Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:15

Bəxtiyar Hacıyevin şəxsi görüntülərini kimlər və niyə yayır...


Bəxtiyar Hacıyev gecə saatlarında başına torba keçirilib aparılmasından danışır
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Bəxtiyar Hacıyev gecə saatlarında başına torba keçirilib aparılmasından danışır (Arxiv)

Azərbaycanda ictimai fəalların, jurnalistlərin, müxalifətçilərin, onların ailə üzvlərinin şəxsi görüntülərinin icazəsiz əldə edilməsi və siyasi məqsədlərlə yayılması ilə bağlı şikayətlər tez-tez eşidilir. Zaman-zaman bəzən hətta hökumətin nəzarəti altında olan televiziya kanallarında bu kadrlardan istifadə edilərək verilişlər də hazırlanmışdı.

Bir neçə gündür isə sosial şəbəkələrdə hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin şəxsi həyatına aid məlumatlar, görüntülər paylaşılır. Orada onun bəzi xanımlarla yazışma və görüntüləri yer alır.

Konstitusiyanın 32-ci maddəsi

Halbuki Azərbaycan Konstitusiyasının 32-ci maddəsi şəxsi toxunulmazlıq hüququnu ehtiva edir. Bu, maddəyə görə, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Üstəlik, hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir.

E.Hacıyev
E.Hacıyev

DİN : Şikayət xarakterli müraciətlər daxil olub

Daxili İşlər Nazirliyindən (DİN) B.Hacıyevin şəxsi məlumatlarının yayılması ilə bağlı AzadlıqRadiosuna bildirilib ki, o, saxlanarkən Bakı Şəhər Baş Polis İdarəsinə vəkili ilə birgə dəvət edilib, üzərində hər hansı elektron daşıyıcı cihaz - mobil telefon, planşet, kompüter olmayıb, evində və ofisində axtarış aparılmayıb.

Qurumun Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev B.Hacıyevin şəxsi əşyalarına baxılması və yaxud köçürülməsi ilə bağlı iddiaları qəti olaraq təkzib edib. O qeyd edib ki, bu məlumatların haradan necə qaynaqlandığı, B.Hacıyevin onlara məxsus məlumatları arxivləşdirməsi ilə bağlı bir neçə qadından və onların ailə üzvlərindən şikayət xarakterli müraciətlər daxil olub.

R.Səfərov
R.Səfərov

"Zərər çəkən təkcə Bəxtiyar deyil"

"Müdafiə Xətti" hüquq müdafiə təşkilatının rəhbəri Rüfət Səfərov isə deyib ki, əslində hakimiyyət bu məsələ ilə bağlı araşdırma başlamalı idi: "Hakimiyyət araşdırmaya başlamalı idi, amma bu, edilməyib. Prokurorluq orqanlarına bu cinayət əməllərini araşdırmaq tələbi ilə müraciət olunacaq".

Onun sözlərinə görə, bu halda zərər çəkən təkcə Bəxtiyar deyil, həm də nüfuzu və ailələrinin rifahı zərbə altında olan bir çox digər insanlardır.

"Bəxtiyar dekabrdan etibarən həbsdədir, o, necə internetdə nə isə yaya bilərdi? Onun şəxsi məlumatları oğurlanıb və məhz onun nüfuzdan salınması məqsədilə yayılıb", - o vurğulayıb.

E.Nəsirov
E.Nəsirov

Deputat: "Tək Azərbaycanda deyil…"

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov isə "Turan"a bildirib ki, belə hallara tək Azərbaycanda deyil, ayrı-ayrı ölkələrdə də rast gəlinir: "Ümumiyyətlə, kibertəhlükəsizlik məsələlərinə indiki dövrdə xüsusi diqqətin ayrılması və beynəlxalq səviyyədə bir çox toplantıların məhz buna həsr olunması da göstərir ki, bu cinayət növünə qarşı mübarizə, bu mübarizənin əmsalı o qədər də ürəkaçan deyil".

Deputatın sözlərinə görə, Azərbaycan dövləti demokratik inkişaf yolunu seçib: "Hesab edirəm ki, dövlətimiz və onun müvafiq qurumları bu kimi halların qarşısının alınması və cinayətkarların cəzandırılması istiqamətində hər zaman addımlar atır".

Ə.Məmmədli
Ə.Məmmədli

"Kibercinayətkarlıqla mübarizə dövlətin öhdəliyidir"

Hüquqşünas Ələsgər Məmmədli də AzadlıqRadiosuna bildirib ki, kibercinayətkarlıqla mübarizə dövlətin öhdəliyidir və bununla bağlı hüquq-mühafizə orqanları konkret qanundan doğan məsələləri yerinə yetirməlidir: "Bu kibercinayətlər istər hüquqi, istər də fiziki şəxsə qarşı olsun, bunun araşdırma məsuliyyəti hökumətdə və onun qurumlarındadır. Bununla bağlı xeyli resurs da xərclənir, həm Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, həm Dövlət Təhlükəsizliyi Xidmətinin nəzdində xüsusi qurumlar da yaradılıb".

Ekspert qeyd edib ki, kiberhücumlar araşdırılmırsa və nəticə ortaya qoyulmursa, o zaman yeganə məsul tərəf yenə də həmin qurumların özləri olur: "Çünki həmin qurumlar araşdırmırsa, demək, araşdırmaq istəmir. Araşdırıb ortaya qoysaydı, o zaman cinayətkar ortaya çıxardı. Demək ki, işin içində cinayətkarların gizlədilməsi iradəsi var. Biz məşhur skandallarda gördük ki, Azərbaycanda çox bahalı ciddi sistemlər alınıb və hər cür yazışmaları izləmək mümkündür. İnfrastruktur imkanları varkən bunların araşdırılmaması ciddi şəkildə şübhəni həmin qurumların üzərinə aparır".

Ə.Oruclu
Ə.Oruclu

"Cəmiyyət kimi növbəti dəfə məğlub olduq"

Son günlər baş verənlərlə bağlı politoloq Ərəstun Oruclu isə yazıb ki, "cəmiyyət kimi növbəti dəfə məğlub olduq".

Onun fikrincə, çoxsaylı qruplar ən müxtəlif səbəblər göstərərək işdə qara piara dəstək verdi: "Deməli, metoddan istifadə də davam edəcək".

O hesab edir ki, cəmiyyət ilk növbədə onların yayılmasına, tirajlanmasına qarşı çıxmalıdır.

Xatırlatma

İctimai fəal Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs edilib. Bu ittihama səbəb olan insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib. O, ittihamla razı deyil.

Gənc fəalın həbsinə etiraz olaraq 51 gün aclıq aksiyası keçirdiyi və dünən, fevralın 28-də yaxınlarının təkidi ilə aksiyanı dayandırdığı bildirilir.

XS
SM
MD
LG