Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:28

Zibilqabının üstünə “ZOO” yazan rusiyalı fəal: ‘Tamamilə təqsirkaram”


Aleksey Semyonov
Aleksey Semyonov

Rusiya Prezidenti Vladimir Putin ötən ilin sentyabrında Ukraynada apardığı müharibəyə görə ölkə üzrə səfərbərlik elan etdi. Onda 55-yaşlı Aleksey Semyonov Rusiyanın şimalındakı Komi Respublikasının İjma kəndindəki yerli Mədəniyyət Evinə gedib.

Putinin müharibəsindən ötrü ilk 40 nəfərlik səfərbər qrupu buraya yığışmışdı. Semyonov pilləkənlərdki dolu zibilqabının üzərinə Ukrayna bayrağının sarı-mavi rənglərində “ZOO” sözünü yazıb. “Z” hərfi Rusiyanın müharibə maşını və onun tərəfdarlarının simvolu sayılır.

Vəkil istəmir

İxtisasca pediatr, eyni zamanda ətraf mühit fəalı olan Semyonov hazırda “Rusiya silahlı qüvvələrinin diskreditasiyası” ittihamı üzrə 3 ilədək həbs cəzası ilə üzləşib. O, aksiyasının fotosunu sosial mediada paylaşaraq üstünə “İjma Cargo 200-ü qarşılamağı məşq edir”. “Cargo 200” müharibədə həlak olanlarla bağlı Rusiya terminidir.

Fəalın məhkəməsinin vaxtı hələ təyin olunmayıb. Ancaq tərəfdarlarının ona vəkil tutmaq təklifini rədd edib. O deyir ki, müstəntiqlərin onun “motivləri və metodları” haqda gəldiyi qənaətlərlə razıdır.

“Yeganə məsələ budur ki, mühakimə olunduğum qanunu qeyri-legitim və ədalətsiz sayıram. Beləliklə, məni mühakimə edin. Bu absurd qanun üzrə tamamilə təqsirkaram”, – o, AzadlıqRadiosunun rus xidmətinin “North.Realities” regional xəbər portalına deyib.

Kənd sakinlərinə vermək istədiyi mesaj

Rusiya insan haqları qrupunun siyasi məhbus sayığı Semyonov müharibəyə qarşı mövqelərinə görə ittiham olunan yüzlərlə rusiyalıdan biridir. İttihamlar içində ordunu “nüfuzdan salmaq”, yaxud “saxta” informasiya yaymaq kimi məsələləri kriminallaşdıran yeni qanunları da əhatələyir.

Semyonov AzadlıqRadiosuna deyib ki, Rusiyanın Ukraynaya qarşı işğalının, Putinin müharibəsini əsasən dəstəkləyən kənd sakinlərindən də yan keçməyəcəyi mesajını vermək istəyib.

“Gerçəkdən də İjmadakı kişilərin bu qardaş qırğınında iştirakın vacibliyinə şübhə etməsini istədim və niyyətlərimi danmıram”, – o vurğulayıb.

Fəal Putinə müxalif mövqeyinin onun həyatında şəxsi və peşəkar çatlar yaratdığını sözlərinə əlavə edir. Onun öz anası, İjmada işə saldığı, davamlı gəlir gətirən tullantı emalı mərkəziylə problemləri çıxıb. Belə ki, mərkəzdəki tərəfdaşları müharibə əleyhinə fəaliyyətinə görə onunla işləməkdən imtina edib. Bu, Semyonov Putinin səfərbərliyini boykot etməyə çağırandan, ona qarşı cinayət işi açılandan sonra baş verib. Tərəfdaşları “müharibəni dəstəkləyən sakinlər arasında tullantı mərkəzini gözdən salmamaqdan ötrü” biznesi ələ alıblar.

Cəriməni ödəməyib

Putin 2022-ci ilin fevralında Ukraynanın tammiqyaslı işğalına başlayandan Semyonov Rusiya silahlı qüvvələrini “nüfuzdan salmaq”da təqsirli bilinərək iki dəfə həbs olunub və cərimələnib. Ancaq o 30 min rubl ($367) cəriməni ödəməkdən imtina edib, pulu olmadığı üçün yox, “kriminal müharibəni maliyyələşdirmək” istəmədiyi üçün, özü AzadlıqRadiosuna belə deyib.

Ötən il sentyabrın 28-də isə kənd kişilərinin bir neçə gün öncə səfərbərliyə yola salındığı Mədəniyyət Evində tədbiri pozandan sonra saxlanıb. Deyir ki, “Putin İjma sakinlərini qardaş qırğınına göndərdiyi üçün edam olunacaq” deyə qışqırıb.

Semyonov tələsik məhkəmə qarşısına çıxarılıb, daha öncəki cəriməni ödəmədiyi üçün beş günlük həbsə məhkum edilib. Ona həm də hazırda üzləşdiyi ittiham irəli sürülüb ki, buna görə üç ilədək həbslə cəzalana bilər.

Rusiyadan getmək istəmir

Semyonov deyir ki, “diskreditasiya” ittihamı üzrə etirafını nəzərə alaraq şərti cəza alacağına ümid edir. Onun AzadlıqRadiosuna bildirdiyinə görə, Rusiyadan qaçmaq fikri yoxdur, başqa heç bir yerdə iş tapa bilməz, üstəlik, həyat yoldaşı da getməkdən imtina edir.

Semyonovun səfərbərlik yaşına çatmış üç oğlu var. Onlardan biri antimüharibə etirazına qatılıb, Rusiyadan getmək istəyir.

Fəal deyir ki, oğlanları səfərbərlik reydlərindən taksi ilə ətrafı dolaşmaqla yayınırlar.

“Onlara deyirəm: ‘Heç yerə getməyə ehtiyac yoxdur. Sizi zorla səfərbər etsələr, özünüzü ölülüyə vurun. Hökumətə ölülər lazım deyil’”, – Semyonov söyləyir.

XS
SM
MD
LG