Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:31

'Merkel bunları Putinin qarşısında qaldıranda o deyirdi: 'Hesab edin ki, bu məsələ həll olunub''


Volfqanq İşinger
Volfqanq İşinger

Təcrübəli diplomat Volfqanq İşinger (Wolfgang Ischinger)1970-ci illərin ortalarından bəri Almaniya xarici işlər idarəsində bir sıra vəzifələrdə işləyib. O, xarici işlər nazirinin müavini, habelə ölkənin ABŞ və Birləşmiş Krallıqdakı səfiri olub. 2008-2022-ci illərdə 1963-cü ildən bəri yüksək rütbəli liderləri, diplomatları və beynəlxalq münasibətlər üzrə ekspertləri bir araya gətirən Münxen Təhlükəsizlik Konfransına sədrlik edib. İşinger AzadlıqRadiosunun gürcü xidmətinə müsahibəsində builki konfransda dominant məsələ olan Ukrayna müharibəsi, Almaniyanın Rusiya siyasətinin təkamülü və Berlinin Rusiya Prezidenti Vladimir Putini yanlış anlaması haqda danışıb.

2007-ci il çıxışı

Putinin 2007-ci ildə Münxen Təhlükəsizlik Konfransında çıxışı çoxları tərəfindən soyuq müharibənin yenidən başlanması kimi dəyərləndirilir. Həmin çıxışda Putin NATO-nun şərqə doğru genişlənməsinə və Avropa üzərində ABŞ raket qalxanının yaradılması planına qarşı çıxmışdı. 2022-ci ildə Rusiyanın Ukrayna üzərinə hücuma keçməsindən bəri mütəxəssislər dönə-dönə bu çıxışı yenidən nəzərdən keçirməyə başlayıblar.

“Çox yaxşı yadımdadır ki, çıxış bitəndə yanımda oturan dostlarımdan biri belə dedi: "Ah, bu ki III Dünya müharibəsinin elanı kimi səslənir”. Ancaq o bunu zarafatla demişdi. Retrospektiv baxanda düşünürəm ki, o zaman iştirakçıların hamısı da olmasa, çoxu Putinin sadəcə hirsini tökmək istədiyini və sabahdan yenidən işə fokuslana biləcəyimizi düşünmüşdü.

Retrospektiv baxanda bu, səhv idi. Çünki mən Putinin bunu səbr kasasının dolması haqda ciddi xəbərdarlıq kimi nəzərdə tutduğunu düşünürəm. Hesab edirəm ki, o vaxt o, Rusiyanın maraqları kimi anladığı şeyi qorumaq üçün tərəfdaşlıq və əməkdaşlıqdan imtina etməli, Qərbə …qarşı konfrontasiya yanaşması tutmalı olduğunu düşünməyə başlamışdı”, – İşinger söyləyir.

Putinin maraqlı partnyor kimi göründüyü vaxtlar

İşinger Putinin prezidentliyinin ilk illərində, 2000-2001-ci illərdə onunla bir neçə dəfə görüşdüyünü deyir: “Bir neçə dəfə Almaniya Kanslerini Putinlə görüş və müzakirələrdə müşayiət etmiş, ona məsləhətçilik etmişəm. O illərdə… Prezident Putin ən azı biz almanlara iş görmək üçün çox maraqlı partnyor kimi görünmüşdü.

Sizə bir nümunə göstərəcəyəm. Bəzi alman şirkətləri Rusiyada gəlirli iş görməyə imkan verməyən vergilərdən şikayətlənirdilər. Keçmişdə bu məsələləri Rusiya rəsmiləri qarşısında qaldıranda heç vaxt heç nə baş vermirdi. Məyusluq var idi. Almaniya Kansleri bunları Putinin qarşısında qaldıranda o deyirdi: “Hesab edin ki, bu məsələ həll olunub". Özü də bu prosesin yenidən nəzərdən keçirilməsi və həll yollarının tapılması üçün təlimat verirdi.

