün şəkildə planlaşdırılmaması da problemlərə yol açıb. Satınalmalarla bağlı toplam 2 milyon manata yaxın vəsaitin ilkin təyinatı sonradan dəyişdirilib. Bu, icra və proqnoz göstəricilərinin təhrif edilməsinə gətirib çıxarıb.

Nazirlik əsasnamə ilə müəyyənləşdirilmiş vəzifələrini bəzi hallarda kənar müəssisələrə ötürüb. Beləcə, 258 min manatdan səmərəsiz istifadə olunub. Audit nəticəsində üzə çıxan daha bir nöqsan müqavilələrdə nəzərdə tutulmuş işlərin müəyyənləşdirilməməsidir. Bağlanan anlaşmaların da bir bölümündə qaydalar gözardı edilib. Nəticədə 570 min manatlıq anlaşmaların icrası ilə bağlı risklər ortaya çıxıb.

Rəqabətsiz satınalmalar artır

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bir müddət öncəki açıqlamasında bildirmişdi ki, dövlət satınalmalarındakı boşluqlar dövlət qurumlarında yetərincə peşəkar təchizatçıların olmamasından qaynaqlanır. Müstəqil ekspertlərin fikrincə, boşluqlar təchizatçıların peşəkarlıq dərəcəsindən çox, dövlət qurumlarının şəffaf və hesabatlı işləməməsi ilə bağlıdır. İctimai vəsaitlərin monitorinqini apara biləcək vətəndaş cəmiyyətininsə durumu ağırdır. Vətəndaş cəmiyyətinin fəaliyyətini əngəlləyən qanunlar üzündən, müstəqil tədqiqatçıların dövlət satınalmaları ilə bağlı fəaliyyəti zəifləyir. Digər tərəfdən, Azərbaycanda büdcə vəsaitlərindən istifadə ilə bağlı göstəricilər də gərəyincə açıqlanmır. Bir çox rəqəm cəmiyyətdən gizlədilir. Bu, vətəndaş cəmiyyəti ilə yanaşı, media orqanlarının da işini çətinləşdirir. Beləcə, dövlət qurumlarının satınalmaları qaydalara uyğun aparmaması üçün münbit ortam yaranır.

Rəsmi rəqəmlərdən aydın olur ki, auditin əhatə etdiyi dövr ərzində - 2020-2021-ci illərdə Azərbaycanda rəqabətli satınalmaların payı azalıb. Hökumətin 2021-ci ildəki fəaliyyəti ilə bağlı parlamentə təqdim etdiyi hesabatdan da aydın olur ki, həmin il müsabiqəəsaslı satınalmaların toplam satınalmalar içərisindəki payı azalıb. Əgər 2020-ci ildə bütün dövlət satınalmalarının 53.3 faizi müsabiqəəsaslı satınalmalardısa, 2021-ci ildə belə satınalmaların payı 9.3 faiz azalaraq 44 faizə enib. Deməli, dövlət satınalmalarına ayrılan vəsaitin şəffaf və hesabatlılıqla xərclənməsi üçün ciddi addımlar atılmalıdır. Bu baxımdan, konkret layihələrə ayrılan vəsait açıqlanmalı, tender seçimləri aparılmalı, bir sözlə, daha rəqabətli mühit yaradılmalıdır.

XS
SM
MD
LG