Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:34

ABŞ və Almaniya Ukraynaya tanklar göndərilməsinə qərar verdi


Kansler Olaf Şolts Ukraynaya Leopard 2 tanklarının göndərilməsi barədə qərarı yanvarın 25-də Bundestaqda elan edib
Kansler Olaf Şolts Ukraynaya Leopard 2 tanklarının göndərilməsi barədə qərarı yanvarın 25-də Bundestaqda elan edib

ABŞ prezidenti Co Bayden (Joe Biden) yanvarın 25-də Birləşmiş Ştatların Ukraynaya 31 ədəd M1 Abrams ağır tanklarının göndəriləcəyini bəyan edib.

Prezident xatırladıb ki, ABŞ indiyədək Ukraynaya yüzlərlə vahid zirehli texnika çatdırıb.

O qeyd edib ki, ötən həftə Ramştaynda keçirilən müşavirədə elan olunduğu kimi Vaşinqton Ukraynaya daha 500-dək zirehli texnika göndərməyi planlaşdırır.

Bayden vurğulayıb ki, Abrams tankları dünyanın ən qüdrətli zirehli maşınlarıdır. O əlavə edib ki, bu tanklara xidmət göstərilməsi və onlardan istifadə xeyli mürəkkəbdir.

Prezidentin sözlərinə görə Ukraynaya bu tanklara xidmət üçün lazım olan ehtiyat hissələri və alətlər də veriləcək.

Bayden bildirib ki, Abrams tankları ilə işləyəcək Ukrayna hərbçiləri ayrıca təlim keçəcəklər.

2017-ci ildə Rumıniyaya Abrams tanklarının göndərilməsi (Arxiv fotosu)
2017-ci ildə Rumıniyaya Abrams tanklarının göndərilməsi (Arxiv fotosu)

Bununla belə tankların Ukraynaya nə vaxt çatdırılacağı barədə hələki dəqiq məlumat yoxdur.

ABŞ prezidenti bildirib ki, Ukraynaya Abrams tankları artıq indiyədək azad etdikləri ərazilərin saxlanması və əks-hücum üçün lazımdır:

“Öz ərazilərini azad etmək üçün onlar Rusiyanın təkamül prosesində olan taktika və strategiyasını qısa müddətdə döyüş meydanında dəf edəcək imkanlara malik olmalıdırlar”.

Ağ Ev administrasiyasının vəzifəli rəsmisi brifinq zamanı bildirib ki, M1 Abrams tankları Ukraynaya nəinki daha yaxşı müdafiə imkanı verəcək, həm də Kiyevin işğal olunmuş ərazilərini geri qaytarmasına şərait yaradacaq.

Almaniyanın 180 dərəcə dönüşü

Almaniya hökuməti Kiyevin dəfələrlə səslənən çağırışlarına cavab olaraq nəhayət yanvarın 25-də Ukraynaya Leopard 2 tanklarının göndərilməsi, habelə cəbbəxanasında bu tanklardan olan partnyor ölkələrə onların təkrar ixracı üçün icazə verilməsi barədə qərar qəbul edib.

Bəzi xəbərlərə görə ABŞ da Ukraynaya Abrams tanklarnın verilməsi barədə qərarın qəbuluna çox yaxındır.

Qərb müttəfiqlərinin siyasətində 180 dərəcə dəyişikliyi ehtiva edən bu qərardan məqsəd Ukraynada gedən müharibədə qüvvələr balansının Kiyevin xeyrinə dəyişdirilməsidir.

Ukrayna yanvarın 25-də öz qüvvələrini Donbasdakı Soledar şəhərindən tamamilə çıxardığını bəyan edib.

Almaniya hökumətinin bəyanatında deyilir ki, Almaniyanın öz cəbbəxanasından Ukraynaya Leopard 2 tanklarının iki batalyonu, başqa sözlərlə 14 tank göndəriləcək.

"Tank addımı"

Ukrayna prezidenti administrasiyasının rəhbəri Andrey Yermak Berlinin bu qərarını alqışlayaraq “ilk tank adımı atıldı” deyib.

O ümid etdiyini bildirib ki, bu addım Avropa İttifaqında Ukraynaya yardım edəcək “tank koalisiyasının” yaranmasına yol açacaq.

Bəyanatda deyilir ki, bu tankları işlətmək üçün Ukrayna hərbçilərinə təlim verilməsinə tezliklə başlanacaq və Berlin Ukraynaya bu tanklar üçün sursat və logistika dəstəyi də verəcək.

Kanlser Olaf Şolts bu qərarı Bundestaqda elan edib və bir sıra deputatların çox sərt suallarına cavab verməli olub.

"Təşəkkür, kansler Olaf Şolts!"

Almaniyaya Ukraynaya bu tankların verilməsi üçün ən çox təzyiq göstərən Polşanın baş naziri Mateuş Moravetski Şoltsa bu qərar üçün təşəkkürünü bildirib.

O bu barədə Twitter-də yazıb:

“Təşəkkür kansler Olaf Şolts. Ukraynaya Leopard tanklarının göndərilməsi qərarı Rusiyanı dayandırmaq yolunda çox böyük addımdır”.

Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev Berlinin qərarına acıqlı reaksiya verib və deyib ki, bu, “olduqca təhlükəli addımdır”:

"Bu son dərəcə təhlükəli qərar münaqişəni qarşıdurmanın yeni mərhələsinə qaldırır və Almaniya siyasətçilərinin Almaniyanın bu məsələyə müdaxilə etmək istəmədiyinə dair bəyanatlarına ziddir. Almaniya da, özünün yaxın müttəfiqləri kimi Ukraynadakı böhranın diplomatik yollarla həllində maraqlı deyil və daimi eskalasiyaya və Kiyevin hüdudsuz şəkildə daha ölümcül silahlarla təchizatına meyllidir”.

Moskvada Kremlin sözçüsü Dmitri Peskov deyib ki, tankların göndərilməsi də daxil Qərbin siyasi qərarları Avropada, habelə bütün dünyada “çox gərgin” təhlükəszilik problemi yaradır.

Ukrayna hərbçiləri ön cəbhədə sığınacaq kimi xüsusi metal çənlərdən istifadə edəcəklər
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

ABŞ-dan qərar gözlənilir

Bu arada ABŞ mediasının xəbərlərində deyilir ki, prezident Co Bayden (Joe Biden) Ukraynaya Abrams tanklarının göndərilməsi barədə qərarı elə bugün, yanvarın 25-də elan edə bilər.

Bu tankların Ukraynaya nə zaman çatdırılacağına dair dəqiq məlumatlar yoxdur.

ABŞ rəsmiləri bundan əvvəl Abrams tanklarının müharibənin bu mərhələsi üçün münasib olmadığını, Abrams tanklarına xidmətin və hərbçilərə veriləcək təlimin çox məsrəfli olduğunu deyirdilər.

Lakin Avropada təzyiq altında olan Almaniya kansleri Olaf Şolts deyirdi ki, Ukraynaya Leopard 2 tanklarının göndərilməsinə yalnız ABŞ öz tanklarını göndərərsə qərar verilə bilər.

Britaniya artıq Ukraynaya öz istehsalı olan Challenger 2 tanklarını göndərəcəyini bildirib.

İspaniya da Berlinin qərarından sonra Ukraynaya Leopard tankları göndərməyə hazır olduğunu bəyan edib.

XS
SM
MD
LG