Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:20

AzadlıqRadiosu Latviyada büro açır


Ceymi Flay (sağda) və Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Vilnüs bürosunda
Ceymi Flay (sağda) və Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Vilnüs bürosunda

AzadAvropa/AzadlıqRadiosu (RFE/RL) Rusiyanın dezinformasiya və senzura kampaniyası ilə mübarizənin tərkib hissəsi olaraq Latviyanın paytaxtı Riqada yeni büro açıb.

AzadlıqRadiosunun Prezidenti Ceymi Flay (Jamie Fly) Latviyaya təşəkkür edərək deyib ki, “Rusiyanın məkrli təsirilə birlikdə işləyəcəyimiz, hələ də azadlıqlarından məhrum edilənlərə ümid verə biləcəyimiz üçün həyəcan hissi keçiririk”.

Latviya Prezidenti Egils Levits, ABŞ-ın Latviyadakı səfiri Con Karvil (John Carwile) və digər vəzifəli şəxslərin büronun açılışında iştirak edəcəyi bildirilib.

Rusiya dezinformasiyasına qarşı

AzadlıqRadiosunun “Amerikanın Səsi” ilə birgə rusdilli “Current Time” xəbər platformasının bu büroda yerləşəcəyi gözlənir.

Riqa ofisi radionun ən böyük xəbər mərkəzlərindən birinə çevriləcək, rusdilli kontent, o cümlədən araşdırmalar, qeyri-xəbər proqramları, eləcə də “Current Time”ın səhər şousu burada hazırlanacaq.

Büroda Baltik ölkələrinin, daha geniş Avropanın, digər ölkələrin izləyiciləri üçün rusdilli materiallar ərsəyə gətiriləcək. Baltik regionunu əhatələyəcək gündəlik xəbər proqramının məqsədi vaxtilə Sovet İttifaqının tərkibində olmuş, hazırda Avropa İttifaqı (Aİ) və NATO üzvləri olan bu üç ölkə haqda Rusiyanın dezinformasiyasının qarşısını almaqdır.

Rusiyada ofislər bağlanıb

AzadlıqRadiosu 2022-ci ilin martında Rusiyada ofislərini bağlayıb. Moskva ötən ilin fevralında Ukraynaya qarşı əsassız müharibəyə başlayandan müstəqil media orqanlarının çoxu ya qapadılıb, ya da hökumətin təzyiqi altında ölkədən gedib.

Radio yanvarın 10-da Litvanın paytaxtı Vilnüsdə də yeni ofis açıb. Məqsəd Belarusda rus və belarusdilli auditoriyaya dövlət propaqandasına, avtoritar lider Alyaksandr Lukaşenkanın senzurasına qarşı kontent təqdim etməkdir.

Müstəqil redaksiya siyasəti yürüdən AzadAvropa/AzadlıqRadiosu ABŞ Qlobal Media Agentliyi (USAGM) vasitəsilə ABŞ Konqresindən maliyyələşir. Radio 23 ölkəyə 27 dildə informasiya yayır. Həmin ölkələrdə media azadlığı məhdudlaşdırılır, peşəkar jurnalistika yaxşı inkişaf etməyib.

XS
SM
MD
LG