Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:13

Azərbaycan İrana cavab notası verib


İran İslam Respublikasının səfiri Seyid Abbas Musəvi
İran İslam Respublikasının səfiri Seyid Abbas Musəvi

İran İslam Respublikasının səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və bu ölkəyə cavab notası verilib.

Bunu yerli mediaya Azərbaycan XİN -in mətbuat katibi Ayxan Hacızadə deyib.

Nazirliyin saytında yer alan məlumata görə, Ayxan Hacızadə “Azərbaycan mediasında İran əleyhinə yayımların və məqalələrin qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülməsi üçün İran tərəfindən Azərbaycan Xarici İşlər Nazirliyinə nota təqdim edilibmi” sualına belə cavab verib:

“İranın Azərbaycandakı Səfirliyinin Xarici İşlər Nazirliyinə ünvanlanmış sözügedən notası 3 aprel tarixində daxil olub. Qeyd edilən məsələ ilə əlaqədar eyni gündə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.”

Hacızadənin deməsinə görə, İran tərəfinin notasında Azərbaycan mediası ilə bağlı qeyd olunanların obyektivliyi əks etdirmədiyi vurğulanıb.

XİN-də görüş

Habelə, bildirməsinə görə, onlara cavab notası, eləcə də həmin ölkənin mediasında Azərbaycan əleyhinə yayılmış bir sıra məqalələrin siyahısı təqdim olunub:

“Görüş zamanı, İran mediasında Azərbaycan əleyhinə yalan və qərəzli məlumatların yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər görülməsinin zəruriliyi vurğulanıb.”

Hələlik, bu açıqlamaya İranın Azərbaycandakı Səfirliyindən münasibət almaq mümkün olmayıb.

Aprelin 2-də İranın mediasinda belə bir məlumat yayılmışdı ki, bu ölkənin Bakıdakı səfirliyi mətbuatda dərc olunan materiallarla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

İRNA agentliyinin xəbərinə görə, səfirlik bu cür materiallara kəskin etirazını bildirib və onlara dərhal son qoyulmasını istəyib.

“İran diplomatik missiyası bu cür hörmətsiz hərəkətlərin iki ölkə arasındakı münasibətlərə zərərli təsiri barədə xəbərdarlıq edib”, - deyə məlumatda vurğulanırdı.

Bundan əvvəl…

Ötən həftə habelə İran və Azərbaycan rəsmilərinin qarşılıqlı açıqlamaları olmuşdu.

İran rəsmiləri Azərbaycan ərazisində onlara qarşı xarici qüvvələrin mövcudluğundan bəhs etmiş, Azərbaycan isə belə iddiaları təkzib etmişdi.

Bu il yanvarın 27-də isə Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücüm olub.

Onda səfirliyin bir əməkdaşı həlak olmuş, ikisi isə xəsarət almışdı.

Bundan sonra Azərbaycan İrandakı Səfirliyinin əməkdaşlarını təxliyə edib.

İran rəsmiləri silahlı insidentin araşdırılacağını bildirib.

XS
SM
MD
LG