Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:15

WP: MKİ rəhbəri Zelenski ilə gizli görüş keçirib


Uilyam Börns
Uilyam Börns

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ- CIA) direktoru Uilyam Börns (William Burns) ötən həftəsonu Kiyevə gedərək Ukrayna Prezidenti Volodimir Zelenski, ölkə kəşfiyyatının rəhbərliyi ilə görüşüb. Bu haqda “The Washington Post” mənbələrə istinadla yazır.

Qəzetin müsahiblərinin dediyinə görə, Börns Zelenskiyə Rusiyanın Ukraynadakı hərbi planları haqda məlumat verib.

Qərbin dəstəyinə bel bağlamaq olarmı

Amerika kəşfiyyatı və Qərb təhlilçiləri Moskvanın yaxın həftələrdə, yaxud aylarda yeni hücuma hazırlaşdığını istisna etmirlər. Onların Ukrayna ordusunda döyüş sursatının tükənməsindən yararlanacağı bildirilir.

Zelenskini ən çox o maraqlandırıb ki, Ukrayna ABŞ tərəfinin, Qərb ölkələrinin dəstəyinə nə qədər bel bağlaya bilər, mənbələr belə deyiblər. Belə ki, ABŞ Nümayəndələr Palatasına nəzarət demokratlardan respublikaçılara keçib, amerikan elektoratının bir qisminin Ukraynaya dəstəyi azalıb, qəzet qeyd edir.

Qəzetin yazdığına görə, Börns döyüş meydanından vəziyyətin təcili olduğunu vurğulayıb, hansısa anda yardım almağın çətin olacağını etiraf edib.

45 milyard dollarlıq paket

Zelenski və köməkçiləri görüşdən elə bir təəssüratla çıxıblar ki, Bayden administrasiyasının Kiyevə dəstəyi güclü olaraq qalır, dekabrda konqresin Kiyevə 45 milyard dollarlıq yardım paketi isə azı iyul, yaxud avqustadək bəs edə bilər.

Börns ötən ilin oktyabrında və noyabrında da Kiyevdə olub.

Noyabrda MKİ direktoru Ankarada Rusiya Xarici kəşfiyyat xidmətinin başçısı Sergey Narışkinlə görüşüb. Rusiya ötən ilin fevralında Ukraynaya hücuma başlayandan bəri bu, iki ölkə arasında ən yüksək səviyyədə təmas idi. Tərəflər Rusiyanın nüvə təhdidlərini müzakirə etmişdilər.

Bu səfər Ukraynadakı müharibədə kritik dönəmə təsadüf edir. Rusiya qüvvələri Baxmut şəhəri yaxınlığında böyük hücuma keçiblər, hər iki tərəf ağır itkilər verir.

XS
SM
MD
LG