Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:05

Qarabağda erməni icması ilə danışıqlar aparacaq rəsmi bilinib


Xankəndi sakini: 'İşıq fasilələrlə verilir, amma ərzaq, az da olsa, gətirilir'
Gözlə

No media source currently available

0:00 0:02:46 0:00

Xankəndi sakini: 'İşıq fasilələrlə verilir, amma ərzaq, az da olsa, gətirilir'

Azərbaycan rəsmiləri bu gün, martın 1-də Qarabağda erməni icmasının təmsilçiləri ilə görüşüb.

Bu barədə rəsmi AZƏRTAC agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.

Xəbərə görə, görüş bu gün, martın 1-də Xocalı şəhərində, Rusiya sülhməramlı kontingentinin qərargahında baş tutub: "Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" QSC-nin mütəxəssislərindən ibarət... monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib".

Bildirildiyinə görə, görüş zamanı Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb. "Təmaslar davam etdiriləcək", - məlumatın sonunda vurğulanır.

Amma, hələlik, bu məlumata Qarabağ ermənilərinin təmsilçilərinin münasibəti bəlli deyil.

Ramin Məmmədov
Ramin Məmmədov

Qısa tanışlıq

Deputat Ramin Məmmədov da Qarabağdandır. O, 1979-cu ildə Ağdərə şəhərində doğulub, orta məktəbə isə Şuşa şəhərində gedib. 1985-1992-ci illərdə Şuşa şəhər 2 saylı orta məktəbdə oxuyub, şəhərin işğalından sonra təhsilini Bakıda davam etdirib.

Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib. 2013-cü ildə Harvard Universiteti Kennedi Dövlət İdarəetmə Məktəbinin təşkil etdiyi "İnkişaf edən liderlər" adlı xüsusi proqramın iştirakçısı kimi Harvard Universiteti sertifikatını alıb.

İndiyədək Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ildən etibarən 6-cı çağırış Milli Məclisin deputatıdır. Hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvüdür.

Qarabağdakı separatçı rejim Azərbaycanla müəyyən razılığa gəldiklərini deyir
Gözlə

No media source currently available

0:00 0:03:03 0:00

Daha əvvəl…

Fevralın 24-də Azərbaycanın Qarabağ bölgəsində azərbaycanlılarla ermənilər arasında görüş olduğu bildirilirdi. "Armenpress"in məlumata görə, müzakirələr nəticəsində Ermənistandan Qarabağa gələn qaz kəməri və hava-elektrik xəttinin təmiri ilə bağlı razılıq əldə olunub.

Əslində Azərbaycan rəsmiləri bundan əvvəl də bildiriblər ki, ölkə konstitusiyasına uyğun qaydada Qarabağda yaşayan erməni əhalisi ilə təmaslar qurmağa hazırdırlar. Lakin Prezident İlham Əliyev vurğulamışdı ki, separatçı qurumun dövlət naziri kimi təqdim edilən Ruben Vardanyan ilə danışıqlar aparılmayacaq. Azərbaycan rəsmiləri onun Rusiyadan göndərildiyini deyirlər. Bu yaxınlarda onun tutduğu vəzifədən kənarlaşdığı bildirilir. Vardanyan isə vəzifədən azad ediləndən sonra deyib ki, Qarabağda qalıb işləyəcək. "Bilirəm ki, mənim Artsaxda (ermənilər Qarabağı belə adlandırır) olmağımla bağlı təzyiqlər var, lakin qeyd edirəm ki, mən harasa getməyə hazırlaşmıram. Mən burada işləyəcəyəm", - "İnterfaks" xəbər verib.

Ötən il dekabrın 12-dən Laçın-Xankəndi yoluna toplaşıb özlərini ekofəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirdirlər. Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirlər. Ermənistan tərəfi isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və humanitar böhran yaratmaqda ittiham edir.

Simonyan: 'Hesab edirəm ki, Qarabağ məsələsi sülh sazişinə salınmamalıdır'
Gözlə

No media source currently available

0:00 0:02:47 0:00

Bugünlərdə, fevralın 28-də Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan da deyib ki, ölkəsi sülh müqaviləsinin imzalanmasına hazırdir. Spiker əlavə edib ki, onun fikrincə, Qarabağ məsələsi sülh müqaviləsinə salınmamalıdır, amma bu, Yerevanın Qarabağ ermənilərinin hüquqlarından imtina etməsi kimi başa düşülməməlidir.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma, hələlik, iki ölkə arasında sülh müqaviləsi imzalanmayıb.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG