Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:42

Moskva Londonu Ukraynaya ‘nüvə silahı’ göndərməkdə ittiham edir


Challenger tankının lüləsi
Challenger tankının lüləsi

Rusiya prezidenti Vladimir Putin martın 21-də Britaniyanın Ukraynaya tərkibində zəiflədilmiş uran olan tank sursatının göndərməsini pisləyib və bəyan edib ki, Moskva buna müvafiq cavab addımı atacaq.

Reuters yazır ki, bundan bir gün əvvəl Britaniya müdafiə nazirinin müavini Annabel Qoldi (Annabel Goldie) demişdi ki, Londonun Ukraynaya göndərdiyi Challenger 2 ağır tankları zirehdağıdan mərmilərlə təchiz edilir.

Belə mərmilərin tərkibində olan zəiflədilmiş uran onlara zirehlərə qarşı dağıdıcı güc verir.

Putin Rusiyada səfərdə olan Çin prezidneti Si Tsinpinlə görüşündə deyib ki, Qərb artıq tərkibində nüvə komponenti olan silahlardan Ukraynada kollektiv şəkildə istifadə edir və Moskva buna müvafiq cavab verəcək.

Rusiya siyasətçiləri və təbliğatçıları Moskvanın Ukraynaya müdaxiləsi başlanandan bəri Qərbi zaman-zaman nüvə silahına əl atıla biləcəyi ilə hədələyiblər.

Putin və Lavrov da üstüörtülü şəkildə belə bəyanatları tez-tez səsləndirirlər.

Şoyqu “nüvə toqquşmasından” danışır

Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib ki, Britaniyanın qərarı Rusiya və Qərb arasında “nüvə toqquşmasına” qalan məsafəni daha da qısaldıb.

Tərkibində zəiflədilmiş uran olan mərmilər metalın sıxlığına və başqa fiziki keyfiyyətlərinə görə tank zirehlərini daha asan dağıdır.

Belə mərmilər yalnız düşdüyü ərazidə nüvə tozunun ağ ciyərə daxil olması riskinə görə təhlükəli sayılır, amma nüvə silahı kimi şüalandırma qabiliyyətinə malik deyil.

Şoyqu jurnalistlərin suallarına cavab verərkən deyib ki, Moskva Londonun bu addımına “nə iləsə” cavab verməlidir.

Zəiflədilmiş uran haqqında həqiqətlər və miflər

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bunu “Yuqoslaviya planı” adlandırmış və demişdi ki, belə sursatdan istifadə xərçəng xəstəliyi və ətraf mühitin çirklənməsi riski yaradır.

Lakin ekspertlər bildirirlər ki, Moskvanın zəiflədilmiş uran ətrafında qaldırdığı belə hay-küy daxili auditoriyaya psixoloji təsir məqsədi daşıyır və Rusiya rəhbərliyi zəiflədilmiş uranla nüvə silahı arasındakı fərqi yaxşı başa düşür.

Zəiflədilmiş uran zənginləşdirilmiş uranın istehsalı zamanı artıq qalan yan məhsuldur. Belə urandan mərmi və güllələrin deşici və dağıdıcı qüvvəsinin artırılması üçün istifadə olunur.

Digər tərəfdən belə mərmilər və güllələr sözü gedən uran tozuna görə həm də yüksək alışqanlığa malikdir.

Bu mənada zəiflədilmiş uranın ətraf mühitə vurduğu ziyan nüvə silahının deyil, ağır metalların vurduğu ziyana bənzəyir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin 2018-ci ildə verdiyi rəyə görə belə mərmilərdən istifadə ətrafda yaşayan əhali üçün o qədər də təhlükəli deyil.

Rusiyanın özünün də belə mərmiləri var

Ekspertlər bildirirlər ki, Britaniyanın qərarında Rusiya rəhbərliyini narahat edən sözü gedən mərmilərin yüksək dağıdıcılıq qabiliyyətidir.

Rusiya tankları zireh sarıdan Qərb analoqlarından xeyli geri qalır. Üstəlik Moskva Ukraynada texnika sarıdan ağır itkilərə məruz qalıb və hazırda anqarlardan 1955-ci ilin istehsalı olan tankların çıxarılması barədə qərar qəbul olunub.

Zəiflədilmiş uranı olan mərmilərdən isə dünyanın bir çox ordularında geniş istifadə olunur.

Britniya Ukraynaya Challenger 2 tankları göndərdiyini bildirib
Britniya Ukraynaya Challenger 2 tankları göndərdiyini bildirib

Qərbdə bu mənada L26A1 və L27A1 kimi tanınan tank sursatları geniş yayılıb. Məsələ burasındadır ki, belə mərmilər Rusiyanın öz cəbbəxanasında da var. Söhbət “Vant” adı ilə tanınan ZBM59 və ZBM32 mərmilərindən gedir.

Sovet və Rusiya ordusu tərkibində zəiflədilmiş uran olan tank mərmilərindən 1970-ci illərdən istifadə edir. Bunlar əsasən T-62 tankları üçün 150 mm , T-64, T-72, T-80 və T-90 tankları üçün 125 mm çaplı mərmilərdir.

Martın 22-də Britaniyanın Müdafiə Nazirliyi Putinin bəyanatına cavab olaraq bildirib ki, onun ordusu belə mərmilərdən illərdir istifadə edir və zirehdağıdan əksər mərmilərin tərkibində zəiflədilmiş uran var:

“Rusiya bunu bilir və bilərəkdən də dezinformasiyaya əl atır”.

XS
SM
MD
LG