Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:16

Moldova Kremlin yeni hədəfi ola bilərmi


Kişinyovda Şor partiyasının etiraz yürüşü
Kişinyovda Şor partiyasının etiraz yürüşü

Fevralın 28-də Moldovanın paytaxtı Kişinyovda bir neçə nəfər ölkə prezidenti Maya Sandunun hazır posterlərini cırıb yerə tökülən kağız parçalarını tapdalayır, ətrafdakılarsa onları seyr edirdi.

Kişinyovda hökumət əleyhinə bu son aksiyanın təşkilatçısı özünü “Xalq Naminə Hərəkat” adlandıran qrupdur. Bu qrupu dəstəkləyənsə kremlyönlü Şor partiyasının üzvləridir. Partiyanın təsisçisi və sədri İlan Şor 2014-cü ildə Moldovanın üç bankından ümumilikdə 1 milyard dollar oğurladığı üçün 2017-ci ildə dələduzluqda təqsirli bilinib.

Əllərində Moldova bayraqları yelləyən kütlənin çox hissəsinin avtobuslarla gətirildiyi iddia edilir. Onlar ölkənin yeni qərbyönlü hökumətini xalqın enerji xərclərini ödəməyə və “ölkəni müharibəyə qatmamağa” çağırırlar.

Şor partiyasının Maya Sanduya qarşı etraz yürüşü, noyabr, 2022-ci il
Şor partiyasının Maya Sanduya qarşı etraz yürüşü, noyabr, 2022-ci il

“Rusiya yeni bir böhran yaratmaq istəyir”

Bundan öncəki hökumət qiymətlərin artmasından ictimai qəzəbdən dolayı hakimiyyətdən getməli olub. Prezident Sandu və digərləri Moskvanı Moldovada sabitliyi yenidən pozmaq üçün pərdə arxasından ara qarışdırmaqda, bu etirazçıların iplərini çəkməkdə ittiham edir.

Sandu bu yaxınlarda iddia olunan dövlət çevrilişi ssenarisini ifşa edib. Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəsinə Moldovanı da qata biləcəyi, bunun üçün rusiyayönlü Dnestryanı bölgəsindəki Rusiya qoşunlarından istifadə edəcəyi ilə bağlı ölkədə narahatlıq var.

Ekspertlər Kremlin bu qədər uzağa getməsə də, Kişinyovun indiki zəif durumundan yararlana biləcəyini deyirlər. Bundan başqa, Moskva Kiyev və onun Qərb müttəfiqlərinin diqqətini yayındırmaqda da maraqlıdır.

"Rusiya Moldovadakı qarışıqlıqdan istifadə edərək Dnestryanı ətrafında qorxunu artırmaq və Ukraynanı … təxribata cəlb edərək onu aqressor kimi qələmə vermək, habelə yeni bir böhran vəziyyəti yaratmağa çalışmaq istəyir”, – Vilnüsdə yerləşən Şərqi Avropa Elmləri Mərkəzinin qonaq tədqiqatçısı Dionis Senusa AzadlıqRadiosuna deyib.

Qərbin Sanduya dəstəyi, Rusiyanın çevriliş planları

Kremlin artan təzyiqləri fonunda Qərb Sandunu dəstəkləyir. Ukrayna ilə Aİ və NATO üzvü olan Rumıniya arasında yerləşən Moldovanın Ukrayna ilə 1222 kilometrlik sərhədi var. Moldovada prezident ölkəni beynəlxalq aləmdə təmsil etməklə yanaşı xarici siyasətdə də mühüm rol oynayır. Fevralın 21-də ABŞ Prezidenti Co Bayden (Joe Biden) Polşada Sandu ilə görüşündə "ABŞ-ın Moldovanın suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini davam etdirəcəyini” deyib. 2022-ci ilin iyulunda isə Ukrayna ilə birlikdə Moldovaya da Aİ üzvlüyünə namizədlik statusu verilib və bu, Moskvanın qəzəbinə səbəb olub.

