Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:25

'Universitetin rektoru deyirdi ki, cadu eləyirsiz, xəstələnirəm'


Nurlana Əliyeva
Nurlana Əliyeva

Bakı Slavyan Universitetinin keçmiş rektoru, 12 il Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasına sədrlik etmiş Nurlana Əliyeva haqqında məhkəməyə məcburi gətirilmə qərarı icra olunmadı. Sabiq rektor fevralın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasına da gəlməyib.

Əliyeva 2016-2021-ci illərdə rəhbərlik etdiyi universitetin Əlavə və qiyabi təhsil şöbəsinin keçmiş müdiri Dürdanə Əliyevanın işi üzrə məhkəmədə dindirilmək üçün çağırılmışdı. Bu işi araşdıran hakim Əli Məmmədov bildirib ki, məhkəmə Dövlət Sərhəd Xidmətindən Nurlana Əliyevanın ölkə xaricində olması, bugünə qədər geri qayıtmaması haqda məlumat alıb.

Sabiq rektor təqsirləndirilən Dürdanə Əliyevanın vəkilinin qaldırdığı vəsatət əsasında məhkəməyə çağırılıb. Məhkəmə vəsatəti təmin edərək Əliyevaya məhkəmə bildirişi göndərib. Birinci dəfə o, könüllü şəkildə gəlməkdən imtina etdiyinə görə sonradan onun məcburi gətirilməsi (polis vasitəsilə) barədə qərar qəbul olunub.

226 min manatlıq mənimsəmə, dələduzluq, rüşvət verməyə təhrik kimi əməllərdə ittiham olunan keçmiş şöbə müdirinin ikinci ali təhsil alan tələbələrin verdiyi ödənişləri xəzinəyə köçürmədiyi, işə düzəltmək və başqa adlarla pul alıb aldatdığı iddia edilir. Cinayət işində yüzdən çox adamın təhsil haqqı kimi ödədiyi pulların ələ keçirilməsindən söhbət gedir.

Daha bir nəfər gətirilməli idi, ölkədə yoxdur

Təqsirləndirilən Əliyeva isə bu işləri tək görmədiyini, baş verənlərdən rektorun da xəbəri olduğunu deyir. Fevralın 20-də məhkəmədə məlum olub ki, o, bu haqda prezident və vitse-prezidentə məktublarında da yazıb, məhkəmədə işinə obyektiv baxılmasını, Nurlana Əliyevanın məsuliyyətə cəlb olunmasını istəyib. Həmin məktublar da məhkəməyə yönləndirilib. Təqsirləndirilən Əliyeva buna münasibət bildirərkən deyib ki, məhkəmənin gedişindən narazılığı yoxdur, araşdırmalar onu qane edir, amma Nurlana Əliyevanın gəlməsində israrlıdır.

Onun məhkəməyə çağırılıb dindirilməsində israrlı olduğu daha bir nəfər isə Milli Elmlər Akademiyasının keçmiş əməkdaşı Fərahilə Babayeva-Şükürovadır. Məhkəmə bu şəxsin də məcburi gətirilməsinə qərar verib. Lakin məlum olub ki, o da ölkədə yoxdur.

"Nurlana Əliyeva bizi ona cadu elətdirməkdə ittiham eləyirdi. Deyirdi ki, mənə cadu elətdirmisiz, xəstələnmişəm...", – Dürdanə Əliyevanın fevralın 20-də məhkəmədə dedikləridir.

Hər iki şəxs haqqında məcburi gətirilmə qərarı qüvvədə qalıb. Onlar ölkəyə qayıdanda məhkəmədə dindiriləcəklər. Məhkəmə isə cinayət işinin materiallarındakı sənədləri tədqiq edir.

Özünü qismən təqsirli bilir

Dürdanə Əliyeva özünü qismən təqsirli bilir. O, cinayət işinin materiallarında göstərilən əməlləri tək görmədiyini deyir. Onun sözlərinə görə, Nurlana Əliyeva da, hətta universitetin mühasibi də prosesin iştirakçısı olub. Lakin onlar Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan istintaq zamanı məsuliyyətdən kənarda saxlanılıblar.

77-yaşlı Nurlana Əliyeva 2016-cı ildə rektor vəzifəsinə təyin edilib. Tələbələrin şikayəti əsasında cinayət işi başlanandan və Dürdanə Əliyeva məsuliyyətə cəlb olunandan sonra bir neçə ay sonra – 2021-ci ilin iyununda o da rektor vəzifəsindən azad edildi.

Hələ Nurlana Əliyeva bu vəzifədə olduğu dövrdə onun da yeyinti hallarında rolu haqda iddialara cavab olaraq, universitet açıqlama yaymışdı ki, Dürdanə Əliyevanın əməllərinin araşdırılması üçün elə rektorun özü həm Baş Prokurorluğa, həm də Təhsil Nazirliyinə müraciət edib.

XS
SM
MD
LG