Başqa sözlə, bu ilk illərdə Putinin iş görən … adam olması təəssüratı yaranmışdı və bu çox maraqlıdır. Onun karyerasının lap başlanğıcında Almaniya Reyxstaqına gəlməsini və çoxlarının səmimi kimi qəbul etdiyi çıxışını da unutmayın. O çıxışında demişdi ki, mən Almaniya və Qərbi Avropa ilə sıx münasibətlər [qurmaq] istəyirəm. Ona görə də məncə, 2007-ci ildə liderlərin bunun Putinin davranışı, fəlsəfəsi və yanaşmasında yeni eranın başlanğıcı olduğunu anlaması çətin olmuşdu”.

“Bu, düzgün yanaşma hesab edilirdi”

“Bu gün Almaniyadakı müzakirələrdə o zaman nə qədər səfeh olduğumuzu iddia etmək çox asandır. Bizim hətta qaz anbarlarımızı Rusiyaya satacaq qədər səfeh olmağımız necə mümkün olub? Kiminsə onları satmaq qərarına gəlməsi necə mümkün olub? Bilirsiniz, o vaxt Berlində çox maraqlı nəzəriyyələr götür-qoy edilirdi. Onlardan biri bu idi: bir problem yaransa, rusların qazdan silah kimi istifadə etməsinin qarşısını necə alacağıq? Ağıllı səslənən çıxış yolu isə bu idi: biz rusları təkcə Sibirdən gələn yuxarı qaz kəmərinə deyil, neft və qazın emal olunaraq məhsula çevrildiyi aşağı qaz kəmərinə, yəni Qərbi Almaniya, holland tərəfinə də investisiya qoymağa dəvət edərik. Beləliklə, “Qazprom” bu kəmərlərin işlək olmasında, gəlir gətirməsində və s. maraqlı olacaqdı.

…10, 15, 20 il öncə bu, çox ağıllı ideya hesab olunurdu. Geriyə baxanda isə bizim nə qədər sadəlövh olduğumuzu deyə bilərik. Ancaq digər tərəfdən, o zaman Almaniya siyasətində o qədər də çox adamın qalxıb bunun səfeh ideya olduğunu deməsini də xatırlamıram. Geniş yayılmış sükut və hətta geniş yayılmış razılıq var idi. Ona görə də bu, düzgün yanaşma hesab olunurdu”, – diplomat sözlərinə əlavə edir.

“İnana bilmirəm ki, ... Medvedev həmin adamdır”

İşinger Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra Münxen konfransının rusiyalı qonaqlarına münasibətinin ciddi dəyişdiyini deyir: “Yenə bir misal çəkəcəyəm. 2008-ci il olardı, Prezident Putin prezidentliyi … (Dmitri) Medvedevə ötürdü. …Təkcə Almaniyada deyil, ABŞ və başqa yerlərdə də Medvedevin iş görülə bilən adam olması haqda düşüncələr var idi.

O zaman 2-3 il idi ki, kansler olan Angela Merkelin Medvedevlə Avropa təhlükəsizlik memarlığının daha hərtərəfli rekonstruksiyası ilə bağlı çox maraqlı müzakirəsi olmuşdu: Berlinlə Moskva, məsələn, Dnestryanı probleminin həlli üçün səy göstərə bilərmi və s. Elə görünürdü ki, Medvedev iş başında olduğu müddətdə biz bunu edə bilərik.

İndi, cənab Medvedevin son il ərzində ictimai şəkildə dediklərini görəndə inana bilmirəm ki, bu məni və Münxen Təhlükəsizlik Konfransından bir qrup lideri Moskva yaxınlığındakı rəsmi daçasına dəvət edən həmin adamdır. …Qonaqların arasında İsveçin keçmiş baş naziri Karl Bildt (Carl Bildt) kimi təcrübəli adamlar, başqa indiki və sabiq liderlər də var idi. O [dövr] tərəfdaşlıq imkanlarının açıldığı dövr kimi görünürdü”, – İşinger deyir.

XS
SM
MD
LG