Fevralın 13-də Sandu Rusiyanın Moldovada çevriliş planlaşdırdığını elan edib. O, Ukrayna kəşfiyyatının bununla bağlı məlumatı Moldova ilə paylaşdığını bildirib. İddiaya görə, bu çevrilişi gerçəkləşdirmək üçün təkcə Rusiyadan deyil, Belarus, Serbiya və Monteneqrodan da hərbi təcrübəsi olan adamlar cəlb ediləcəkdi.

Mülki geyimli bu şəxslər Kişinyovdakı hökumət binalarına nəzarəti ələ keçirəcək, yolüstü insanları girov götürəcəkdilər. Onları “daxildəki cinayətkar qruplar” dəstəkləyəcəkdi. Sandunun sözlərinə görə, Şor Partiyası və keçmiş siyasətçi və oliqarx Vladimir Plahotnyuka bağlı qrup da bu sıraya daxildir. Plahotyunk genişmiqyaslı korrupsiya və vəzifədən sui-istifadədə ittiham olunduqdan sonra ölkədən qaçıb.

Sandu bildirib ki, Rusiya 2022-ci ilin sonlarında da ölkədə sabitliyi pozmağa çalışıb, ancaq yerli təhlükəsizlik xidmətləri bu planı alt-üst edib.

Çevriliş ittihamlarına reaksiyalar

ABŞ Dövlət Departamenti çevriliş ittihamlarına cavab olaraq bildirib ki, bu haqda xəbərlər müstəqil qaydada yoxlanmasa da, "Rusiyanın davranış çərçivəsi xaricində olmadığı dəqiqdir və biz tamamilə Moldova hökuməti və Moldova xalqının yanındayıq”.

Bir gün sonra, fevralın 14-də Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova Sandunun iddialarını “tamamilə əsassız və sübutsuz” adlandıraraq təkzib edib. Bir həftə sonra isə Putin bəyan edib ki, Rusiya Dnestryanı ətrafındakı mübahisənin həlli məsələsində Moldovanın suverenliyinin tanınmasına dair sənədi ləğv edib.

Rusiyanın Qərblə münasibətlərinin nisbətən daha yaxşı olduğu 2012-ci ildə qüvvəyə minən sözügedən qərar “Rusiyanın milli maraqları naminə” ləğv edilib. Kremlin saytında belə deyilir.

Moldovanın BMT-dəki keçmiş səfiri Vlad Lupan “Twitter”də iddia edib ki, Putinin bu addımı Kremlin “çevriliş təşkil edə bilməməsinə” görə əvəz çıxmasıdır.

Zəif, həssas, gərgin Moldova

Moldova Kremlin çevriliş planının qarşısını alsa da, ölkə hələ də zəif, həssas və get-gedə daha gərgin qalmaqdadır. Fevralın 10-da ölkənin keçmiş qərbyönlü baş naziri Nataliya Qavrilita istefa verib. O, Moldovanın “çoxsaylı böhranlarla” üz-üzə olduğunu deyib. Qavrilita bildirib ki, 2021-ci ildə onun hökuməti seçiləndə heç kim bu hökumətin “Rusiyanın Ukraynaya hücumu nəticəsində meydana çıxan bu qədər çox böhranı” idarə etməli olacağını gözləmirdi.

Ötən il Rusiyanın Moldovaya satdığı qazın həcmini qəfil azaltmasından sonra enerji böhranı yaranıb. Ölkə tamamilə Rusiyanın təbii qazından asılıdır. Yaranan enerji böhranı qiymətlərin və ictimai narazılığın kəskin artmasına səbəb olub. "Moldova Ukraynadakı müharibənin ən çox təsir etdiyi ölkələrdən biridir. Bu təkcə onun həm Ukrayna, həm də Rusiyaya fiziki yaxınlığı ilə deyil, eyni zamanda kiçik, dənizə çıxışı olmayan, həm Ukrayna, həm də Rusiya il sıx əlaqələri olan ölkə olması ilə bağlıdır”, – deyə Dünya Bankı özünün ölkə üzrə son hesabatında yazır.

Moldova eyni zamanda Ukraynadan gələn qaçqın axını ilə bağlı da çətinliklərlə üzləşməkdədir. BMT-nin qaçqınlar üzrə agentliyinin məlumatına görə, yanvarın sonlarında qeydə alınan qaçqın sayı 100 mini keçmişdi.

Keçmiş təhlükəsizlik müşaviri, daxili işlər naziri...

Fevralın 16-da Moldova parlamenti Baş Nazir Dorin Reseanın rəhbərliyi ilə yeni hökuməti təsdiqləyib. Resean Sandunun keçmiş təhlükəsizlik müşaviridir. 2012 -2015-ci illər arasında isə Moldovanın daxili işlər naziri olub. Parlamentdəki səsvermədə qərbyönlü “Fəaliyyət və Həmrəylik Partiyası” hökumətin xeyrinə 62 səs verdiyi halda müxalif rusiyayönlü partiyalar, Kommunist və Sosialistlərin Seçki Bloku və Şor Partiyası səsverməni boykot edib.

Varşavada fəaliyyət göstərən Şərq Elmləri Mərkəzinin təhlilçisi Kamil Kalus yazır ki, Reseanın təhlükəsizlik xidmətindəki keçmişini və Moskvadan gələn təhlükənin gözlənilən olduğunu nəzərə alsaq, bu təyinat “ölkənin təhlükəsizliyinin gücləndirilməsinin” Kişinyov üçün daha böyük əhəmiyyət kəsb etdiyini göstərir.

Moldovaya təhlükə çox realdır. Fevralın 10-da Rusiyanın dənizdən atdığı və kütləvi raket hücumunun bir hissəsi olan qanadlı raket Moldovanın hava məkanından keçərək Ukraynaya düşüb. Bu insidentdən sonra Moldova Rusiyanın səfirini izahat vermək üçün çağırıb.

Reseanın Dnestryanı bəyanatları

Resean hələ baş nazir vəzifəsinə təsdiqlənəndən öncə artıq Moskvanı qəzəbləndirmişdi. O, Dnestryanının hərbsizləşdirilməsinə və orada qalan 1100 Rusiya əsgərinin bölgədən çıxarılmasına çağırmışdı. Onun bu çağırışı Kremlin sözçüsü Dmitri Peskovun reaksiyasına səbəb olmuşdu. "Biz moldovalı həmsöhbətlərimizə bu cür bəyanatlarla çox ehtiyatlı olmağı məsləhət görərdik”, – Peskov fevralın 20-də Moskvada mətbuat konfransında deyib. O, iki ölkə arasında münasibətlərin “çox gərgin olduğunu” da vurğulayıb.

Əhalisi əsasən rusdilli olan Dnestryanı Kişinyovun yenidən Rumıniyaya qoşulmağa çalışacağından qorxaraq 1990-cı ildə Moldovadan müstəqilliyini elan edib. 1992-ci ilin yazında iki tərəf arasında qısa, ancaq qanlı müharibə olub. Müharibə Dnestryanıdakı Rusiya qoşunlarının münaqişəyə müdaxilə edərək separatçıların tərəfində vuruşması ilə nəticələnib. Rusiya qoşunları o zamandan bəri özlərini sülhməramlı qüvvələr kimi qələmə verərək bölgədə qalıblar.

Bir il öncə Moskva Ukrayna üzərinə genişmiqyaslı hücuma başlayanda ABŞ rəsmiləri də daxil olmaqla bir çoxları Kremlin Ukraynanın Qara dəniz sahilboyu yaxınlığında quru ərazi körpüsü yaratmaq məqsədilə Dnestryanıya da göz dikdiyi barədə xəbərdarlıq səsləndirmişdi. Moldovanın milli kəşfiyyat agentliyi 2022-ci ilin dekabrında eyni ssenari haqda xəbərdarlıq edərək Kremlin ikinci cəbhə açmaq istədiyini bildirib.

XS
SM
MD
LG