Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:39

Senzura dövründə rusiyalıların ‘gözünü açmağa çalışan’ jurnalistlər


Anton Rubin
Anton Rubin


Rusiya prezidenti Vladimir Putinin de fakto müharibə dövrü senzurası tətbiq etdiyi zamanda rusiyalı müstəqil jurnalistlər çarəsiz duruma düşüblər.

“Gündə 12 saat işləməyinə baxmayaraq, müharibəni dayandırmaq üçün heç bir şey edə bilmədiyini, yaxud heç nəyi dəyişə bilmədiyini görəndə bəzən özünü çarəsiz hiss edirsən. Digər tərəfdən, görürəm ki, Perm regionunda on minlərlə insan müharibəyə qarşıdır. Əgər işimizi dayandırsaq, onlar tək qalacaq, senzurasız informasiya ala bilməyəcəklər”, – “Perm 36.6” “Telegram” kanalının baş redaktoru Anna Jukova deyir.

Putin hökuməti illərlə fərqli düşüncəni boğmaqla məşğul olub. Ukraynaya hücumdan öncəki aylar ərzində bu təzyiqlər daha da intensivləşmişdi. Hücumun başlanmasından bəri qəbul edilən yeni qanun “Rusiya Federasiyası silahlı qüvvələrini diskreditasiya edən” informasiyanın yayılmasını kriminallaşdırıb.

Artıq bu qanun əsasında 300-dən artıq cinayət işi açılıb və qısamüddətli həbslər və cərimələr şəklində 5 mindən artıq inzibati cəza verilib. Bu məlumatı Rusiyada repressiyaları monitorinq edən “OVD-Info” təşkilatı yayıb. Təşkilat Rusiyada hökumətin Ukraynaya hücumun başlanmasından bəri azı 19 min 443 nəfəri müharibəyə qarşı ifadələrə görə həbs etdiyini bildirir.

Davam etməyə səbəb

"Bəzən baş verməkdə olan fəlakətin ağırlığı üstümüzə çökür. Ancaq bu, əl-qolunu aşağı salıb təslim olmaq üçün səbəb deyil. Bu, gücünü toparlayıb davam etmək üçün səbəbdir. Uzun yollar xırda addımlarla qət edilir”, – “Akbuzat” adlı “Telegram” kanalının anonimlik şərtilə danışan təsisçisi deyir. “Akbuzat” Başqırdıstanda baş verən hadisələri, xüsusilə də müharibənin region sakinlərinə təsirini işıqlandırır.

Rusiya hökumətinin təqiblərinin güclənməsindən sonra onlarla müstəqil, sosial media əsaslı informasiya layihəsi meydana gəlib. Onların çoxunu həbs təhlükəsinə görə ölkəni tərk etmiş jurnalistlər idarə edir. Onlar AzadlıqRadiosuna müsahibələrində əsasən vicdanlarının səsini dinlədiklərini və əsas missiyalarının rusiyalıları dövlətin nəhəng müharibə təbliğatı qarşısında tək qoymamaq olduğunu deyirlər.

“Özümüz üçün başlamışdıq”

“Razvorot” adlı “YouTube” kanalını Samaradan jurnalistlər Anton RubinDarya Litvişko idarə edirlər. Onlar əvvəllər şəhərin liberal “Exo Moskvı” radiostansiyasında səhər şousunu aparırdılar. Kanal hökumətin müharibə ilə bağlı senzurasına tabe olmaqdan imtina etdiyindən efirdən yığışdırılıb.

"Hər şey bağlandı və biz vakuumda qaldıq. Qərara gəldik ki, işimizi davam etdirək və internetdən də olsa bunu etdik”, - Azadlıq Radiosunun “Idel.Realii” xidmətinə danışan jurnalistlər deyir.

İlk vaxtlar auditoriyanın kiçik olması jurnalistləri narahat etməyib. “Biz hər şeydən əvvəl özümüz üçün başlamışdıq. Bir növ psixoterapiya kimi”, – Rubin deyir.

