Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:42

Ukraynada qızğın döyüşlər davam edir


Güllə dəliyindən Baxmutdakı kilsə görünür
Güllə dəliyindən Baxmutdakı kilsə görünür

Rusiya qüvvələri Ukraynanın Donesk və Luhansk vilayətlərində çoxistiqamətli hücumlarını davam etdirir.

Ukrayna hərbiyyəsi bildirir ki, yanvarın 27-də ölkənin şimal, şimal-şərq və qərb əraziləri ağır artilleriya və raket zərbələrinə məruz qalıb.

Bu arada Ukrayna və onun Qərb müttəfiqləri Rusiyanın genişmiqyaslı hücum əməliyyatına hazırlaşdığını deyirlər.

Вloomberg agentliyi Kremldəki mənbələrə istinadən yazır ki, Putin Ukrayna üzərinə yeni genişmiqyaslı hücumu fevral-mart aylarına planlaşdırıb.

Həmin mənbələr bildiriblər ki, Kreml ABŞ və onun müttəfiqləri ilə uzunmüddətli qarşıdurmaya hazırlaşır.

Hücumlar dəf edilir

Bu da xəbər verilir ki, Ukrayna qoşunları yanvarın 27-də Donetsk və Luhansk istiqamətində rusiyalıların 11 həmləsini dəf ediblər.

Ukraynanın raket və artilleriya atəşinə tutulması nəticəsində son 24 saatda azı 11 nəfər həlak olub. Ukrayna Rusiya raket və mərmilərinin böyük əksəriyyətini göydə vurmaqda davam edir.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir:

"Müdafiə qüvvələrimiz son bir gündə Luhanskdakı Ploşanka, Nevske və Çervonopopivka, Donetskdəki Verxnokamyansk, Paraskoviyka, Baxmut, Kleşşeyevka, Vodyanı, Nevelske, Maryinka və Vuqledar məntəqlərində işğalçıların hücumlarını dəf edə biliblər”.

Rusiya raketlərə qənaət edir

Bu da xəbər verilir ki, Rusiyanın hərbi hava qüvvələri yanvarın 26-dan 27-ə keçən gecə Kiyev və Zaporojyedəki infrastruktur və mülki enerji obyektlərinə X-47 Kinjal tipli raketlərlə zərbələr endirib.

Bu məlumatı milli telemarafonun efirində Ukrayna hərbi hava qüvvələrinin sözçüsü Yuri İqnat verib.

Onun sözlərinə görə Rusiyanın bu tip raketləri çox deyil:

"Onlar bu raketlərə onlar üçün hədəf olan daha starteji obyektlərə zərbələr endirmək üçün qənaət edirlər. Bu dəfə belə obyektlərdən biri Zaporojyedə, digəri isə Kiyevdəki həyati infrastruktur obyektləri olub. Onların strateji məqsədi budur: Kiyevin bir rayonunu işıqsız qoymaq”.

"Əslində Iskander raketləridir"

Yuri İqnat bunu da deyib ki, Moskva Kinjal raketlərini hipersonik adlandırır, amma bu, əslində təyyarələrdən atılmaq üçün modifikasiya edilmiş Iskander raketləridir.

Bu raketlər ballistik trayektoriya ilə uçurlar. MiG-31K qırıcıları onları atmosferin üst qatlarına çıxarır və oradan atırlar. Bu səbəbdən raketlərin uçuş sürəti artır.

Ukrayna Silahlı Qüvvələrinin belə raketləri vurmaq üçün hələki xüsusi vasitələri yoxdur.

Bu arada Britaniya kəşfiyyatı bildirir ki, Rusiyanın bəyanatlarına baxmayaraq onun ordusu Uqledar və Orexovo ətrafında xüsusi bir uğur qazana bilməyib.

Kəşfiyyatın məlumatına görə son günlərdə Rusiya KİV-ləri Rusiya ordusunun guya bu istiqamətdə cəbhəni yardığını xəbər vermişdilər.

Britaniya kəşfiyyatıın məlumatına görə Rusiya birləşmələri bu rayonda lokal hücum əməliyyatları keçiriblər, amma onların hansısa uğur əldə etməsi çox az ehtimal olunur.

Kəşfiyyat bildirir ki, böyük bir ehtimalla Rusiya mediaları belə informasiyaları yaymaqla cəbhənin heç olmasa hansısa sektorunda uğur qazanıldığı barədə təəssürat yaratmağa çalışırlar.

XS
SM
MD
LG