Müharibəyə gedən pullara neyləmək olardı

“Razvorot” digər innovasiyalarla yanaşı “V qlaza posmotret” (“Gözünün içinə baxmaq”) adlı həftəlik proqram da yaradıb. Kanal burada müharibənin birbaşa təsirinə məruz qalmış insanlarla detallı söhbət edərək baş verənləri auditoriyaya göstərir.

Kanal müntəzəm olaraq Rusiyanın hücumlarda istifadə etdiyi raket və dronların sayı və qiyməti barədə xəbər verir və bu pula Samara sakinləri üçün nələr edilə biləcəyindən danışır.

"Həmin pul iqtisadiyyat və təhsilə qoyulsaydı, 5-10 ilə nəhəng dəyişikliklər olar, uşaqlarımız çiçəklənən cəmiyyətdə yaşaya bilərdilər. Əvəzində isə onlar təzminat ödəməli olacaqlar. Müharibə indimizi və gələcəyinizi əlimizdən alır. …Üstəlik, təbliğatçıların öz müharibələrini necə apardıqlarını nəzərə alsaq, onlar keçmişimizi də əlimizdən alırlar", – Rubin deyir.

Televiziyanın demədiklərini danışmaq

“Perm 36.6” “Telegram” və “YouTube” kanalları 2021-ci ilin yayında həbsdə olan müxalif siyasətçi Aleksey Navalnının hərəkatının repressiyaya məruz qalan Perm qanadının fəalları tərəfindən yaradılıb. Onlar Rusiyanı tərk etməli olsalar da, bütün medianın regionun qubernatorunun əlində olduğu Permlə əlaqələrini davam etdirmək qərarına gəliblər.

"Qərara gəldik ki, insanlara televiziyanın demədiyi şeyləri danışaq”, – redaktor Jukova söyləyir.

Putinin hücumundan sonra isə kanal məhsuldarlığını kəskin artıraraq hər gün müharibə və onun Perm regionuna təsiri, o cümlədən Qərbin misli görünməmiş sanksiyalarının nəticələri haqda 20-30 post paylaşmağa başladı. Kanalın ən populyar postları arasında "Nə üçün ordunun paltarı yoxdur” və “‘Vahid Rusiya’ üzvləri öz oğullarını necə qoruyur” adlı başlıqlar da var.

Kanal Perm regionunda səfərbər olunan əsgərlərin etiraz aksiyaları haqda da xəbərlər verir.

“Əgər Ukraynada baş verənlər barədə yazmasaydıq...”

“Serditaya Çuvaşiya” (“Qəzəbli Çuvaşiya”) adlı “Telegram” kanalı da Navalnının təqibə məruz qalan təşkilatının qalığı kimi yaranıb. Fəal Semyon Koçkin dövlətin təzyiqi ilə Rusiyanı tərk etdikdən sonra bu layihəni əvvəlcə Çuvaşiya üçün "apolitik” yerli xəbər kanalı kimi təsis edib.

"Ancaq hücumun başlanmasından sonra bir ay da işləyib başa düşdük ki, daha çox iş görməliyik. Əgər Ukraynada baş verənlər barədə yazmasaydıq, auditoriyamız dövlət təbliğatına inanmağa başlayacaqdı və onları itirəcəkdik. Qısası, şərait bizi bu müharibə əleyhinə layihəyə gətirib çıxardı”, – Koçkin deyir.

Kanal regionda səfərbər edilən əsgərlərin və onların ailələrinin problemləri haqda materiallar, öldürülən əsgərlərin müəlliflərin araşdırmaları və digər mənbələr sayəsində ortaya çıxarılan siyahılarını dərc edir. Qərb mənbələri Rusiyanın Ukraynada 20 mindən 25 minədək əsgərinin öldüyünü bildirsə də, Kreml sentyabrda bu sayın 5937 olduğunu deyib.

Koçkin hələ də ilin-günün bu vaxtı belə bir müharibənin baş verdiyinə inanmağa çətinlik çəkdiyini söyləyir: "Adamların onu dəstəkləməsi isə bundan da təəccüblüdür. Məncə, bu kanalın əsas işi bu cür insanların sayının azalmasına, onların gözlərinin açılmasına çalışmaqdır”.

XS
SM
MD
LG